Baş redaktor yenidən prokurorluqda

  • By admin
  • 06 Dekabr 2018 13:30

Criminal.az saytının baş redaktoru Anar Məmmədov Bakı Şəhər Prokurorluğuna çağrılıb. Jurnalist sabah, dekabrın 6-da Gəncə hadisələri zamanı bir neçə mediaya qarşı açılmış cinayət işi üzrə prokurorluqda olmalıdır.

Bu haqda jurnalistin özü bildirib.

A.Məmmədovdan prokurorluğa gəlməsi istənilib, çağırışın detalları haqda bilgi verilməyib.

Jurnalist ona deyilən vaxtda prokurorluqda olacağını bildirirb.

Baş Prokurorluq Gəncə hadisələri zamanı A.Məmmədovun baş redaktoru olduğu criminal.az saytı barəsində cinayət işi açıldığını açıqlamışdı.

Noyabrın 30-da A.Məmmədova yeni ittihamlar irəli sürülüb. İttihamların ağırlaşdırıldığı bildirilib. Hazırda A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır. Prokurorluq jurnalist barəsində polis nəzarətinə vermə tədbiri seçib.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü ( vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bu zaman bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən criminalaz.com-un girişinə məhdudiyyət qoyulmuşdu.

A.Məmmədov özü isə ittihamları rədd edib.