Bakı belə paytaxt oldu - 100 SAYLI ƏMR

  • By admin
  • 17 Sentyabr 2018 11:39

Bakıya girişlə bağlı 6 əməliyyat planı təklif olundu. İngilis qoşunlarının ən böyük gücü “Qurd qapısı”na toplanmışdı. İngilislər bu qapıdan başqa hər yerdən hücum gözləyirdilər. Ancaq Süleyman İzzət paşa məhz “Qurd qapısı”na hücum etməyi təklif etdi və Nuru paşa razılaşdı. Çünki Bakıya əsas qapıdan, ancaq qəhrəman kimi girmək lazım idi!”

Bakının qurtuluşunun 100 ili tamamlanır.

Bu 100 ilin uzaqlığında dayanıb geri baxanda adama hər şey dumanlı gəlir.

O dövrün ziyalılarını, adi insanlarını yad edirsən.

-Onlar nə düşünür, nə daşınır, nəyə ümid edirdilər?

-Belə Vətəndə, belə şəhərdə necə yaşayırdılar?

-Qurtuluş öncəsi Bakı hansı durumda idi?

-Və Bakı onun qanına-neftinə susamış yadellilərdən necə qurtuldu?

Bu sualları cavablamaq üçün Bakının qurtuluşuna müxtəlif baxış bucağından baxmağa çalışacağıq.

BAKININ QURTULUŞU NAĞI BƏY ŞEYXZAMANLININ GÖZÜNDƏ

Osmanlı ordusunun Azərbaycana çağrılması məsələsi Gəncədə həll edilib. Bu dəvəti gerçəkləşdirən, bu tarixi gəlişin baş qəhrəmanı sonralar cümhuriyyətin naziri olmuş Nağı bəy Şeyxzamanlı olub. Nağı bəy mühacirətdə qələmə aldığı xatirələrində yazır:

“Azərbaycanın qəlbi və mərkəzi Bakı rus və erməni əsgərlərinin işğalı altında idi. Bakını düşməndən təmizləmək lazım idi. Ancaq bu xalq qüvvələri ilə başa gələcək iş deyildi. Vəziyyətə bir çarə arayan Milli Komitə Gəncədə bir toplantı keçirdi. Toplantıya Milli Komitə üzvlərindən başqa şəhərin adlı-sanlı üzvləri də dəvət edilmişdilər. Bu tarixi toplantını açan Nəsib bəy vəziyyəti izah etdikdən sonra nitqini bu cümlələrlə bitirdi: “Xalqın içindən toplanmış xalq qüvvələrinin gördüyü işlər xalqın gözünün qabağında cərəyan etmişdi. Hər hərəkətimiz zəfərlə nəticələnmişdi. Ancaq bu qəhrəman hərəkatlar nəticəni əldə etməkdən çox uzaqdır. Bu dəfə Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənməlidir. Əslində başsız bədən olmaz və yaşaya bilməz. Gerçək olaraq böyük bir yardıma ehtiyacı vardır və bu yardımı da bizə ancaq Osmanlı İmperiyası edə bilər. Burada Osmanlı İmperiyasına bir səlahiyyətli nümayəndə heyətinin göndərilməsini və hərbi yardım istənilməsini qərara alaq”.

Türk İslam Ordusunun Bakıda fəxri keçidi, 1918
Türk İslam Ordusunun Bakıda fəxri keçidi, 1918

NİYƏ NURİ PAŞA?

Elə də edirlər. Nümayəndə heyətinin başçısı kimi Nağı bəy Şeyxzamanlı yardımı təmin etmək üçün Türkiyəyə göndərilir. Sonralar mühacirətdə yazdığı xatirələrində Nağı bəy bu səyahəti geniş təsvir edib. Həm də Qafqaz İslam Ordusuna niyə Nuru paşanın komandan təyin olunmasının ilginc bir səbəbini açıqlayıb:

“PAŞAM, KOMANDAN O ŞAHZADƏ OLMASIN”

Türkiyədə saysız məqamlara baş vuran, hətta “Yıldız Sarayı”nda Sultanla belə görüşən Nağı bəy Hərbiyyə naziri Ənvər paşa ilə bir dialoqunu belə anladır: “…görüşdüyüm siyasi xadimlərdən “İttihat və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal paşaların Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərininsə buna razı olmadıqlarını öyrəndim. Mən, demək olar, hər gün Ənvər paşa ilə görüşdüm. Görüşümüzün birində özümü topladım və Ənvər paşanın mənim xətrimi istədiyindən istifadə edərək dedim:

“Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda Ənvər paşa. Eşitdiyimə görə, sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm, Qafqaza gedəcək hərbi qüvvənın başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70 faizi biz Azərbaycan türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır”.

