Bu ilin doqquz ayında AÇG neft yataqları fəaliyətlərinə 1,452 mlrd. dollar xərclənib

  • By admin
  • 05 Noyabr 2019 14:53

Bu ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə 418 mln. ABŞ dollarından artıq əməliyyat məsrəfləri və 1 034 mln. dollara yaxın əsaslı məsrəflər xərclənib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu ilin 2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (AMŞ) layihəsinə sanksiya verildi. 6 mlrd. dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 mln. barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanıb. Tikinti işlərinə iyul ayında başlanılıb və ilin üçüncü rübü ərzində genişlənməyə davam edib.

Bu ilin üçüncü rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000), “Mərkəzi Azəri” (133 000), “Qərbi Azəri” (121 000), “Şərqi Azəri” (92 000), ”Dərinsulu Günəşli” (95 000) və “Qərbi Çıraq” (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 mln. barel, yəni 20 mln. ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Bundan başqa, üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).