Baş Nazir ilk dəfə hesabat verəcək – Milli Məclisdə müzakirələr

  • By admin
  • 12 Noyabr 2019 13:43

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Gununsesi.org Etikxeber.az-a istinadən əbər verir ki, plenar iclas 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr olunub.

Qeyd edək ki, büdcə zərfi təkcə bu gün yox, həm də noyabrın 13-14-ü tarixlərində keçiriləcək plenar iclaslarda müzakirə olunacaq.

Müzakirələr başa çatdıqdan sonra səsləndirilən irad və təkliflərə baxılması, nəzərə alınması üçün hökumətə on gün vaxt veriləcək.

Onu da qeyd edək ki, büdcə müzakirələrinə ənənəvi olaraq hökumət üzvləri, o cümlədən, yeni Baş nazir Əli Əsədov qatılıb.

Ə.Əsədov hökumət başçısı kimi ilk dəfədir büdcə müzakirələrində iştirak edir.

İclası açan spiker Oqtay Əsədov 3 günlük büdcə müzakirələri ilə bağlı fikirlərini açıqlayır.

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.

2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

***

Spiker bildirib ki, ölkədə bütün makroiqtisadi göstəricilərədə artım müşahidə olunur:

“Bu gün genişmiqyaslı struktur islahatları aparılır və yeni yanaşmalar tətbiq edilir. Bu il Ümumi Daxili Məhsulun (ÜDM) iqtisadiyyatda çəkisi 2, 5 faiz təşkil edib. Qeyri-neft sektorunun sürətlə artımı baş verir. Ölkənin valyuta 48,5 milyard dollar təşkil edib. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb. Gələn il cari xərclərin həcmi 40 faiz artacaq. 2020- ci ilin dövlət büdcəsi də sosialyönümlü büdcə olacaq”.

***

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, dünyada, ölkəmizdə bir çox zəngin hadisələrlə yadda qalan 2019-cu il artıq sona yaxınlaşmaqdadır.

“Ötən bu dövr ərzində Azərbaycanda sözün əsl mənasında inkişaf, tərəqqi, çiçəklənmə baş verməkdədir. Dünyada, ətraf ölkələrdə hələ də maliyyə-iqtisadi böhranın, qarşıdurmaların, qlobal kataklizmlərin davam etməsinə, qloballaşmanın, qlobal risqlərin ölkələri, milli iqtisadiyyatları təhdid etməsinə baxmayaraq, Azərbaycanda siyasi sabitlik təmin olunub, iqisadi inkişaf təmin edilib, makroiqtisadi inkişaf qorunub-saxlanılıb. İlin əvvəllərindən, yanvar-fevral aylarından daha da geniş vüsət alan islahatlar prosesi ölkə həyatının bütün sahələrinə sirayət edib. Bütün istiqamətlərdə-siyasi, iqtisadi, sosial, mədəni sahələrdə islahatlar prosesi daha da dərinləşməkdədir. Bunu da təkcə biz iddia etmirik, söyləmirik, bunu beynəlxalq qurumları, reytinq mərkəzləri, nüfuzlu ekspertlər deyirlər, etiraf edirlər. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər.

Ötən müddət ərzində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə  aparılan çoxsaylı görüşlər də onu deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir. Konkret olaraq, “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır.

Ölkədə həyata keçirilən maliyyə-kredit siyasətinin nəticəsidir ki, inflyasiya çox aşağı səviyyədədir. Bu yerdə onu da nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Ancaq bunlara baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, özü çox göstəricidir. Üstəlik əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

 Eyni zamanda, bu dövr ərzində Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmlənməkdə və genişlənməkdədir. Elə son bir ay ərzində baş verənlər-Azərbaycanın Türkdilli Dövlətlərin 7-ci Zirvə Görüşünə, həmçinin, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünə yüksək səviyyədə və uğurla ev sahibliyi etməsi deyilənlərə əyani sübutdur. 10 il öncə Azərbaycanın özünün təşəbbüsü və iştirakı ilə yaratdığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 2011-ci ildən əməkdaşlıq etdiyi Qoşulmama Hərəkatının Zirvə Görüşlərinə tarixi ev sahbliyi etməklə, ölkəmiz həm özünün inkişaf səviyyəsini, tərəqqisini, həm qonaqpərvərləyini və sülhsevərliliyini, həm də dünyadakı yerini, rolunu və nüfuzunu nümayiş etdirdi. Dünya, beynəlxalq birlik bir daha güclü, dinamik və sıçrayışlı inkişaf yolunda olan, sabitlik və təhlükəsizlik adasına çevrilən Azərbaycana şahidlik etdi, onu bir daha yaxından tanıdı…”.

Gununsesi.org