“NAĞI BƏY, İSTƏDİYİNİZ OLDU!”

Nəticədə, Nağı bəy istədiyinə nail olur. Söhbətin davamını oxuyaq:

“Bir də Paşam, sizin Qafqaza gedəcək hərbi qüvvələrə komandan təyin etdiyiniz şahzadəni hər axşam “Pera Palas” mehmanxanasının salonunda içki içib rəqs etdiyini görürəm. Qafqazda belə hərəkətləri xoşlamırlar”.

Ənvər Paşa məndən “Nağı bəy, sizin orada içki içmirlərmi?”– deyə soruşdu. Mən isə bu suala «İçirlər, Paşam, ancaq pivə kimi zəif alkoqollu içki olan şərab. «Vodka»deyilən sərt içkidənsə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş olmaq üçün deyil”, – cavabını verdim. Məni dinləyən Ənvər Paşa: “çox yaxşı”– dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin içki içib-içmədiklərinin də yoxlanmasını əmr etdi və mənə:

“Nağı bəy, Nuru çox gəncdir, necə olar?– dedi. Mən də dərhal “Paşam, Nuru Paşanın Trablis-qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlumat ala bilmədim. Rus mətbuatında Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı bəhs edən materialları Qafqazda oxumuşdum. Və bir də Paşam, sizin qardaşınız olması yetər”, dedim.

Ənvər paşa: “Yaxşı sabah söhbət edərik” dedi və ayrıldıq. Ertəsi gün Hərbi nazirliyə gələndə dərhal məni Ənvər Paşanın yanına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni yenə də gülərüz qarşıladı və “Bəli, Nağı bəy, istədiyiniz oldu”- dedi. Mən də: “Paşam, çox sevindim və sabah bütün Qafqaz türkləri də sevinəcək- dedim”.

QURTULUŞ MANAF SÜLEYMANOVUN GÖZÜNDƏ

Manaf Süleymanov məşhur əsərində Bakının qurtuluşuna da geniş yer ayırıb:

“Nuru paşa və Mürsəl paşa son hücum planı əsasında qoşuna “irəli!” əmrini vermişdilər. Sentyabrın 14-də səhər toranlığında topların atəşindən bütün şəhər lərzəyə gəlmişdi. İngilislərin Şimali Stafford bölmələri geri çəkilməyə məcbur olduğundan, cəbhənin mərkəzi xətti də artıq türklərin əlində idi. Türklərin atdıqları top güllələrindən dəniz qaynayır, ləpələr şahə qalxırdı. «Prezident Kryuqer» gəmisi tez-tez yerini dəyişirdi. Küçələrdə dolaşmaq xata idi. Heç kəs çölə çıxmırdı… Türklər günortaya qədər şəhəri top atəşinə tutub, bombardman etdilər. Küçələr artıq bomboş idi. Tək-tək adam görünür, divar dibi ilə qorxa-qorxa yeriyir, tez də yoxa çıxırdı. Yeri-göyü titrədən top gurultu-partıltıları şəhərin üstündən bir an belə əksilmir, əksinə, get-gedə şiddətlənirdi”.

