Büdcədən “ASAN Xidmət”ə xərclənən vəsait artıqlaması ilə qaytarılıb

Büdcədən “ASAN Xidmət”ə xərclənən vəsait artıqlaması ilə qaytarılıb

Bu günə qədər “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.

Gununsesi.org bildirir ki, bunu oktyabrın 9-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal ticarət forumu: İpək Yolunun rəqəmsallaşması” mövzusunda keçirilən üçüncü beynəlxalq konfransda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

“Aparılan işlər bu xidmətlərin yaxın gələcəkdə oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılması məqsədilə elektron hökumət infrastrukturu yenilənib, bu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib”, – deyə o qeyd edib.

Ü.Mehdiyev həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurum rəqəmsal həllərin hazırlanması, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işləri davam etdirir.

Bundan başqa, onun sözlərinə görə, fəaliyyət göstərdiyi 7 il ərzində “ASAN Xidmət” mərkəzlərinin saxlanılmasına dövlət büdcəsindən 132 milyon manat ayrılıb, mərkəzlər isə büdcəyə 135 milyon manat vəsait ödəyiblər: “Aparılan islahatlar nəticəsində həm bir çox sahələrdə uğur qazanılıb, hədəfə çatılıb, şəffaflıq təmin edilib, həm də dövlət büdcəsindən xərclənən vəsait artıqlaması ilə qaytarılıb”.

 

 

Gununsesi.org

COMMENTS