Bakı sərnişin stansiyası yenidən qurulur - Cavid Qurbanov öz tövsiyələrini verib

  • By admin
  • 11 İyul 2016 15:16

baku

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Gununsesi.info-nun məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov mətbuata bildirib ki, stansiyada 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.

Bildirilib ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov təmir-tikinti işlərinə baxış keçirəndən sonra öz tapşırıq və tövsiyələrini verib.

Onu da qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir. 1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü olub.

 

cavid

 

 

Gununsesi.info