“Bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək”- Siyavuş Novruzov

“Bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək”

“Əminəm ki, Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”.  

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Milli Məclisdə “Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.

O deyib ki, Ə. Əsədovun Prezidentin etimadını doğruldacağına inanır.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini S. Novruzov qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi prosesinə Ə. Əsədov uğurla başçılıq edib: “İnanıram ki, bu təyinatdan sonra hökumətdə, Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək. Bütün islahatların rəhbəri Prezident İlham Əliyevdir, bu islahatların icra edilməsi hökumətin üzərinə düşür. İnanırıq ki, hökumətin rəhbəri kimi Əli Əsədov bu işlərin öhdəsindən uğurla gələcək”.

Millət vəkili Vahid Əhmədov deyib ki, Ə. Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır:

“Biz komitələrdə, parlamentdə müzakirələr zamanı təkliflər veririk. Baş Nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin. İkincisi, Prezident İlham Əliyev son illər iqtisadi inkişafla bağlı ciddi addımlar atır. Prezidentin hədəflərindən biri iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu, yetərli deyil. Mən Baş Nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. Üçüncüsü, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə 100 səhifəlik layihə kifayətdir”.

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Ə. Əsədov iqtisadiyyatın əsaslarını bilir: “Əli Əsədov ali məktəbdə mənim müəllimim olub, onun ideyaları ilə tanışam”.

COMMENTS