Boris Conson: “İnsanların siyasət və “Brexit” barəsində danışıqlara fasilə verməyə ehtiyacı var”

  • By admin
  • 13 Dekabr 2019 21:57

“İnsanların siyasət və “Brexit” barəsində danışıqlara fasilə verməyə ehtiyacı var”. 

Gununsesi.org-un “BBC“yə istinadən verdiyi xəbərə görə, bu sözləri Britaniyanın baş naziri Boris Conson açıqlamasında deyib.

Boris Conson kraliça II Yelizaveta ilə görüşdüyünü, onun yeni hökuməti qurmaq üçün dəvətini qəbul etdiyini deyib.

O, 2016-ci ildə keçirilən referendumdan sonra keçən bu çətin perioda yekun vurmağın vaxtı gəldiyini bildirib.

“Mən insanların Yeni ilə əmin-amanlıq və xoşbəxt olaraq girmələrini istəyirəm. Bilsinlər ki, hökumət onlar üçün lazımı bütün addımları atır“.

Baş Nazir nitqində səlahiyyətlərindən ölkəsini bir araya gətirmək və inkişaf etdirmək üçün istifadə edəcəyini deyib, eyni zamanda Milli Səhiyyə Xidmətinin (NHS) Britaniya xalqının “üstün prioriteti” olaraq qaldığını anladığını qeyd edib.

Boris Conson ona səs verən insanların etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini, və yanvarın 31-də Britaniyanı Aİ-dən çıxarmaq vədini yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası seçkilər zamanı parlamentdə 365, Leyboristlər Partiyası isə 203 yer qazana bilib. Mühafizəkarlar Partiyası 1987-ci ildən bu yana parlamentdə bu qədər çoxluq əldə edə bilməmişdi.

 

Gununsesi.org