“GÖZƏLƏR-GÖZƏLİ MÜLKDƏN BELƏ GÖRÜNÜRDÜ”

“Bir müəllim deyirdi ki, bu qanlı faciəyə baxmaq üçün üç yoldaş gedib İsa bəy Hacınskinin dəniz kənarındakı uca mülkünün damına qalxdıq. Bura hər cəhətdən təhlükəsiz idi. Vuruşma gedən yer, bomba tökülən dəniz ovuc içi kimi görünürdü. Müharibə gözlərimizin qabağında gedirdi. «Sentrokaspi» əsgərləri əllərində tüfəng səngərləri bir-bir tərk edir, yeganə ümid yeri olan dəniz qırağına qaçırdılar. Gəmilərin çoxu tez-tələsik körpülərdən ayrılır, tüstü buraxa-buraxa uzaqlaşırdı… Çox keçmədi ki, Çəmbərəkəndin üstündəki qəbiristanlıqda olan səngərlər də boşaldı. Çaxnaşma düşdü. Hərə öz hayında idi… Bakı tüstü və alov içindəydi. Durbinlə baxdıqda Qaraşəhər və Ağşəhərdəki körpülərdə adamlar qaynaşırdı. Dəhşətə gəlmiş adamların özlərini suya atıb üzə-üzə barjlara, qayıqlara çatmağa can atdıqları aydın görünürdü. Dağın üstündən gələn mərmilər artıq körpülərə, gəmi, qayıq, barj və sahil küçəsinə düşürdü. Bir neçə gəmidə yanğın qopmuşdu, qara tüstü sütun təki ucalır, hər tərəfdən alov qalxırdı. Sentyabrın 15-də səhər saat 9-da Nuru Paşanın Qafqaz İslam Ordusu şəhərə daxil oldu. Məscid minarələrindən azan səsi ucalırdı”.

28 YAŞLI “BAKI FATEHİ” NURU PAŞA BAKIDA HARADA QALIB?

Manaf Süleymanov kitabında bu sualı da cavablayıb:

“ Nuru Paşa «İsmailiyyə» ilə üzbəüz ikimərtəbəli binaya, Mürsəl Paşa isə yenə həmən küçədə vaxtilə Müzəffərəddin şahın qonaq qaldığı mülkə düşmüşdülər”.

QURTULUŞ QILMAN İLKİNİN GÖZÜNDƏ

Yazıçı Qılman İlkin “Bakı və bakılılar” kitabında yazır:

“Türk qoşunları 7 iyulda 3 günlük döyüşlərdən sonra Kürdəmiri aldılar. 20 iyulda türklər Ağsu-Şamaxı şose yolu boyu hücuma keçərək Şamaxını cənubdan – Mədrəsə tərəfdən ötüb keçərək, Şamaxı-Bakı yolunu kəsdilər. Üçüncü briqadanın komandiri daşnak Amazaps vəziyyətin ağırlığını görüb qoşuna əmr edir ki, Şamaxıdan geri çəkilsinlər. Cəbhənin Şamaxı hissəsindəki bu geriçəkilmə mərkəzi hissədə gedən döyüşlərə təsir etdi. Onlar Hacıqabulu boşaldıb Biləcəriyə tərəf çəkildilər”.

BAKIDA DURUM

Qılman İlkin: “Cəbhədə böhranlı vəziyyət yaranmışdı. Türklər Bakının qapısını döyməyə başlamışdılar. Şəhərdə aclıqla bərabər, həyəcan və təşviş də artmışdı 1918-ci ilin 16 iyulunda Bakı Sovetinin fövqəladə geniş iclasında ingilislərin Bakıya çağrılması müzakirəyə qoyuldu. Bolşeviklərin qəti müqavimətinə baxmayaraq, azca səs çoxluğuyla ingilislərin Bakıya çağrılması barədə qərar qəbul edildi. Hakimiyyətin koalision hökumətə təhvil verilməsi qərara alındı. Bolşeviklər təzə hökumətin tərkibinə daxil olmaqdan imtina etdilər. Avqustun 1-də eser, menşevik və daşnaklardan ibarət Sentrokaspi diktaturası yarandı”.

