Bakıda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıqdan danışılıb

  • By admin
  • 16 Oktyabr 2018 14:34

“Holiday İn” Hotelində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə  seminar keçirilib.

Gununsesi.org bildirir ki, seminar Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud çətinlikləri və imkanları müzakirə etmək məqsədi daşıyıb.

Tərəflər arasında qeyd edilən sahənin “Siyasi, Hüquqi və Normativ Baza”, “Siyasi Dəstək Mexanizmi”, “Bərpa Olunan Enerji üçün Şəbəkə Nizamnaməsi”, “Bərpa Olunan Enerji Mənbələrinin Maliyyələşdirilməsi”, “Texniki Biliklərin Artırılması və Maarifləndirilməsi”  istiqamətləri üzrə ümumi  müzakirələr aparılıb.
Seminarı giriş sözü ilə DA-nın sədr müavini cənab Cəmil Məlikov açaraq, ABOEMDA-nın fəaliyyət proqramının birmənalı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nümunəsi olduğunu bildirib. Məhz bu səbəbdən də, ABOEMDA-nın strateji yol xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilə qədər 420 MVT qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.
Daha sonra İRENA-nın Baş proqram icraçısı cənab Prasson Aqarval, çıxış edərək, bərpa olunan enerjinin sosial-iqtisadi faydalarından danışıb. Onun sözlərinə görə, Qazaxıstan təcrübəsini nəzərə alaraq, Azərbaycanda enerji sektoru və bərpa olunan enerji sahəsinin inkişafına mütləq sürətdə ümumi baxış keçirilməlidir.”

Cənab Aqarvalın sözlərinə görə, bərpa olunan enerjiyə dair siyasət və tənzimləmə əsasları barədə maarifləndirmənin artırılması və Azərbaycanın iqtisadi və sosial inkişafı baxımından onun faydaları bərpa olunan enerjidən istifadənin artırılması üçün vacib elementdir.

“Siyasət, Strateji və İnstitusional”, “Siyasi Dəstək Mexanizmləri”, o cümlədən “Maliyyələşdirmə və Risklərin Azaldılaması” məsələləri üzrə davam edən müzakirələrin keyfiyyətini artırmaq və ekspertlərin tövsiyələrini səmərəli şəkildə dinləmək məqsədilə hər bir mövzu və istiqamətlər  üzrə panellərə ayrılaraq, seminar öz işini davam etdirib.