Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin kürəkəninin məhkəmə işinə baxıldı – "Günay Bank" işində milyonlar havada uçuşur

  • By admin
  • 13 Noyabr 2019 18:18

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən “Günay Bank”ın keçmiş sədr müavini Zeynalov Emin Zakir oğlunun məhkəmə prosesi davam etdirilib.

Gununsesi.org-un məhkəmə zalından prosesi izləyən müxbirinin verdiyi məlumata görə,  Emin Zeynalov etibardan sui-istifadə etmə və aldatma yolu ilə xarici valyuta birjalarında valyuta mübadiləsi əməliyyatları aparmaqla külli miqdarda qazanc vəd verərək 24 nəfərdən çox şəxsin 44 milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Hakim məhkəmə istintaqının başlandığını elan etdikdən sonra dövlət ittihamçısı ittiham aktını elan etdi. Məlum oldu ki, ilk olaraq Emin Zeynalov barəsində cinayət işinin başlanmasına səbəb Bağırov Elgün Adil oğlu, Nuriyev İlkin Məmmədtağı oğlu və İldırımzadə Əmrah Yunis oğlunun şikayət etməsi olub. Adıçəkilən şəxslər 2016-cı ildən 2018-ci ilin iyul ayına kimi müxtəlif ünvanlarda Emin Zeynalova ümumilikdə 2,9 milyon ABŞ dollar pul veriblər. Belə ki, Emin Zeynalov E.Bağırovdan 1,850 min, İ.Nuriyevdən 750 min, Ə.İldırımzadədən isə 300 min ABŞ dolları alaraq onlara xarici valyuta mübadiləsindən yüksək qazanc əldə edəcəyini vəd verib. Daxil olan şikayətdən sonra Emin Zeynalov 20 iyun 2018-ci il tarixində şübhəli şəxs qismində saxlanılmış və barəsində cinayət məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb. Sonrakı müddətdə isə başqa şəxslərdə Emin Zeynalovdan şikayətçi olublar. Məlum olub ki, Emin Zeynalov öz bacısının həyat yoldaşı Məmmədov Fərid Məmməd oğlundan 1 milyon, Şeyxzamanov Tamerlan Namiq oğlundan 100 min, Nəzərəliyev Məmməd Kəyan oğlundan 2.5 milyon, Məmmədova Xalidə Firudin qızından 143 min, Əlizadə Rövşən Mikayıl oğlundan 200 min, Abbasov Eldar Süleyman oğlundan 600 min, Kərimov Rüfət İsgəndər oğlundan 1.4 milyon, Vəliyev Orxan Ədalət oğlundan 4 milyon, Türkiyə vətəndaşı olan Zivalı Serdar Mustafa oğlundan 4.5 milyon, Məmmədov Rahim Ragif oğlundan 500 min, Səfərov Sahib İsmayıl oğlundan 3.5 milyon, Bağırov Tural Şamil oğlundan 1, 4 milyon, Süleymanov Heydər Tofiq oğlundan 134 min, Xələfov Vazeh Mirzə oğlundan 20 min, Bağırov Elgün Fikrət oğlundan 45 min ABŞ dolları və 80 min avro alaraq onlara qarşı külli miqdarda dələduzluq edib.
Qeyd edək ki, Cinayət İşində bir çox tanınmış şəxslərin adları keçir. Belə ki, özündən başqa bir neçə nəfəri də qanunsuz xarici valyuta mübadiləsinə cəlb edən, həm də Cinayət İşində zərərçəkən qismində tanınan Orxan Ədalət oğlu Vəliyev keçmiş Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyevin oğlu və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin kürəkənidir. Belə ki, Orxan Vəliyev özündən başqa Araz Süleymanova, Rahim Məmmədova, Sahib Səfərova, Zivalı Serdar Mustafa oğluna da vasitəçilik edərək Emin Zeynalova öz külli miqdarda pulunu həmin şəxslərin adı ilə verib.
Qeyd edək ki, adı Cinayət İşində zərərçəkmiş kimi keçən Araz Süleymanov DİN-nin Nəqliyyat Baş Polis İdarəsində yüksək vəzifə tutur və polis polkovnik-leytenantıdır. Bundan başqa, Cinayət İşində adı hallanan zərərçəkən Bağırov Tural Şamil oğlu Beynəlxalq Bankın Sumqayıt filialının müdiridir. O da Emin Zeynalovun bacısının həyat yoldaşı, zərərçəkən Fərid Məmmədovun vasitəsi ilə 1,4 milyon mənbəyi məlum olmayan pulu qanunsuz valyuta mübadiləsinə cəlb edib.
Adına bank olan İldırımzadə Əmrah Yunis oğlu da məşhur bankir Yunis İldırımzadənin oğlu, həmçinin Xətai rayonunun prokuroru Yusif İldırımzadənin qardaşı oğludur. Yusif İldırımzadə isə keçmiş Daxili İşlər Naziri Ramil Usubov və “Günay Bank”ın rəhbəri Mahmud Məmmədov ilə qudadır. Zərərçəkmişlərdən olan Süleymanzadə Heydər Tofiq oğlu isə PAŞA Bankın Kommersiya Bankçılığı Departamentinin direktorudur. 750 min ABŞ dollar zərərçəkən İlkin Nuriyev isə “Al-Sana” MMC-nin təsisçilərindən biridir və kolbasa satışı ilə məşğuldurlar, vəhabi təriqətinin əsas fiqurlarından biri kimi tanınır. Emin Zeynalovun yeznəsi Fərid Məmmədov isə uzun illər Beynəlxalq Bankın Xaçmaz və Quba filiallarının müdiri olub, sonra isə Bakı şəhərində “Günay Bank”ın filial müdiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Emin Zeynalova müştəri cəlb edən əsas fiqur məhz Fərid Məmmədov olub. O, özündən başqa Elgün və Tural Bagırovların da pulunu alıb Eminə verib.
Proses zərərçəkən Fərid Məmmədov, Heydər Süleymanovun ifadələri ilə davam etdirilib. Növbəti proses noyabr ayının 19-na təyin olunub.