“Bank Standard” çökür -AÇIQLAMA

  • By admin
  • 07 İyun 2016 16:35

bankstadd

“Bank Standard”in sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər istənilən effekti vermir və bu proses müştərilər tərəfindən ciddi  etirazla qarşılanır.

Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Bank Standard”in sağalaşdırılması istiqamətində iyunun 3-dən etibarən 1000 manatadək olan depozitləri qaytarmağa  başlaması ciddi etirazlara səbəb olub. Buna səbəb isə böyük həcmli depoziti olan müştərilərin tələbləridir.

Daha çox depoziti olan müştərilər  tələb edirlər ki, MBNP 1000 manatadək olan depozitləri deyil, daha yüksək həcmli depozitləri versin. Hökumət kiçik həcmli depozitləri istənilən zaman geri qaytara bilər, əsas problem  böyük həcmli depozitlərin qaytarılmasıdır ki, hökumət ilk olaraq bu problemi həll etməlidir.

Əgər MBNP  1000 manataək olan depoziti qaytarmağa başlayacaqsa, o zaman  bankın olan vəsaiti buna xərclənəcək və bank tamamilə müflis olacaq. Baxmayaraq ki, MBNP bankın sağlamlaşdırma  məsələsini öz üzərinə götürüb ancaq ölkədə bank sektorunda yaranan problem təkcə “Bank Standarta”la bitmir və digər bankların da problemi var. İstənilən zaman onların da problemi ortaya çıxa bilər. Onsuz da “Texnikabank”  və Beynəlxalq Bank problemindən sonra bu bir zəncirvari bir proses alıb. Müşətərilər depozitlərin gələcək taleyi ilə narahat olduğundan hökumətdən ya tam təminat verilməsini, ya da indi qaytarılmasını tələb edirlər.

Onların fikrincə, məhz onların depoziti hesabına bank fəaliyyət göstərib və  kredit verib.

Məsələ ilə bağlı  banka müvəqəti inzibatçı funksiyasın həyata keçriən MBNP-yə müraciət etsələr də, hələlik, konkret cavab ala bilməyiblər. Onlara bildirilib ki, kiçik həcmli depozitlər  bitdikdən sonra ancaq bu məsələyə baxıla bilər.

MBNP-dən Gununsesi.info-nun nun sorğusuna cavab olaraq bildirildi ki, qurumun Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” KB-na 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib:

“Buna səbəb, son dövrlər “Bank Standard” KB-nın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi. MBNP “Bank Standard” KB-da yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama təyin etmişdi. Palatanın qiymətləndirməsi müəyyən etmişdi ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.

Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün MBNP tərəfindən banka inzibatçı təyin edilmişdi və bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may 2016-cı il tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılıb, yəni moratorium qoyulub.

Ötən dövr ərzində müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görülüb.”

MBNP-dn bildirilib ki, bu tədbirlərin nəticəsində toplanmış vəsaitlər hesabına artıq  3 iyun 2016-cı il tarixindən etibarən fiziki şəxslərin “Bank Standard” KB-dakı 1,000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılıb. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişidə davam edəcək.

Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.

MBNP problemi kreditlərin geri qaytarılması məqsədi ilə kredit götürənlərin  əmlaklarına həbsin qoyulması məsələsinə gəldikdə isə bildirildi ki, müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyətini davam edir: “Bununla əlaqədar Palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla icra etməyə dəvət etməklə yanaşı, qanunvericiliyə uyğun olaraq həmən kreditlərin geri qaytarılması istiqamətində  tədbirlərini həyata keçirir”.

Xatırladaq ki, gununsesi.info saytında bir neçə gün öncə adıçəkilən bankın “Beynəlxalq Bank”ın taleyini yaşayacağına dair xəbər yayılıb. Həmin xəbərdə banka külli miqdarda borcu olan deputatlar Rəfael Cəbrayılov və Xanhüseyn Kazımlının da əmlakına həbs qoyulması  barədə fakt əks olunub.

Xəbərdə bildirilir ki, adıçəkilın şəxslər, və digər yüksək vəzifəli məmular “Bank Standart”dan külli miqdarda pul çəksəllər də geri qaytarmayıb.