Bülbüloğlunun oğlu: "Atamın və babamın musiqi sahəsindəki yolunu davam etdirəcəm"

  • By admin
  • 31 İyul 2016 19:56

polad ve murtuza bulbul

 

“Qəbələ festivalının təməli yaxşı qoyulub, uğurları inkişaf etdirmək lazımdır”.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qəbələ VIII Beynəlxalq Musiqi Festivalının xüsusi qonağı olan bəstəkar və müğənni, Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan Polad Bülbüloğlu belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, Qəbələ səhnəsinə oğlu, gənc dirijor Murtuza Bülbülün rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxdığını, yerli və xarici tamaşaçılar qarşısında xalq və bəstəkar musiqilərini səsləndirdiyini, buna görə özünü xoşbəxt hesab etdiyini qeyd edib.

“Bu festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Festivalın təməli yaxşı qoyulub, indi isə onu inkişaf etdirmək lazımdır. Özünüz də, görürsünüz ki, ötən 8 ildə böyük uğurlar əldə olunub” – deyə, P. Bülbüloğlu bildirib.

Polad Bülbüloğlu qeyd edib ki, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri, solistləri Qəbələ səhnəsində konsert verirlər. Bu böyük uğurdu. Təbii ki, həmin əcnəbi musiqiçilər öz ölkələrinə qayıdanda Azərbaycan barədə, Qəbələ haqqında danışırlar. Bu da Azərbaycanın dünyada daha da tanınmasına kömək edir. Bilirsiz ki, musiqiçilər dünyada çox gəzirlər, müxtəlif şəhərlərə səfərlər edərək konsertlərdə olurlar. Hazırda bir çox ölkələrdə bu cür böyük tədbirlərin təşkili üçün bəzən maliyyə məsələləri ilə bağlı müəyyən çətinliklər olur, amma Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi mühüm tədbirləri mütləq qoruyub saxlamaq və yaşatmaq lazımdır. Çünki musiqi aləmində bu böyük bayramdı. Azərbaycanın paytaxtdan və bölgələrindən insanlar bu festivalın konsertlərinə gəlirlər, Qəbələdə dincələn xarici turistlərin axşamlar klassik musiqi dinləmək üçün necə həvəslə festivala gəldiyini görürəm. Mən inanıram ki, bu festival hələ uzun illər yaşayacaq və böyük uğurlar əldə edəcək”.

Atası ilə birgə Qəbələ festivalında uğurlu çıxışına görə çox sevindiyini deyən gənc dirijor Murtuza Bülbül tədbirin gözəl təşkil edildiyini, səhnənin tərtibatını, orkestrın çıxışını, dinləyiciləri bəyəndiyini qeyd edib. O, atasının və babasını musiqi sahəsindəki yolunu davam etdirəcəyini, Moskvada imtahan verərək dirijorluq üzrə məktəbə daxil olduğunu, sentyabrdan isə təhsil almağa başlayacağını bildirib.

Gununsesi.info