Böyük kişilərin cümhuriyyəti- O GÜN GƏLDİ VƏ ONLARIN YANINA GETDİ / LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Böyük kişilərin cümhuriyyəti

Mənim nə xəstələnməyə, nə də ölməyə vaxtım var.

Yüzə sayılı illər qaldığı bir vaxtda bunu ancaq Şirməmməd müəllim deyə bilərdi. O Kişi ki, cümhuriyyətin yüz ildən qalma arxivini azı yüz min dəfə ələk-vələk eləmişdi, Allah bilir nə qədər toz, nə qədər mikrob udmuşdu. Buna rəğmən, cismən də, ruhən də gümrah idi. Yazırdı, tapırdı, araşdırırdı,çap etdirirdi və sanki yüz cavana dəyən hərəkətliliyi ilə pusquda duran ölümün başını qatırdı.

Nəhayət, ölməyə vaxt tapmayan Kİşini ölüm özü axtarıb tapdı. Saralmış vərəqlərin arasında quruyan xəzəl kimi…. Ona sonuncu dəfə mayın 28-də zəng eləmişdim. Cümhuriyyətin 101 yaşında təbriki ən çox o haqq edir deyə. Səsimi eşidəndə sevinmiş, telefonun o başında özünəməxsus gülüşlə məni salamlaşmaş,bir-iki ürəkaçan cümlə ilə könlümü xoş etmişdi. Necəsiz, nə edirsiz sualıma isə cavabı belə olmuşdu. “Hər şənbə 525-ci qəzet üçün bir səhifə yazı yazıram, al oxu, bax gör neynirəm? ” Bunu 95 yaşlı ixtiyar deyirdi. Üstəgəl biixtiyar və eyhamla deyirdi. Yəni, bu mənəm, görürsüz 95 yaşımda da dayanmıram, boş oturmuram, fələkdən çaldığım bu ömrü bihudə keçirmirəm, boş-boş əyləncələrə vaxt sərf etmirəm, dedi-qodu yapmıram, iş görürəm, iş. Bəli, onun gördüyü iş tarixə yazılacaq iş idi. Bəlkə də bunun adına tarixin dissertasiya işi də demək olar. Və o işi müdafiə edən adam idi Şirməmməd Hüseynov… Yadımdadır, 90 illiyində Bakı Dövlət Universitetinə onunla müsahibəyə getmişdim. Rəsulzadənin məqalələrindən ibarət kitabı mənə göstərib, “bax, pensiyəmlə çıxartmışam bu kitabı ” demişdi. Mən qarşımdakı qırmızı cildli kitaba və bir də tarixin bu üzüağ tədqiqatçısına baxıb qəribə hisslər keçirmişdim. İnsan öz boğazından kəsib necə kitab çıxara bilər?- kimi hiss deyildi bu hiss. Bu hiss bir insan öz tarixini, öz millətini necə bu qədər sevə bilər ?- kimi bir hiss idi. O cümhuriyyəti, cümhuriyyətçiləri tarixin arxivindən günümüzə daşıyan, onları sevən və millətə sevdirməyə çalışan adam idi. Bu işi o qədər gözəl bacarırdı ki… Məhz o, Rəsulzadənin canlı obrazını gözümüz önündə bu qədər aydın canlandıra bildi. Üzeyir Hacıbəyovu öz millətinə ömrünü həsr etdiyi sovet təbliğat maşını Şirməmməd müəllim qədər tanıda bilmədi.

Cümhuriyyət haqqında cild-cild kitablar da məhz Şirməmməd müəllimin araşdırmaları sayəsində ortaya çıxdı. Azərbaycan Məclisi Məbusanının- parlamentinin tarixini üç cilddə yazıb sonra da günümüzün millət vəkillərinə pulsuz -parasız o göndərdi. Şəxsən mənə müsahibəsində özü bu haqda belə deyirdi. ” Əflatun Amaşova 150 kitab verdim ki, apar payla bu kitabları deputatlara, qoy oxusunlar, cümhuriyyət parlamentinin tarixini bilsinlər. Onlardan cəmi üç-beş deputat bu kitabları oxudu.” Bizim oxumaq mərəzimizə heç cür çarə tapa bilmədi Şirməmməd müəllim. Hərdən düşünürəm ki, o bəlkə də bu millətin oxumaq yükünü də öz boynuna çəkmişdi. Bir az mənim, bir az sənin, bir az onun payına düşəni dərhal özü oxuyurdu ki, sonda millətin maarifi, mütaliəsi adına nəsə bir şey olsun. Və bəlkə də Allah elə ona görə Şirməmməd müəllimin ömrünü bir azca uzun eləmişdi. Kim bilir, 95 yox, 75 yaşında vəfat etsəydi, biz cümhuriyyət qurucularını, tarixini olduğu kimi biləcəkdikmi? Nədənsə mən həmişə Şirməmməd müəllimi ruhən 1918-ci ildə, o dövrün adamlarının yanında görmüşəm. Düşünmüşəm ki, Rəsulzadə aşiqi, Üzeyir vurğunu bir adam necə bu dünyada yaşamağa can ata bilər ki?! Hətta bir dəfə bu sualı ona verməkdən özümü güclə saxladığımı da yaxşı xatırlayıram.

O gün gəldi. Şirməmməd müəllim o BÖYÜK KİŞİLƏRİN cümhuriyyətinə yollandı.

Salam de, ustad!

Sənsiz çox darıxacağıq, Şirməmməd müəllim.

Ləman Ələşrəfqızı

Xüsusi olaraq,

Gununsesi.org üçün

COMMENTS