Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyirik -ELDAR QULİYEV

  • By admin
  • 21 İyun 2019 11:39

Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası davam edir.

Gununsesi.org xəbər verir ki, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini qaldırıb: “Erməni separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar göstərir ki, ermənilər qeyri-konstruktiv mövqedədirlər”.

E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq Azərbaycan itkilərə məruz qalır: “Bu yaxınlarda iki hərbçimiz şəhid olub. Onlardan biri mayor, o biri isə əsgər olub. Təəssüflər olsun ki, Ermənistanın Müdafiə naziri həmin erməni hərbçiləri mükafatlandırıb. Bizim parlament və digər səviyyələrdə apardığımız səylər nəticəsini vermir. Bizim vətəndaşlarımızın hüquqları bu gün də ermənilər tərəfindən pozulur”.

Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: “Lazım olsa, Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyirik. Baş Assambleyasının sessiyası İrəvanda keçirilmişdi, biz orada iştirak edirdik. Amma biz burada erməni nümayəndələrini görmürük”.

Gununsesi.org