Bu gün jurnalist Əziz Qaraşoğlunun məhkəməsidir

  • By admin
  • 05 Noyabr 2019 14:07

Bu gün jurnalist Əziz Qaraşoğlunun məhkəmə prosesi keçiriləcək. Gununsesi.org xəbər verir ki, proses Nəsimi Rayon Məhkəməsində saat 14:30-da baş tutacaq.

Qaraşoğlu bildirib ki, indiyə qədər 3 dəfə məhkəmə prosesi müxtəlif səbəblərdən təxirə salınıb. Onun sözlərinə görə, barəsində çıxarılmış şərti cəza növünün dəyişdirilməsini tələb edir. “Görünür, hələ də bizim “ədalətli” hakimlərimiz “yuxarıdan” vəhy almayıblar deyə, çaş-baş qalıblar və nə edəcəklərini bilmirlər. Bir dəfə deyirlər ki, icraçının rəyi yoxdur. Bir dəfə deyirlər ki, saat dəyişib, bir dəfə deyirlər ki, prokuror gəlməyib… Azərbaycan adına ayıbdır bu hərəkətlər”.

Xatırladaq ki, “Kanal 13” internet televiziyasının direktoru olan Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanmış, haqqında həbs qətimkan tədbiri seçilmişdi. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub.