Bayram Məmmədov azad edilə bilər - OMBUDSMANIN NÜMAYƏNDƏLƏRİ GƏNC FƏALLA GÖRÜŞÜB

  • By admin
  • 09 Aprel 2019 10:14

Bu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alan gənc fəal Bayram Məmmədovun yaxınları onun  durumundan narahatdır.

Gununsesi.org xəbər verir ki, NİDA vətəndaş hərəkatı Bayramla bağlı açıqlama yayıb və gənc fəalın xəstəxanaya köçürülməsi istənilib.

Təşkilat elan edib ki, onun Binəqədidəki inzibati həbs olunanların saxlanma məntəqəsində sağlamlığında ciddi problemlər yaranıb.

Təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayramın ağrıları şiddətlənməkdədir, baş gicəllənmələri var və hər axşam qusur.

Məhbusun atası Fərman Məmmədov isə oğlu ilə aprelin 4-də görüşdüyünü deyib. Atası onun səhhəti haqda suala belə cavab verib:

“Bayramda belə xasiyyət var ki, özü barədə, ümumiyyətlə, nə baş verdiyini söyləmir, susur. Biz onunla şüşə arxasında danışdıq. Ona görə konkret heç nə deyə bilməyəcəm”.

O, oğlu ilə bu həftə görüşəcəyini qeyd edib.

Ombudsman Aparatının Milli Preventiv Qrupu da (MPQ) aprelin 5-də Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) baxış keçirib.

Gununsesi.org bildirir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. MPQ üzvləri orada saxlanan bir sıra şəxsləri, o cümlədən Bayramı da qəbul edərək konfidensial qaydada dinləyiblər.

Vəkili Elçin Sadıqovun bildirdiyinə görə, Bayram işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir.

Daxili İşlər Nazirliyi mətbuat xidməti AzadlıqRadiosuna gənc fəalın işgəncə ilə üzləşməsi ilə bağlı dediklərinin gerçək olmadığını bildirib.

Ä°lgili resim

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Bayram Məmmədov bu günlərdə buraxılacaq: “Bu gün-sabah buraxılmalıdır. Bizə söz veriblər ki, vaxtından tez azad olunacaq. Heç bir halda yaxşı hadisə deyildi. Hətta qeydiyyata düşmək üçün qol çəkməyə getməkdən imtina edibsə belə, onu həbs etməməliydilər. Hər halda, olmamalıydı, gözləyirik ki, onu buraxsınlar”.

Bu arada “Amnesty İnternational” təşkilatı da gənc fəalla bağlı narahatlığını ifadə edib, onun azadlığa buraxılmasını tələb edib.

Gununsesi.org