“DAŞNAKLAR QAÇIRLAR”

“1918-ci ilin avqust ayının axırında türklər, demək olar ki, Bakını hər tərəfdən mühasirəyə almışdılar. Cəbhə xətti Bibiheybətin qərbində dəniz sahilindən başlayaraq, şimal tərəfə Badamdarın qərbi ilə “Qurd darvazası” yüksəkliyi ilə Biləcəri stansiyasınadək uzanırdı. Biləcəri stansiyasının şimalında Böyük Şorda cəbhə xətti qırılır, sonra Binəqədi, Digah, Məhəmmədli kəndləri ilə Maştağayadək uzanır və dəniz sahilində bitirdi. Sentyabrın əvvəli türklərin Bakıya yaxınlaşması günlərində dəniz körpülərində qaçmaq istəyən daşnakların, onların ailələrinin əlindən tərpənmək mümkün deyildi… Bayıl tərəfdən atılan toplar camaatın içərisində daha dəhşətli vahimə yaradırdı. Erməni ailələri köç-külfətlə qaçırdılar. …Şəhərin belə həyəcanlı, vahiməli və qarmaqarışıq günlərində türklər şəhərə daxil oldular. Bu sentyabrın 15-də olmuşdu… Türklər Bakıya daxil olandan sonra Azərbaycan Demokratik Respublikası hökuməti Bakıya köçdü və Bakı yeni yaradılmış Demokratik Respublikanın paytaxtı oldu. Bütün Şimali Azərbaycan torpaqları onun sərəncamına keçdi”.

BAKININ ALINMASI RUS TARİXÇİLƏRİNİN GÖZÜNDƏ

2007-ci ildə Moskvada çıxan “Azərbaycan Demokratik Respublikasının iziylə”kitabının müəllifləri Mixail Volkonski və Vadim Muxanov-un yazdıqlarına görə, Bakı Sovetinin sədri Şaumyan iyulun 26-da Moskvadan təcili kömək istəyir və vurğulayır:

“Bakını Rusiyadan ötrü xilas etmək üçün oradan təcili qoşun göndərilməsi zəruridir. İsrarla xahiş edirəm ki, nizami hərbi hissələrin çatdırılması üçün lazım olan bütün ölçüləri götürəsiniz”.

Bir gün öncə – iyulun 25-də cəbhədəki uğursuzluqlardan rahatsız olan sağ eserlər, menşeviklər və daşnaklar Bakı Sovetinin təcili iclasını çağırmışdılar. Məqsəd – Britaniya qoşunlarından şəhərin müdafiəsi üçün kömək istəmək idi. Bu iclasda onlar 259 səslə ingilislərə dəvət göndərməyə nail oldular. 23 səs az toplayan bolşeviklər, sol eserlər və solçu daşnakların bir qrupu Bakının Britaniya qoşunlarına təslim edilməsini əngəlləyə bilmədi. Buna münasibətini bildirən Şaumyan Leninə belə yazmışdı: “Öz səsvermələriylə daşnaklar bizə xəyanət etdilər”. Eyni zamanda erməni hissələrini təmsil edən 3 min əsgər cəbhəyə getməkdən boyun qaçırmışdı. Bakıdakı Qırmızı Ordu bölmələrinin müvəqqəti komandanı Avetisovsa Bakı Sovetindən vaxt itirmədən türklərlə danışıqları başlatmağı tələb etmişdi. Bu basqıya tab gətirməyən Bakı Xalq Komissarları Soveti iyulun 31-də təcili toplanaraq, özünü buraxdı. Sənədlərdə belə yazılıb:

“Şəhərin təslim edilməsinin qaçılmazlığı, artıq saatlar məsələsi olması barədə ordu komandanı Avetisovun və Petrovun dəstəsinin qərargah rəisi Stepanovun qəti tələblərini nəzərə alaraq, digər yandan, sakinlərin əlində qalan son vasitəni – özünü qalibin mərhəmətinə təslim etmək arzusunu əngəlləmək istəməyərək, Xalq Komissarları Soveti özünü buraxmaq və Sovet Rusiyasının hərbi qüvvə və dövlət mülkiyyətini gəmilərə köçürüb yükləmək qərarına gəlib”.

QURTULUŞ YENİ NƏSLİN GÖZÜNDƏ

Oskar Film Şirkəti 2010-cu ildə Qafqaz İslam Ordusunun Bakını azad, həm də paytaxt etməsi ilə bağlı «Qəzan mübarək, paşam!» adlı film çəkib. Filmin yaradıcılarının AzadlıqRadiosuna bildirdiyinə görə, çəkiliş prosesində maraqlı nəticələrə gəliblər. Şirkətin baş redaktoru Sədi Məmmədov:

“Biz həmişə Bakının azad olunmasını bir qəhrəmanın adı ilə bağlamışıq. Əlbəttə, mənim Nuru Paşanın qəhrəmanlığına, sərkərdəliyinə, tariximizdəki roluna kölgə salmaq niyyətim yoxdur. Bizim filmdə o xüsusi qeyd olunub. Amma bu qələbə həm də Qafqaz İslam Ordusunun gücü idi. Osmanlı ordusunun burda təmsil olunan hissələrinin, yerli könüllülərin, əlahiddə müsəlman korpusunun döyüşçülərinin əməyi idi”.

“QAFQAZ İSLAM ORDUSU OLMASAYDI…”

O illərdə Bakı əhalisinin yalnız 30 faizinin müsəlman olduğunu diqqətə çatdıran Sədi Məmmədov belə bir durumda Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının, onu azad etməsinin nə qədər çətin olduğunu bildirir:

“Biz müstəqil Azərbaycan Respublikasının vətəndaşı ola bilməzdik. Əgər bu ordu, Nuru Paşa, Əlağa Şıxlinski və başqaları olmasaydı… Bu mənada 15 Sentyabr bizə çox əzizdir. Biz bu əhvalı filmə gətirməyə çalışdıq”.

Sədi Məmmədov indiyədək bu yolda can verənlərin sayının da dəqiq bilinmədiyini deyir:

«Bu ordu mayın 25-dən sentyabrın 15-nə qədər minlərlə şəhid verib. Təkcə Bakının alınmasında 1300 türk əsgəri şəhid olub. Amma bu döyüşlərdə nə qədər Azərbaycan türkünün öldüyünü bilmirik”.

“BU TARİX YETƏRİNCƏ ÖYRƏNİLMƏYİB”

Filmin ssenari müəllifi Ramin Vəkilov zaman-zaman mövsümi söhbətlər, kitablar, araşdırmalar olsa da, bu ordunun gəlişinin hələ də yetərincə öyrənilmədiyinə diqqət çəkir:

“Məsələn, «Vəhşi diviziya» ilə bağlı boşluqlar var. Biz çox çətinlik çəkdik. Onların sonrakı taleyi ilə maraqlandıq. İnsanların yaddaşında xeyli epizodlar qalıb. Xatırlayırlar ki, bu ordu hansısa bir kənddə qan davasını aradan qaldırıb və s. Bunlar öyrənilməlidir”. 

“AĞIR BİR YÜKÜN ALTINA GİRDİK…”

Filmin rejissorlarından biri – Sain Qəhrəmanoğlu bu dövrdə baş verən olayları bir filmə yerləşdirməyin çox çətin olduğunu deyir:

“Müzakirələr vaxtı ağır bir yükün altına girdiyimiz bəlli oldu. Anladıq ki, bu dövrdə bir çox olaylar olub ki, hərəsi bir filmə mövzu ola bilər”.

“NURU PAŞA BAKIYA QƏHRƏMAN KİMİ GİRDİ”

Sədi Məmmədov Qafqaz İslam Ordusunun Bakıya girişini belə təsvir edir:

“Bakıya girişlə bağlı 6 əməliyyat planı təklif olundu. İngilis qoşunlarının ən böyük gücü “Qurd qapısı”na toplanmışdı. İngilislər bu qapıdan başqa hər yerdən hücum gözləyirdilər. Ancaq Süleyman İzzət paşa məhz “Qurd qapısı”na hücum etməyi təklif etdi və Nuru paşa razılaşdı. Çünki Bakıya ancaq qəhrəman kimi girmək lazım idi!”.

“TÜRKLƏR MÜMKÜN OLMAYANI ETDİLƏR!”

İngilis ordusunun komandanı general Denstervil sonralar xatirələrində belə yazıb:“İnanılası deyildi. Türklər mümkün olmayanı gerçəkləşdirdilər”.

BAKINI BİZƏ NƏ QAYTARDI?

