Cənubi Qafqaz uğrunda Rusiya-NATO qovğası- Gürcüstanın Alyansa üzvlüyü Azərbaycana nə vəd edir?

Cənubi Qafqaz uğrunda Rusiya-NATO qovğası

Şimali Makedoniyanın dünyanın ən güclü hərbi-siyasi bloku olan NATO-ya üzvlüyündən sonra postsovet məkanındakı ölkələrə də növbənin yaxınlaşdığı bildirilir. Bir çox siyasi analitiklər hesab edilər ki, Ukrayna və Gürcüstanın da bu hərbi-siyasi bloka qəbul ediləcəyi gözləniləndir.

Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstanın NATO-ya üzvlüyünün region üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirmişdi. O, 2008-də baş verən hadisələri xatırladaraq daha bir bənzər halın yaşanmaması üçün Gürcüstan rəhbərliyinin eyni yanlışları etməməli olduğu xəbərdarlığını etmişdi: “2008-ci ildə Gürcüstanda baş verən və Rusiyanın da işə qarışması ilə nəticələnən Cənubi Osetiya problemi əslində qarşısı alınması mümkün bir məsələ idi. Sadəcə olaraq o vaxtkı Gürcüstan hökuməti bu mənada heç bir addım atmadı. Hazırkı vəziyyət də ona bənzəyir. Gürcüstanın NATO-ya üzvlüklə bağlı cəhdləri yeni bənzər problemlərə səbəb ola bilər. Ona görə də rəsmi Tiflis bu barədə yaxşı-yaxşı götür-qoy etməlidir”.

Bu xəbərdarlıq bir daha göstərir ki, Rusiya NATO-nun Cənubi Qafqazda yerləşməsinə, Cənubi Qafqaz ölkələrindən hansınınsa bu Alyansa üzv olmasına göz yummaq fikrində deyil.

Bəs NATO Gürcüstanın üzvlüyə qəbul etmək istiqamətində addımlarını ciddiləşdirdikdə və adı çəkilən ölkələr seçim qarşısında qalanda Rusiyanın reaksiyası necə olacaq? Rusiya daha sərt addımlara gedə bilərmi? Xüsusən də Gürcüstanın NATO-ya üzvlüyü reallaşarsa bunun Azərbaycana da təsirləri olarmı?

 

Politoloq Qabil Hüseynli bildirdi ki, Moskva nəyin bahasına olur-olsun Cənubi Qafqaz ölkələrinin NATO üzvlüyünün qarşısını almağa çalışır: “Bunun üçün ən müxtəlif varinatlara əl atılır. İqtisadi, siyasi, hərbi təzyiq vasitələri zaman-zaman işə salınır. Əgər Gürcüstanın NATO-ya üzvlüyü məsələsi ciddiləşrsə, bu təzyiq vasitələrinin hər biri işə salına bilər. Azərbaycana gəldikdə, NATO-ya üzvlük məsələsi üzrə Gürcüstan və Azərbaycan bir yerdə nəzərdən keçirilə bilməz. Çünki Azərbaycan Gürcüstandan fərqli olaraq NATO üzvü olmağa çalışdığını bəyan etməyib. Əksinə, rəsmi səviyyədə bildirilib ki, hazırda Azərbaycanın NATO-ya üzv olmaq kimi hədəfi yoxdur. Rusiya da bilir ki, Azərbaycanın NATO-ya üzvlük məsələsi gündəmdə yoxdur. Azərbaycanda bu məsələ müzakirə olunmur, Gürcüstanda isə həm cəmiyyət, həm də elita NATO-ya üzvlük ideyasını dəstəkləyir.

İkincisi, ərazilərində həll edilməmiş ərazi münaqişələri olan ölkələrin Alyansa üzv qəbul edilməsi elə də asan deyil. Lakin Rusiya fikirləşməməlidir ki, ”dondurulmuş münaqişələr”in mövcudluğu Gürcüstanın NATO-ya üzvlüyünün qarşısını birdəfəlik ala bilər. Azərbaycan isə tamam başqa vəziyyətdədir və “kartları” ilə daha ağıllı oynayır. Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə çox yaxşı münasibətləri var. NATO məsələsi gündəmdə olmadığı üçün Azərbaycana bu məsələyə görə təzyiq və ya təhlükə yoxdur. Ancaq nə zamansa seçim etmək məsələsi ciddi şəkildə qarşısımızda duracaqsa, təzyiqlər onda başlaya bilər. Daxildə gərginlik yaratmaqdan, sabitliyi pozmaqdan tutmuş, iqtisadi təzyiqlərə, ermənilərin əli ilə təzyiqlərə qədər çoxtərəfli təzyiqlər mümkündür”.

COMMENTS