“Babam bəlkə də zəhərlənərək öldürülüb” – Kazımbəyli və Xoyskinin İtaliyadakı biznesmen varisi (FOTOLAR)

  • By admin
  • 29 Noyabr 2019 12:22

“Ailəmin tarixi kökləri ilə bağlı məlumat öyrənmək üçün Azərbaycana gedəcəyəm”

“Atamın ailəsi müsəlman olsa da, mənim xristian dininə ibadət etməyim barədə qərar verdi”

“Şirkətim  Kazımbəyin adını daşıyır: K-BEK”

“Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir”

 

Hafiztimes.com saytı Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı araşdırmalarınndan daha birini yayımlayıb. Gununsesi.org Cahangir Kazımbəylinin varisi ilə edilən həmin müsahibəni sizə təqdim edir:

 

Cahangir bəy Kazımbəyli –Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq Gəncədə başlayan üsyanın rəhbərlərindən biri. Dərin hərbi biliyə malik olan polkovnik. 1888-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə qayıdıb. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb, özü doğma şəhərinə qayıdıb, mübarizəyə başlayıb və Gəncə üsyanına başçılıq edib. 1920-ci ilin mayında bolşeviklərin hakimiyyəti ələ aldığını eşidən günü həm Gəncədə XI Orduya, həm də “Yelendorf” (indiki Göygöl) tərəfdən gələn daşnak və bolşevik qüvvələrinə amansız zərbələr vurub.

 

 

May ayının 24-dən 25-nə keçən gecə artıq şəhərdəki bolşevik ordusunu tərksilah edib, burada hakimiyyəti ələ alıb. Bir qədər sonra qiyamın yatırılacağını hiss edən C. Kazımbəyli bədbinləşməyib, əksinə nikbinliklə deyib: “Qoy biz məğlub olaq, lakin qoy düşmən də öz qələbəsinə yüzlərlə, minlərlə meyitlərin üzərindən addımlayıb keçsin. Qoy 28 may günü tariximizə təkcə müstəqilliyimizin elan olunduğu bir gün kimi yox, həm də vətən mehrabında böyük qurbanlar günü kimi həkk olunsun. Qoy 28 may günü düşmən amansız müqavimətlə qarşılaşsın. 28 may gününün ləyaqətli müqaviməti bizim mənəvi qələbəmizi sübut etsin”. Düşmənlər qədim Gəncəni bir həftə artilleriya və pulemyot atəşinə tutublar. Minlərlə itki verdikdən sonra artıq müqavimətin mənasız olduğunu görən Cahangir bəy və silahdaşları 5 iyun gecəsi döyüş mövqelərini tərk ediblər. Bundan sonra C. Kazımbəyli canından artıq sevdiyi doğma vətənindən mühacirət etmək məcburiyyətində qalıb.  Bir müddət sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub.

 

 

“Prometey” cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Valiyə xanım Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edib, “Azəri-türk” dərnəyini yaradıblar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal olunanda əsir düşüb. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə İtaliyada yaşayıb. Yenidən İstanbula gəlib, ağır güzəran keçirdiyindən Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunu ilə əməkdaşlıq edib. Cahangir bəy Kazımbəyli  AXC liderilərindən biri olan Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə qurub. Abbas, Mustafa, Əli bəy adlı oğulları dünyaya gəlib.

HafizTimes.com bir neçə il davam edən axtarışdan sonra nəhayət ki, Cahangir bəy Kazımbəylinin İtalyada yaşayan varisini tapıb, həmsöhbət olmağa çalışıb. İtalyada biznes sahəsində böyük uğurlar qazanmış Daniel Kazımbəy eksklüziv müsahibəsində Kazımbəyli-Xoyski ailəsi ilə bağlı uzun illər gizli qalmış məqamlara aydınlıq gətirib, Gəncə-Azərbaycanla bağlı fikirlərini ifadə edib. Daniel Bəy ailəsinin fotolardan ibarət şəxsi arxivini də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq HafizTimes.com-a təqdim edib:

 

 

Daniyel Kazım Bəy – 1962-ci ildə Roma şəhərində dünyaya gəlib. Romadakı La Sapienza Üniversitetində İqtisadiyyat üzrə təhsil alıb.  Daha sonra Milandakı Bocconi Üniversitetində Biznesin İdarə olunması üzrə magistr təhsili alıb.  Son 22 ildir ki,  Daniel Kazım Bəy İtalyada tekstil (idman geyimləri ) biznesi ilə məşğul olur. O, Cahangir bəy Kazımbəylinin oğlu Mustafanın övladıdır.

 

 

-Siz Azərbaycanda hörmətli bir ailəni təmsil edirsiniz. Kazımbəy ailəsi haqqında düşüncənizi bilmək istərik…

-Çünki Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra babam Cahangir bəy Kazımbəyli oranı tərk edib. Daha sonra ailəmizin bütün üzvləri Azərbaycandan gediblər. Mən yalnız Kazımbəy ailəsinin üzvü olan atam və əmilərimlə əlaqə saxlaya bildim. Babamı isə heç vaxt tanımadım. Mən dünyaya gəlməmişdən öncə o vəfat etmişdi.  Amma xüsusi olaraq vurğulaya bilərəm ki, mənim babamın şəxsiyyəti  ləyaqətin, xeyirxahlığın, mədəniyyət  və gözəlliyin nümunəsi olub. Həyatımda bildiyim ən yaxşı insan olub.

 

 

Atanız, əmiləriniz barədə bilmək istərik. Kazımbəy ailəsinin üzvləri necə həyat yaşadı? Ailənizin digər üzvləri ilə əlaqə saxlayırsınız?

 -Atamın qardaşı Əli Kazım Bəy İstanbulda yaşayırdı.  İtaliyada İqtisadiyyat təhsili aldı və daha sonra bank direktoru olaraq İstanbula geri qayıtdı. Onun qızı Lalə Kazım Bəy hazırda İstanbulda yaşayır və İnsan Resursları üzrə professordur.  3 gün öncə onunla Yunanıstanda qarşılaşdıq. Əli bəy 7 il öncə vəfat etdi.

 

 

Atamın Abbas adlı böyük qardaşı isə Almaniyada (Kassel) yaşayırdı.   O, riyaziyyat üzrə professor idi. 30 il öncə dünyasını dəyişib.

Mənim atam Mustafa isə İstanbulda dünyaya göz açıb.17 yaşına qədər ailəsi ilə birlikdə Varşavada (Polşa) yaşayıb. Berlində Mexanika Mühəndisliyi Universitetində təhsil alıb. Berlində müharibə olan zaman   o, ailəsi ilə birlikdə Avstriyaya (Kitzbhuel) qaçıblar. 1946-cı ildə isə  Romaya gəlib. 1959-cu ildə anam Giulia tanış olub və ailə həyatı qurublar. Atam Romada ticarət və patent üzrə bir ofisdə çalışırdı. O, 2004-cü ildə Romada vəfat etdi.

 

 Babanız Cahangir bəy Kazımbəylinin həyatı ilə bağlı nələr bilirsiniz? Onu kim və nə üçün qətlə yetirib? Zəhərlənərək öldürülməsi məsələsi nə dərəcədə doğrudur?

-Babamın öldürülməsindən əmin deyilik. Amma atam mənə demişdi ki, o təxminən mədə infeksiyasından dünyasını dəyişib. Amma o da əmin deyildi. Heç kim babamın nə üçün və kim tərəfindən öldürüldüyünü bilmir.

“Mənim atamın ailəsi müsəlman idi. Amma atam mənim xristian dininə ibadət etməyim barədə qərar verib”

O, İtaliyada italyan bir xanım ilə ailə həyatı qurub. Atamın bu qərarına görə, mənim də bütün həyatım xristianlıqla bağlı oldu.

Amma bütün dinlərə hörmətlə yanaşıram. Dininə görə insanların şiddətə, zülmə məruz qalmasının qəti əleyhinəyəm.

 

-Nənəniz Valiyə xanım Xoyski necə bir insan idi? Onu necə xatırlayırsınız?

 -Təəssüf ki, nənəmi də heç vaxt görməmişəm. Yunanıstanda Olimpus dağında təyyarə qəzası zamanı dünyasını dəyişib. Atam  həmişə mənə deyirdi ki, nənəm qeyri-adi istedada malik, mükəmməl  bir insan idi. O, əsl insani duyğulara malik şəxsiyyət, böyük bir Xan Xoyski idi.

 

 

-“Kazımbəy” soyadı sizin həyatınıza nələr bəxş edib?

-Kazım Bəy ailəsinə məxsus olmaqdan qürur duyuram. Mən bu müsahibədən sonra başa düşürəm ki, atam niyə bu qədər xüsusi bir insan olub.

 

 

-Biznes fəaliyyətinizlə bağlı məlumat verin. K-BEK Sport  şirkətinizi  necə qurdunuz? K-BEK Sport-un fəaliyyəti nədən ibarətdir?

K-BEK Sport şirkətini 2015-ci ildə qurmuşam. Şirkətimin adı da ailəmizlə bağlıdır. “Kazım Bəy” deməkdir. Şirkətimiz dağ-xizək idman növləri üzrə ixtisaslaşmış geyim brendidir. Satış üçün əsasən  on-line səhifəmizdən istifadə edirik. (www-k-bek.it) “İtalyada hazırlanan” ilk aktif idman geyimi dəstini 2019-cu ildə bazara təqdim etməyi planlaşdırmışıq.

 

 

-İdman geyimlərinin istehsalı, satışı sahəsində  hansı nailliyyətlər qazanmısınız?

 -Biz aktiv idman geyimləri sahəsində İtalyan tekstil şirkəti olaraq xüsusi yer tutmuşuq. Bizim işimiz  xüsusi texnologiya ilə parçalardan italyan dizaynlı məhsullar hazırlamaqdır. Dağlarda xilasetmə və nəzarət tədbirləri üçün İtaliyanın Carabinieri hərbi qrupunu və  700-dən çox xizək təlimçini idman geyimləri ilə təmin edirik.

 

 

“İdman geyimləri, tekstil biznesi üzrə 22 ildən artıqdır ki, fəaliyyət göstərirəm”

-Romadakı İqtisadiyat Universitetindən məzun olduqdan sonra 4 il boyunca bir reklam agentliyində çalışdım. Bun ilk təcrübəmdən sonra Milandakı Bacconi Universitetində magistr təhsili almağa qərar verdim. Elə həmin vaxtdan etibarən tekstil sahəsində də çalışmağa başladım.

 

 

-Atanız, əmiləriniz heç doğma yurdunuz Gəncəyə gəldilərmi? Ailəniz Azərbaycan, Gəncə haqqında nə danışırdılar?

 -Atamgil heç vaxt Azərbaycana, Gəncəyə qayıtmayıblar. Çünki ailəmin geri qayıtması heç də asan deyildi. 10 il öncə ailəmin qohumlarından biri Azərbaycana gedib. Hökumət Xan Xoyski ailəsinə aid hər şeyi ona göstərib.

 

 

Bəs siz heç Azərbaycana gəlibsiniz?

 -Çox təəssüf edirəm ki, heç vaxt Azərbaycanda olmamışam. Ancaq bilirəm ki, gözəl təbiətə və zəngin mədəniyyətə sahib bir ölkədir. Bakı indi böyük və gözəl bir şəhər olub. İndi bir məqsədim var, ailəmin tarixi kökləri ilə bağlı daha çox məlumat öyrənmək üçün Azərbaycana getməliyəm.

 

 

-Son olaraq oxucularımıza nə demək istərsiniz?

 -Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir. Bu möhtəşəm Cahangir Bəy Kazımbəylinin ailəsinin üzvü olmaqdan qürur duyuram. Mütləq gəlib oraları ziyarət edəcəyəm. Ailəm haqqında daha çox məlumata sahib olmaq üçün Azərbaycana səfər etməkdən şərəf duyaram.

Qeyd: Daniyel bəy bir müddət öncəki müsahibəsində doğma babası Cahangir bəy Kazımbəylini yanlışlıqla “Mirzə Kazım Bəy” kimi təqdim etmişdi. Daniel bəyin doğma ailəsini müəyyən etməkdə bizə dəstək olan Kazımbəyli ailəsinə və diqqətli oxucularımıza təşəkkür edirik!

 

 

 

 

Gununsesi.org