Böhran onsuz da yorğunluqdan irəli gəlir- QURBAN QURBANOV

Böhran onsuz da yorğunluqdan irəli gəlir

Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Tərlan Əhmədova da qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

“Gununsesi”-in məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Keşlə” ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının VII turundan təxirə salınmış görüşdən sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Maksim Medvedev, Donald Gerye və Ansi Aqollinin durumu nə yerdədir?

– Aqollinin “Vorskla” ilə matça yetişmək ehtimalı azdır. Onlarla ilk oyunda zədələnmişdi. Maksimlə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Boyun nahiyəsindən zədə aldı. Gerye isə ən pis halda “Vorskla” ilə görüşə hazır olacaq.

Jezniçak sol cinahda başlasa da, Rəşad Sadıqovla matçın gedişində yerini dəyişdi. Bu, nədən qaynaqlanırdı?

– Sol cinahda hücumlarımız fərqli idi. Rəşadı irəli çıxdığı üçün ora keçirdik. Həm Rahil Məmmədli, həm Rəşad, həm də Jezniçak yaxşı çıxış etdi.

Yorğunluğun böhrana gətirib çıxarmasından qorxmursunuz?

– Böhran onsuz da yorğunluqdan irəli gəlir. Əvvəllər də belə vəziyyətlə rastlaşmışıq. Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik.

Son dəqiqələrdə iki əvəzləmə etdiniz. Ancaq tablodakı problemə görə əvəzləmə yubandı. İtirilən vaxta görə, buna dəyərdimi?

– 79-cu dəqiqədə əvəzləmə olmalı idi. Hakimlər tabloda rəqəmləri yazırdılar. Qoldan dərhal sonra əvəzləmə etmək istədim. Bir dəqiqədən çox yubandı.

Tərlan Əhmədov dördlü müdafiə oynatması ilə tanınır. Bu dəfə beşli müdafiə ilə oynamaları sizin üçün gözlənilməz olmadı?

– Gözlənilməz olmadı, amma bunu az ehtimal edirdim. Paltardəyişmə otağında bunu gördük. “Keşlə” ötən illərdə də bu sistemdən ən yaxşı yararlanan komandalardan biri olub. Belə sistemə qarşı oynamışıq. Öz oyunumuzu daha da yaxşılaşdırsaq, istənilən sistemə qarşı oynaya bilərik.

Qarşıdakı turda “Sumqayıt”la qarşılaşacaqsınız. Onlara qarşı daha da çətin olacağını düşünmürsüz?

– Ola bilər. İlk oyunda da belə olmuşdu. Oyunlar gərgin, çətin keçir. Futbolçularıma yorulmaq barədə düşünməyi yaxın qoymayacağam. Yorğunluq olsa da, belə matçlara özümüzü hazırlamalı və daha aqressiv çıxış etməliyik. “Sumqayıt”ın oyunçularının fərdi bacarıqlarına görə, maraqlı oyun olacaq.

COMMENTS