Çətinliklərin gətirdiyi asanlıqlar

  • By admin
  • 08 Yanvar 2020 11:35

Bismilləhir-Rahmənir-Rahim!

Dünyada insanları, xüsusilə inanclı insanları düşündürən bir sual var. Bizlər bu dünyada yaşayırıq və həyatımızda müxtəlif problemlər, müşküllər, çətinliklərlə üzləşirik. Desək ki, insan həyatının ən zəngin tərəfi qarşıya çıxan çətinliklərdir və o cümlədən, onları aradan qaldırmağa çalışmaqdır – yəqin ki, mövzunu böyütmüş olmarıq.

 

İnsan uşaq yaşından başlayaraq, növbənöv çətinlikləri, problemləri hiss edə-edə, həll edə-edə yeniyetmə yaşlarına qədər gəlib çatır. Sonra cavanlıq dövründə, sonra daha yaşlı dönəmində – beləcə ahıl dövrünə qədər insan, çətinliklərlə qarşılaşaraq, həyat sürür. Faktiki olaraq, müşküllər və çətinliklər insanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilir.

Bəs bu çətinliklər, problemlər, müşküllərlə nə edək?

 

 

Çətinliklər və onlarla qarşılaşan zaman sərgilənməli yeddi davranış

Həzrət Əlinin (ə) “Nəhcül-Bəlağə”sindən bəhrələnərək, çətinliklə bağlı yeddi tövsiyəni bölüşmək istərdik. İnsan ilk olaraq müşkülü, problemi, çətinliyi tanımalıdır. Çünki, qarşımıza çıxan çətinlik və problemlər – bizim rəqibimizdir. Bizim onunla mübarizə aparmağımız üçün, onu aradan aparmağımız üçün lazımdır ki, ilk növbədə onu tanıyaq.

Misal üçün, iki futbol komandası bir-biri ilə oynamazdan qabaq bir-birlərinin heyətləri ilə tanış olur, oyunlarını izləyir, tanıyır və s. Tanımadan, öyrənmədən bir rəqabətə girmək – əksər hallarda məğlubiyyətlə nəticələnə bilər.

 

Adətən çətinliklər qarşıya çıxanda biz bunu etmirik. Çətinliklər bizi qəfil yaxalayır və biz onun dalınca düşüb gedirik. Biz onu idarə etmək, həll etmək əvəzinə, yönəltmək əvəzinə, o, bizi öz ardınca aparır. Ona görə də, gərək qarşılaşdığımız çətinliklə tanış olaq, onun növünü müəyyən edək.

 

 

Çətinliklərin iki halı

Bunu etməklə əlaqədar, problemşünaslar öz maraqlı nəzərlərini irəli sürüblər. Problemlər nəhayətən iki növdür. İnsanın qarşılaşdığı çətinliklər, narahatlıqlar, problemlər iki haldan qıraq deyil.

 

Birincisi, insanın təbiətinin və fitrətinin nəticəsi olan problemlərdir. Bunlar o cür problemlərdir ki, onlar bizim ixtiyarımızda deyil, onların meydana çıxmasında bizim bir rolumuz yoxdur. Misal üçün, insan bəlli bir yaşa gəlib çıxandan sonra dünya ilə vidalaşır. Bunu problem etməyin mənası yoxdur, bu, bizdən asılı olan məsələ deyil.

İnsanın hər yaş mərhələsinin belə təbii olan problem və çətinlikləri var. Hər kəsin özünün tutumuna və vəziyyətinə görə çətinlikləri var. Bu, birinci növ problemlərdir.

 

İkinci növ problemlər – o problemlərdir ki, onlar insanın cismini və ruhunu gücləndirmək üçündür. Onlar çətinlikdir, amma insan onlarla istər cismi müstəvidə, istər ruhi müstəvidə doğru davransa, zəifləməz, əksinə – güclənə bilər. Bu çətinliklər bir vasitə olur ki, bizim cismimiz, ruhiyyəmiz, psixoloji durumumuz güclənsin.

 

 

Varlıqların güclənməsində çətinliklərin rolu – baramanın misalında

Bir gün bir müəllim dərsdə qərar verir ki, barama qurdu ilə bağlı bəlli səhnəni təqdim etsin. Bildiyimiz kimi, kəpənəklər bir neçə mərhələdən keçir. Yumurta mərhələsi, tırtıl mərhələsi, barama mərhələsi və nəhayət, kəpənək mərhələsi var. Barama mərhələsindən kəpənək mərhələsinə keçid asan baş vermir. Müəllim dərsdə baramadan kəpənəyə keçmə mərhələsini uşaqlara əyani göstərir. Hamı görür ki, bu həşərat təlaş içərisindədir. Müəllim də izah edir ki, bu canlı baramadan çıxmalıdır, kəpənək olmalıdır.

Müəllim sinifi tərk edir və bir az keçəndən sonra gəlir. Görür ki, kəpənək ölüb. Müəllim uşaqlardan bunun səbəbini soruşduqda, deyirlər ki, uşaqlardan birinin kəpənəyə yazığı gəldi, onu baramadan çıxartdı, qoymadı ki, kəpənək özü çıxsın, əziyyət çəksin. O da çıxardılandan sonra bir qədər çırpındı və tələf oldu.

