Beynəlxalq olimpiadada azərbaycanlı məktəblilər yüksək uğur qazandı

  • By admin
  • 01 Avqust 2016 15:58

tahsil
Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən Gununsesi.info -ya verilən məlumata görə, 23 iyul–1 avqust tarixlərində keçirilən mötəbər elm yarışmasında hər il olduğu kimi, azərbaycanlı məktəblilər də iştirak edib. Azərbaycanı təmsil edən komanda (4 şagird və 2 nəfər rəhbər) yüksək uğura imza atıb. Belə ki, Bakı şəhəri 160 saylı Klassik gimnaziyanın 11-ci sinif şagirdi Məmmədov Ruslan Xanlar oğlu gümüş. Həmin məktəbin 10-cu sinif şagirdi Mirişov Nəriman İrahid oğlu, Şirvan şəhəri 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi Babayev Hüseyn İlqar oğlu və Bakı şəhəri akademik Zəifə Əliyeva adına liseyin eksperimental pilot sinfinin şagirdi Babazadə Ramil Tərlan oğlu bürünc medala layiq görülüblər. Beləliklə, komandamız 1 gümüş və 3 bürünc medal qazanaraq, 100 faizlik nəticə əldə edib.
Nəzəri və praktiki turdan ibarət olan kimya olimpiadası 48-ci dəfədir ki, fərqli ölkələrdə keçirilir və dünyanın gənc kimyaçılarının aşkar olunmasında böyük rol oynayır. Bu il olimpiadaya dünyanın 80 ölkəsindən 300-dən çox şagird qatılıb.
Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilib. Həmin olimpiadada şagirdlərimiz 2 bürünc medal qazanıblar.
Sevindirici haldır ki, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin və kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti nəticəsində şagirdlərimizin nailiyyətləri bu il daha da yaxşılaşıb.

 

tahsil-1

tahsil-2
Gununsesi.info