Bakının mərkəzində canlı təhlükə

  • By admin
  • 15 Oktyabr 2018 13:24

Son zamanlar Bakı şəhərində və xüsusilə də kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Bu itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi hallarının artması ilə bağlı mediada dəfələrlə məlumat yayılıb. 

“Gununsesi.org” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, təkcə ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub.

Bu problemlə paytaxt sakinləri hər gün üzləşir, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir. Sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.

Qeyd edək ki, bundan ən çox narahat olan valideynlərdir. Təhlükəli olan isə hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.