Baş nazir mitinqçilərin tələbi ilə istefaya getdi

  • By admin
  • 30 Oktyabr 2019 15:43

 

Livanın baş naziri Saad Əl-Həriri ölkədə siyasi islahatlar tələbi ilə hökumət əleyhinə etirazların ikinci həftədir davam etdiyi zaman istefa verdiyini elan edib.

Gununsesi.org-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Həriri televiziya ilə yayımlanan müraciətində hökumətin “dalana dirəndiyini” bildirərək, etirazların onun istefasını president Mişel Aoyuna təqdim etməyə vadar etdiyini deyib.

“Mən hökumətin istefasını təqdim etmək üçün prezident sarayına gedirəm. Bu, minlərlə livanlının dəyişiklik istəyi və tələbinə cavabdır” -deyə, Həriri bildirib.

O, siyasi tərəfləri Livanın sabitliyini qorumağa və ölkənin tənəzzüldə olan iqtisadiyyatını düzəltməyə çağırıb.

Baş nazirin istefası etirazçıları təmin etmək üçün kifayət olmaya bilər.

Hökumətin istefası həmçinin hakimiyyətin güclü hərbi dəstələrə malik olan Hizbullah tərəfindən ələ keçirilməsinə gətirib çıxara bilər.

Livanda korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhrana sürükləməkdə ittiham olunan siyasi elitaya qarşı etirazlar 13 gündür davam edir.

“Biz hazırda ciddi böhrana doğru gedrik. Əgər prezident istefanı qəbul etsə, bu o deməkdir ki, biz hansısa birlik deyil, hansısa qarşıdurmaya tərəf gedirik” – deyə, Livanda Amerika Universitetinin siyasi elmlər professoru İmad Salamey Beyrutdan Amerikanın Səsinə telefonla verdiyi müsahibəsində bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş bütün tərəfləri sülhü saxlamağa və zorakılığa yol verməməyə, təhlükəsizlik qüvvələrini isə təmkin göstərməyə və mülki vətəndaşlar və nümayişçiləri qorumağa çağırıb.

Gununsesi.org