“Biznes-ledi” icarəçilər tərəfindən aldadıldı- Oğurluqda ittiham edilərək məhkəməyə verildi

“Biznes-ledi” icarəçilər tərəfindən aldadıldı

Azərbaycanlı milyarder Araz Ağalarovun qardaşı qızı, “biznes-ledi” Səbinə Ağaalrova  “Vegas Crocus City” Ticarət Mərkəzində subicarəçilər tərəfindən aldadılıb.

Gununsesi.org-un “360tv.ru” saytına istinadən məlumatına görə, onlar ticarət mərkəzində dizayner işi geyimlərin və aksessuarların satışı üçün mağaza icarəyə götürüblər. Lakin qısa müddət sonra icarə haqqını ödəməkdən imtina ediblər.

Bundan başqa, subicarəçilər məhkəmə iddiası qaldıraraq iş qadınını onların geyimlərini oğurlamaqda ittiham ediblər.

Ağalarovanın vəkili Kamilə Sultanova bildirib ki, 2018-ci ilin mayında “Konsept-M” MMC adlı şirkət subicarəçi qismində  “Vegas Crocus City”də geyim və aksessuarların satışı üçün mağaza icarəyə götürüb.

“Onlar ötən ilin dekabrına qədər ödəniş şərtlərini kobudcasına pozdular və sonra da maliyyə öhdəliklərini yerinə yetirməkdən tamamilə vaz keçdilər”, – deyə vəkil vurğulayıb.

Səbinə Ağalarovanın sözlərinə görə, o, icarəçilərlə anlaşmağa çalışıb. Belə ki, iş qadını borclarını ödəməsi üçün müddəti uzadıb, borcun məbləğini aşağı salıb. Amma qarşı tərəf məsələni sülh yolu ilə həll etməkdən imtina edərək bəyan ediblər ki, pulları yoxdur.

“Biz onlara məktub göndərdik ki, danışıqlar aparmaq üçün razılaşdırılan məkana gəlsinlər. Lakin onlar buna məhəl qoymadılar”, – deyə Ağalarova qeyd edib.

Belə məqamda “biznes-ledi” mağazadakı malları saxlamaq üçün anbara göndərməli olub. Daha sonra qarşı tərəf Ağalarovanı məhkəməyə verib. Şirkət ondan çatışmayan mallara görə dəyən zərəri ödəməyi tələb edib.

“Onlarda malların çatışmaması ona görədir ki, özləri buna nəzarət etməyiblər”, -deyə iş qadını bildirib.

K. Sultanova opponetlərin iddia ərizəsini zəif hesab etdiyini söyləyib. Onun sözlərinə görə, subicarəçilər iddia ərizəsində özləri göstəriblər ki, icarə haqqına görə borcları var və bu borcu ödəməyəcəklər.

“Məncə, bu qarşı tərəfin vicdansız davranışıdır, öz hüquqlarımızın qorunması və borcumuzu geri almaq üçün məhkəmədə mübarizə aparacağıq”, – deyə Sultanova bəyan edib.

O qeyd edib ki, icarəçilərin borcu hazırda 2 milyon rubldan çoxdur.

İş üzrə birinci məhkəmə iclası artıq baş tutub, lakin “Konsept-M”-in nümayəndələri məhkəməyə gəlməyiblər. Növbəti iclas sentyabrın 24-də baş tutacaq.

“Bu, hüdudu olmayan həyasızlıqdır. Mən belə kobudluğu bağışlaya bilmərəm. İmicimin və adımın ləkələnməsinə imkan verə bilmərəm”,- deyə Səbina Ağalarova deyib.

Gununsesi.org

COMMENTS