Müəllim bunun səbəbini izah edir ki, barama kəpənək halına keçənə qədər o çarpışması, səyi, mücadiləsi, təlaş göstərməsi – məhz bunlar onu kəpənək edir. Əgər o, bu sınaqlardan keçməsə, kəpənək olanda bir an da dözə bilməz.

Siz istədiniz ki, o, təlaş və səy göstərmədən bu mərhələyə daxil olsun, amma o, bu vəziyyətə düşməyə hazır deyildi.

 

 

Çətinlik və sınaqlara Allahın neməti kimi baxmalı

Həzrət Əlinin (ə) təqribən bu mənaya toxunan bir buyuruşu var. Həzrət Əli (ə) buyurur: “Agah olun ki, çöllükdə yetişən ağacların gövdəsi daha bərk olur, su kənarında bitən ağacların isə qabığı nazik olur. Çöllükdə bitən ağaclar yağış suyu ilə sirab olurlar və nəticədə çöl ağaclarının odunları daha şölələnəndir və daha davamlıdır”.

Ağaclar neçə cür olur. Ağaclar var ki, çöl ağaclarıdır, onları xüsusi olaraq suvarmırlar. Ağaclar da var ki, su olan yerlərdə, su kənarlarında, çay qıraqlarında olurlar. Ağaclar da var ki, onlar davamlı olaraq suvarılırlar. Həzrət Əli (ə) çöl ağaclarının xüsusiyyətlərindən bəhs edir. Buyurur ki, çöl ağacları böyük imtahan və çətinliklərlə həyatda qalıb, ona görə də çox davamlıdırlar. Bu ağaclar artıq elə bir sınaqlardan keçir ki, özündə xeyli güc toplayır və oda qoyulanda da rahatlıqla yanıb kül olmaz, davamlı şölələnərlər. Amma çay kənarında bitən ağacları oda qoysan, bir neçə dəqiqəyə yanıb kül olar.

 

Əgər biz imtahanlara baxsaq, görərik ki, imtahan və çətinliklər – Allahın bir nemətidir. Çətinliklər var ki, onlar insan üçün xüsusi bir nemətdir. Misal üçün, bu fəsildə insanın xəstələnməsi onun cismi üçün bir nemətdir, onun immunitetini daha da gücləndirər. Təbii ki, söhbət səhlənkarlıqla xəstələnmədən getmir. Amma, təbii halda bir insanın xəstələnməsi – bir qayda olaraq, bədənin müdafiə sistemini gücləndirən amillərdəndir. O cür də bəzi çətinliklər var ki, onları həll edərkən insanın ruhiyyəsi, psixoloji durumu güclənir. Misal üçün, bir yeniyetmədir, onun vicdan hissi oyanmağa başlayıb, valideyn bundan narahat olmamalıdır. Əksinə, bunu inkişaf etdirməlidir.

Bizim dövrümüzün problemlərindən biri budur ki, ğina, haram musiqi çox vaxt insanı haldan kənar edir, o cümlədən, onun vicdan hissinin oyanmasına imkan vermir. Boş-boş işlər, mənasız əyləncələr insanın vicdan hissinin oyanmasına imkan vermir.

Bunun əlacı – təfəkkür və düşüncədir. Bu baxımdan, bizlər imtahan və sınaqlara, çətinliklərə Allahın neməti kimi yanaşmalıyıq.

 

 

Çətinliklər zamanı tövbə və istiğfar

İkinci məsələ odur ki, insanda sual yarana bilər ki, bəlkə bu çətinlik mənim səhvimə görə yaranıb? Həzrət Əli (ə) bu durumda ikinci resepti təqdim edir. Həzrət Əmirəlmöminin (ə) buyurur ki, tövbə və istiğfar edin. Əgər bu çətinlik və müşküllər günahın nəticəsində meydana gəlibsə, sən tövbə və istiğfar etsən – Uca Allah lütf edər və bu çətinliyin aradan gedər.

Bütün hallarda tövbə və istiğfar Allahın rəhmətini endirir. Bütün hallarda tövbə və istiğfar Allahın xüsusi lütf yağışının enməsinə səbəb olur.

Deməli, birinci məsələ – imtahanı tanıma, ikinci mövzu isə tövbə və istiğfardır.

 

 

Öz dəyərimizi tanımalıyıq

Bizlər çətinlik və sınaqları tanımaq üçün, mütləq özümüzü tanımalıyıq. Həzrət Əli (ə) buyurur: “Məhv oldu o kəs ki, öz dəyərini bilmədi”. Əgər insan öz dəyərini bilməsə, məhv olar. Misal üçün, baxırsan ki, Allah insana bu qədər istedadlar verib, bu qədər qabiliyyətlər verib – amma çox vaxt insan öz dəyərini, qədrini bilmir. Allah insana ağıl, şüur, qəlb verib, amma insan öz qədrini bilmir, necə gəldi yaşayır.

