Bu gün FED faizləri açıqlayacaq

  • By admin
  • 31 İyul 2019 11:11

“Bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FED faiz qərarını açıqlayacaq, çox güman uçot dərəcəsi 0,25% aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələrini də qızışdıracaq”. 

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşıb. O bildirib ki, FED-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın:

“Çünki normal iqtisadiyyatı, real ixracı olan ölkələr öz valyutalarının möhkəm və baha olmasını istəmirlər.
FED qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək, çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir.

Qısa misalla izah etməyə çalışım: İnsanın immun sistemi sağlam olanda xəstəliklə bədən özü mübarizə aparır, orqanizm özü müqavimət göstərərək xəstəliyə qalib gəlir və xəstəlik zamanı içilən dərmanlar ancaq köməkçi rolu oynayırlar. İmmun sistemi zəif olan orqanizmlər isə daim dərman atırlar ki, xəstələnməsinlər, amma bu da kömək olmur, xəstələnirlər və bu zaman da çox ağır antibiotiklər qəbul etməyə məcbur olurlar. Ağır dərmanlar müvəqqəti effekt yaradır, amma immun sistemi daha da zəiflədir, orqanizmə orta və uzun vadədə ciddi mənfi təsir göstərir.

İqtisadi institutlar ölkələrin imun sistemidir, yaranan problemləri iqtisadi qanunlara uyğun tənzimləyir və həll edir, institutlaşmayan ölkələrdə isə hər problemin həlli dövlət müdaxiləsi tələb edir, bu müvəqqəti effekt yaradır, amma orta-uzun vadədə ölkəyə ciddi ziyan vurur.

Bu gün manatla bağlı yaranan sabitlik “vurulan antibiotiklə” bağlıdır, orqanik deyil, müvəqqətidir və bu “iynələr” ölkə iqtisadiyyatında imun sisteminin yaranmasına mane olur. Ona görə də orta-uzun vadədə bu “iynələrin” yeri ağrıyacaq, şişəcək, daha ağır əməliyyatla (növbəti gecəlik devalvasiyalar ilə) müdaxilələri qaçılmaz edəcək”.

Gununsesi.org