Brüs Linin qızı:“Atama verdiyi dəyərə görə Azərbaycana öz sevgimi göndərirəm - MÜSAHİBƏ

  • By admin
  • 05 Fevral 2019 16:23

Dünyaca məşhur əfsanəvi döyüşçü, kinoaktyor, ssenarist və rejissor Brüs Linin həyatda olan yeganə övladı  Şennon Li jurnalist Hafiz Əhmədovun rəhbəri olduğu HafizTimes.com-a eksklüziv müsahibə verib.

Gununsesi.org müsahibəni oxucularına təqdim edir:

Şennon Li –  aktrisa və prodüser.  Döyüş sənəti və biznes sahəsi ilə məşğul olur. Ailəlidir. Vren Kisler adlı bir qız övladı var.

-1969-cu ilin 19 aprel tarixində Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Brüs və Linda Linin ailəsində ikinci övlad olaraq dünyaya göz açıb. 1987-ci ildə Chadwick liseyinin məzunu olub.  Daha sonra Nyu-Orleans Tulane Universitetində təhsilini davam etdirib. Hazırda “Brüs Li”nin adını daşıyan Fonda rəhbərlik edir.  Bir neçə filmdə rol alıb. O, həmçinin ilk dəfə olaraq atasının həyatından bəhs edən sənədli filmdə də çıxış edib.

-Atanızı necə xatırlayırsınız?  

-Mən atamı çox az görmüşəm. O, həyatda olanda mən çox balaca idim. Atamla birlikdə keçirdiyim uşaqlıq illərinin çox az bir qismini xatırlayıram.

-Brüs Linin qızı olaraq böyüməyin hansı çətinlikləri oldu?

– Hər zaman məndən soruşurlar ki, “Brüs Linin qızı olaraq böyümək çətin olmadı ki? Mən də cavab verirəm ki, xeyr: “Brüs Linin qızı olaraq böyümək çətin olmadı.  Çünki mən Brüs Linin qızı kimi böyümədim, sadə bir  insan kimi böyüdüm”.

-Atanızla aranızda  hansı oxşarlıqlar var?

-Mən bunu özüm yaxşı bilmirəm. Amma ailəm hər zaman deyir ki, mən xarakter və görünüşə görə atama çox oxşayıram. İnsanlar fərqli-fərqli fikirlər söyləyirlər.

-Atanızla bağlı yaddaşınızda qalmış hansısa xatirəniz varmı?

-Atamla bağlı mənim  çox az xatirələrim var. Az da olsa xatırlayıram ki, evdə həmişə bilikdə olardıq. Atamla qardaşım Brandon müxtəlif oyunlar oynayırdı.

-Brüs Linin hansısa bir uğur sirri olubmu?

-Brüs Linin  elə də gizli uğur sirri olmayıb. O, həmişə hər şeyi açıq şəkildə edib. Beləliklə insanlar onun necə biri olduğunu gördülər və başa düşdülər.

-Sizcə Brüs Linin ən böyük tarixi xidməti nə olub?

-Brüs Li Şərqin yeni bir döyüş sənəti növünü dünyaya təqdim etdi.  O, filmlərdəki döyüş sənəti ilə bağlı dünyanı dəyişdi.

 

-Atanızdan örnək götürdüyünüz hansı məqamlar var?

-Atam Brüs Lidən bir örnək götürdüm: “Hər zaman irəli gətməlisən”

-Atanız Brüs Linin daha çox hansı fəlsəfi fikirlərini dəstəkləyirsiniz?

-Atamın demək olar ki, bütün fikirlərini sevirəm və  dəstəkləyirəm. Atamın “Su ol,  mənim dostum” məşhur fikrini hər kəs kimi mən də dəstəkləyirəm.

 -Qardaşınız mərhum Brandon Lini necə xatırlayırsınız? Onun vəfatından sonra illər necə keçdi?

-Mənim Brandonum möhtəşəm bir insan idi. Onu hər zaman sevəcəm. Onun üçün çox darıxıram…

-Qardaşınız Brandon Linin ölümü ilə bağlı zaman-zaman müxtəlif şübhəli fikirlər səsləndirilir. İddia edilir ki, o, film çəkiliş meydançasında qətlə yetirilib, ona atəş açılan silaha kimsə əvvəlcədən barut qoyub. Sizcə Brandonun qatili kimdir?

– Sadəcə olaraq deyə bilərəm ki, qardaşım Brandon film çəkiliş meydanında baş verən qəza nəticəsində vəfat etdi. Bu ailəmiz üçün ən böyük faciə idi.

-Hazırda hansı işlə məşğul olursunuz? Film çəklişlərinə davam edirsiniz?

-Bildiyiniz kimi, bir müddət film sahəsində çalışdım. Hazırda  atamla bağlı  bir film çəkməyə çalışıram.

Hədəfim Brüs Linin irsini qorumaq və onu dünyaya təqdim etməkdir.  Mənim ilk filmim “Dragon: Brüs Linin həyat hekayəsi” idi. Hazırda isə biz “Warrior” filmini çəkirik.

 -Şəxsi həyatınızla bağlı bilmək istərdik.

-Bu barədə çox danışmaq istəmirəm. Mən də anayam. Vren adlı bir qız övladım var. Ona çox bağlıyam.

– Gənclərə uğur qazanmaqla bağlı hansı məsləhəti verərsiniz?

-Xəyallarınızın ardınca gedin. Arzularınızı fəaliyyətinizlə dəstəkləyin. Əgər bir şeyi ürəkdən istəyirsənsə bu istiqamətdə həm qəlbdən, həm də fiziki olaraq fəaliyyət  göstər. Hər şeyə qəlbinizlə qərar verin. Düşünləriniz, davranış və görüntünüz bir-birinə zidd ola bilməz.

-Sonda Azərbaycanda Brüs Li sevənlərə nə demək istərdiniz?

-Brüs Liyə verdiyiniz dəyər və hörmətə görə hər kəsə öz təşəkkürlərimi, sevgimi göndərirəm. O, həyatda olsaydı bu sevgiyə görə çox xoşbəxt olardı…

Sonda isə qeyd edim ki, bir neçə sualınızı cavablandıra bilmədiyim üçün üzr  istəyirəm. Bəzi sualların cavabını mən özüm də bilmirəm. Anlayışınız üçün təşəkkür edirəm.

Gununsesi.org