Bakıda rəngarəng görüntülərlə bəzədilən “Sevirəm parkı”na insan axını – REPORTAJ, FOTOSESSİYA

  • By admin
  • 02 Yanvar 2020 12:52

Yeni İllə əlaqədar Bakının “Sevirəm parkı” ötən il olduğu kimi yenə də xüsusi  formada bəzədilərək, bayram ab-havasına qərd olub. Parkda çılçıraqlarla bəzədilmə işləri aparıldığı üçün bura axşam saatlarında gələnlər daha çox olur. 

Gununsesi.org Musavat.com-a istinadən rəngarəng görüntülərlə bəzədilən parkdan hazırlanan reportajı təqdim edir:

 

Öncə məlumat verək ki, vaxtilə “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevə məxsus olan, yararsız vəziyyətdə saxlanılan ərazi 2016-cı ilin dekabr ayından etibarən park kimi insanların ixtiyarına verilib.

Park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Park kompleksinin üç girişi var. Ərazidə demək olar ki, hər yer yaşıllıqdır.

Yaşıllaşdırma zamanı IDEA – Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb.

Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Daşın nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.

Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Parka gələnlər daha çox işıqlı kompozisiyaların önündə foto çəkdirib, idman meydançasında idmanla məşğul olurdular. Onu da bildirək ki, bu park ərazisində hər hansı bir attraksion mövcud deyil. İnsanlar burada ya idmanla məşğul olur, ya gəzir, ya da skamyalarda əyləşib istirahət edirlər.

Söhbət etdiyimiz sakinlər bildirdilər ki, parkda yaradılan şəraitdən razıdırlar. Onların tək şikayəti parka yolun digər hissəsindən gəlmək üçün hər hansı bir piyada keçidinin olmaması ilə bağlıdır. Müşahidə etdik ki, Bakı Şəhər Baş Polis İdarəsi tərəfdən parka keçmək istəyən sakinlər çoxzolaqlı yolu qaçaraq keçir həm özləri, həm də sürücülər üçün təhlükə yaradırdılar.

Park ərazisi polislər tərəfindən mühafizə olunur. Polis nəfərləri parkda gəzib, asayişə nəzarət edirlər.

Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ keçid var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb.

Gununsesi.org olaraq park ərazisindən fotosessiyanı təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org