Həzrət Əli (ə) öyrədir ki, çətinliklərlə qarşılaşan zaman sən öz dəyərini düşünməlisən, kim olduğunu, nə üçün yaradıldığını düşünməlisən.

Biz insanlar Allahın yer üzərində xəlifəsi olmaq gücünə, qabiliyyətinə malikik. Biz yer üzərində Allahın bəndəsi olsaq, əslində yaradılışın ən alisi ola bilərik.

İnsan özünü mütləq tanımalıdır. Özünü tanımaq, çətinliklərlə üzləşən zaman çox kömək edə bilər. Bu, çətinliklərələ bağlı üçüncü məsələdir.

 

 

Davamlı səbir və istiqamət

Dördüncü mövzu odur ki, gərək insanın həyatında davamlılıq olsun. İnsanın həyatında səbir olmalıdır və istiqamətə davamlılıq olmalıdır. Çətinlik qarşımıza çıxanda, problemlə üzləşəndə gərək geri çəkilməyək.

Səbir və istiqamət çox önəmlidir. Səbrin üç növü var. Onlardan biri də çətinliklərlə üz-üzə gələndə Allahın razılığını rəhbər tutmaq və Allahın razılığı bunda olduğu üçün səbir etməkdir. Həzrət Əli (ə) bu barədə çox gözəl buyurur: “Səbirli insanın qələbəsi və uğuru heç vaxt əldən verilmir, məgər ki, çox zaman aparsın”.

Əgər bir imanlı şəxs səbr etsə – mütləq qalibdir. Ola bilər ki, bir qədər uzun zaman çəksin, amma mütləq qalib gələcək. Çünki o, Allahın istəyini rəhbər tutaraq səbir göstərib və davamlılıq sərgiləyib.

 

 

Çətinliklər müqabilində iradə

Ən mühüm məsələlərdən biri də iradədir. Həzrət Əli (ə) Həzrət Rəsulallah (s) haqqında buyurur ki, “O Həzrət (s) bir addım da geri atmadı və iradəsi zəif və süst olmadı”. Bütün şəraitlərdə – nə Məkkədə, nə Şeybi-Əbutalibdə, nə Hicrət vaxtı, nə Mədinədə, nə Bədrdə, nə Ühüddə, nə Xəndəkdə – heç vaxt bir addım geri çəkilmədi və iradəsi zəif və süst olmadı.

Deməli, çətinlik və sınaqlarla bacarmaq üçün, bizlər iradələrimizə fikir verməliyik. Xüsusən iradə gündəlik, davamlı olaraq kiçik-kiçik yaxşı işləri görməklə yaranır.

 

 

Digərlərinin çətinliklərinə nəzər salma

İnsan digərlərinin çətinliklərinə də nəzər salmalıdır. Əvvəla, görəcək ki, çətinlik və problemlər təkcə onun qarşısına çıxmır. İkinci də digərlərinə baxanda görəcək ki, vəziyyəti o qədər də faciəvi deyil, digərləri də müxtəlif çətinlik və sınaqlarla üzləşir, onlarla yaşayır, onları aradan qaldırmağa çalışır.

Eyni zamanda özü hələ problemlərini həll edə bilməyəndə, digərlərində nəticələri görəndə, anlayacaq ki, bunu gəlib keçənlər var və bu, ona rahatlıq verəcək.

 

 

Çətinliklərin gətirdiyi müsbətliklərə diqqət

Narahatlıqların, çətinliklərin gətirdiyi müsbət nəticələrə təvəccö və diqqət də çox önəmlidir. Biz gərək baxaq ki, bu narahatlıqlar hansı müsbətlikləri yaradır, bu çətinlik hansı müsbət fürsətlər yaradır. Əksər hallarda bir imtahan, bir sınaq insanın istedadlarının, bacarıqlarının üzə çıxmasına səbəb olur. Bəzən olur ki, insan öz qabiliyyətlərindən xəbərdar olmur, bir imtahan gərəkir ki, onun bacarıqları üzə çıxsın.

 

Biz baxmalıyıq ki, çətinliklərin yaratdığı təhdidləri necə fürsətə çevirə bilirik. Buradakı müsbətlikləri görmək özü bir qabiliyyət istəyir. Bu, həm fərdlərə, həm də toplumlara aiddir. Sınaqlar, çətinliklər zamanı həm fərdlərin, həm də toplumların qabiliyyətləri, bacarıqları üzə çıxır. Misal üçün, son illərdə İŞİD adına bir bəla, çətinlik meydana gəldi. Ağır idi, çətin idi, amma ümmət, möminlər öz istedadlarını ortalığa qoydular. Bu vaxt görün nə qədər müsbətliklər meydana gəldi, bu çətinliklərdə nə qədər istedadlar üzə çıxdı.

Beləliklə, hər çətinlikdə bir fürsət, bir nemət gizlənmişdir sanki. İnsan bunları görməyi bacarmalı, dərs götürməyi öyrənməlidir.

 

Allahım, bizlərə problem və çətinlikləri tanıyıb, onlarla doğru davranmanı nəsib et!

Allahım, hər halımızda, hər durumumuzda Sənin hüzurunda olduğumuzu xatırlamanı bizlərə nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Gununsesi.org