Sədi Məmmədov bir nüansa da diqqət çəkir:

“İngilis, bolşevik və daşnak qoşunlarının əlində olan arsenalla təkcə Azərbaycanı yox, bütün Qafqazı işğal etmək olardı. Ancaq bu ordunu qələbəyə aparan ancaq Vətən sevgisi, inam və iman oldu və bu, Bakını bizə qaytardı. Xoşbəxtik ki bizim Nuru paşamız olub, Əliağa Şıxlinskimiz olub, Həbib bəy Səlimovumuz, Nağı bəy Şeyxzamanlımız olub və adlarını çəkmədiyimiz, bilmədiyimiz minlərlə qəhrəmanımız olub”.

NURU PAŞANIN 100 SAYLI ƏMRİ

Sədi Məmmədov Nuru paşanın məşhur əmrini də xatırladır:

“100 saylı əmr Bakının alınmasıyla bağlı verilən əmrdir. Nuru paşanın əsgərlərə müraciəti var. O müraciətdə dəhşətli sözlər var. İnsanları qəhrəmanlığa, Vətəni sevməyə çağıran bir mətndir”.

SƏSSİZ QƏHRƏMANLAR

Bakının işğaldan qurtulma tarixində səssiz, kölgədə qalan, unudulmuş qəhrəmanlar da var. Böyük yubileydə onların birini xatırlayaq – şamaxılı Həbib ƏfəndiniTaleyin gərdişiylə İstanbulda yaşamağa məcbur olan Həbib əfəndi atasının dostu Ənvər paşagildə məskunlaşır və onun bacısıyla evlənir. 1918-ci ildə atasının vəfatını eşidib Şamaxıya gələn Həbib əfəndi Vətəndəki durumun son dərəcə acınacaqlı olduğunu görür. Şəhərin başbilənləri Ənvər paşaya bir məktub yazırlar və Həbib əfəndi bu məktubla İstanbula qayıdır. Nuru paşanın rəhbərlik etdiyi orduya qoşulub təzədən Azərbaycana gəlir”.

HƏBİB ƏFƏNDİ BAKIDA

Sentyabrın 15-də səhər saat 9-da türk ordusu Bakıya girir. Həbib Əfəndi də türk qoşunları ilə Bakıya daxil olur və şəhərin alınmasında iştirak edir. Həbib Əfəndi Azərbaycandakı bütün əməliyyatlarda qaynı Nuru Paşanın məsləhətçi və bələdçisi olur. İnsanların yaddaşında belə bir səhnə də qalıb. Nuru Paşa Həbib Əfəndi və başqaları ilə birgə Təzəpir məscidinə gedir. Yolboyu onu ucu-bucağı görünməyən xalq kütləsi şadlıq və minnətdarlıq sədaları ilə alqışlayır. Deyilənə görə, küçələrdə və məscidin həyətində iynə atsan, yerə düşməzmiş”.

“GÜLLƏLƏNSİN!”

Ordu Türkiyəyə dönəndə Həbib əfəndi Şamaxıda qalır. Çünki atasının ikinci evliliyindən olan kiçik uşaqları vardı. Həm də, bəlkə yenə də Vətənə gərək oldum-fikriylə. Bolşevik işğalından sonra Həbib Əfəndinin fəaliyyəti unudulmur. 1930-cu ildə onu qardaşları ilə birlikdə həbs edib Bakıya – mərkəzi həbsxanaya salır, ayrı-ayrı kameralarda saxlayırlar. 2 ay 20 gün davam edən əzablı “istintaq”dan və 15 dəqiqəlik “məhkəmə”dən sonra onları “dövlət əleyhinə, kolxoz quruluşunun əleyhinə, ümumiyyətlə antisovet fəaliyyətə görə” ən yüksək cəzaya məhkum edirlər. Qardaşların məzarı yoxdur. Üstündən 40 il keçəndən sonra onlara bəraət veriblər.

“MİLLƏT SİZƏ MİNNƏTDARDIR!”

Bakı azad olunandan sonra Nəsib bəy Yusifbəyli “Azərbaycan” qəzetində yazırdı:

“Ey cəsur türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da Bakının alınması münasibətilə Nuru paşa həzrətlərinə baş vəkilimiz yazmışdı. Ondan daha münasib bir təbir bulamadığımdan onu mən də təkrar ediyorum və zənn edirəm ki, 3 kəlmədən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşadacaq və dilində təkrar edəcək: Millət sizə minnətdardır!”.