Bəyin həlim xanımı-  Elçibəyin həyat yoldaşının son zəngi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 14 İyun 2019 19:42

 

Əslində bu gün 80 min 514 nəfərin və onların arasında orta məktəbin buraxılış sinfini bitirən oğlum Rəsulun son zəngindən yazacaqdım. Bir ana kimi bu günü gözləmişdim çünki. Amma təəssüratlarımı bölüşməyə hazırlaşanda Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın Türkiyədə vəfat etməsi xəbərini oxudum. O Həlimə xanım ki, 1992-1993-cü illərdə ölkənin birinci xanımı olub və sadə azərbaycanlı bu birinci xanımın üzünü bircə dəfə də olsun görməyib.  Niyə? NƏ səbəbə? Bu sualın cavabı mənim kimi yəqin çoxlarınızı da  zaman-zaman maraqlandırıb.  Baxmayaraq ki, şəxsən mənim  bunu onun özündən soruşmaq imkanım da olub. Onda  “Azadlıq” qəzetində işləyirdim və bir  ” Varis” rubrikam vardı. O rubrikada bir dəfə qonağım Əbülfəz Elçibəyin qızı Çilənay idi. Evlərinə getmişdim və  bu həlim xanım, Həlimə xanım qabağımıza çay gətirmişdi. Haçansa prezident xanımı olduğunu  unudaraq, haçansa onun qabağına çay gətirdiklərini yada salmamağa çalışaraq, haçansa….

Əlbəttə bu nöqtələrin yerini daha yüz belə cümlələrlə doldurmaq olardı. Amma ehtiyac görmürəm. Eynən o vaxt Həlimə xanımdan niyə ictimaiyyətə açıq olmamasının səbəbini soruşmağa ehtiyac görmədiyim kimi. Bəlkə də ona görə soruşmamışdım ki, bu mövzunu rəhmətlik Bəy özü mətbuat üçün birdəfəlik qapatmışdı. Belə bir açıqlaması ilə. Sitat. “Bir sıra dövlət xadimlərinin xanımları ərlərinin fəaliyyətində fəal iştirak edir. Rəhmətlik Hacı Zeynalabdin Tağıyev Qız məktəbini ona görə açmışdı. Mirzə Cəlil də Həmidə xanımı buna görə axtarıb tapmışdı və ailə qurmuşdu. Bu cür ailələr bir-birinə çox böyük yardım edirlər.Amma elə insanlar var ki, bundan ya faydalanmır, ya taleyi gətirmir, ya gətirir, dəxli yoxdur. Bizdə elə şey yoxdur. Ailəmin mənim siyasətimə müdaxilə etməyə qəti ixtiyarı yoxdur.  Mən imkan vermərəm ki,ailə mənim  siyasətimə qarışsın. Ola bilsin ki, belə məsələlərdə mühafizəkaram. ” Sitatın sonu.

Doğrudanmı ən böyük demokrat saydığımız Elçibəyin belə mühafizəkar tərəfləri də vardı? Vardı. Məsələn, o bir ata kimi qızının toyunda iştirak etməmişdi. Qızını Quranın altından keçirmiş, xeyir-dua vermiş, amma  toya getməmişdi. Yəni mühafizəkar olmağına mühafizəkardı.  Bəs qadınından danışarkən ”  elə adamlar var ki, taleyi gətirmir” deyəndə necə,  Həlimə xanımın istimai statusunun aşağı olmasına diqqət çəkmək istəmirdimi?  Ola bilərdi. Çünki, Həlimə xanımın natamam  təhsili vardı.  İkinci bir tərəfdən, Əbülfəz bəy onunla sevərək evlənməmişdi. Hətta eşitdiyimə görə, 1 illik prezidentliyi dövründə Bəy prezident iqəmətgahında, Həlimə xanım isə uşaqları ilə birlikdə Almurad Ağanın Yasamaldakı evində qalıblar. Yəni, daha da konkretləşdirsək, Həlimə xanım nəinki birinci xanım, ümumiyyətlə xanım olmayıb.  Hər halda bu mənim eşitdiklərim əsasında gəldiyim qənaətdir. Amma dostlarımdan başqa söz də eşitmişəm. Məsələn jurnalist həmkarım Aygün Muradxanlı Kələkidə onlarda qonaq olmuşdu və  deyirdi ki, Həlimə xanımı çoxları sadə kənd qadını sayırdılar, amma qətiyyən belə deyildi.” Əla xanım idi, məlumatlı xanım idi, zabitəli idi”. Məndən fərqli olaraq Aygün Həlimə xanımdan soruşmuşdu da ki, bəs deyirlər Bəy sizi proseslərdən kənarda saxlayıb, sizinlə heç nəyi bölüşməyib? Deyir cavabı belə oldu ki, o zaman sənə danışdıqlarımı səncə mənə kim danışa bilərdi Bəydən başqa? Hər halda, həmkarımın təbirincə desək, ailə onun arxa bağçası idi. Və bu gün bu bağçanın gülü soldu. Həm də Elçibəyin prezident  postunu qoyub  Kələkiyə getdiyi  tarixin 26-cı ildönümünə 3 gün qalmış…

Çox istəyərdim ki, özündən sonra xatirələrini qoyub gedəydi.  Məsələn, oxucu İran şahı  Rza Pəhləvini həyat yoldaşı Fərəh Diba Pəhləvinin memuarlarından bir başqa yöndən tanımışdı. Həlimə xanım da bizə başqa bir Elçibəyi tanıda bilərdi. Bu həm də onu tarixdə saxlayan  bir hadisə olardı.

Nur içində yat, Bəyin həlim xanımı.

Ləman Ələşrəfqızı

Xüsusi olaraq,

“Gununsesi” üçün