Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etdi

  • By admin
  • 28 Yanvar 2020 15:18

Beynəlxalq Bankın keçmiş sədri, həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva ölkə başçısı İlham Əliyevə müraciət edib.

Gununsesi.org həmin müraciəti sizə təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:

Artıq dörd ildir ki, qardaşım Cahangir Hacıyevin istintaqı və məhkəmə prosesi gedir. Hazırda Apellyasiya Məhkəməsində beşinci məhkəmə iclası keçirilir. Dörd ildir ki, qardaşım və onun vəkilləri istintaq və məhkəmə instansiyalarndan heç olmasa bir mənimsəmə faktını təqdim etməyi xahiş edirlər. Və bu illər ərzində nə istintaq orqanları, nə də  beş məhkəmə instansiyası qardaşım Cahangir Hacıyevin günahkar olmasına dair heç bir sübut təqdim etməyib, çünki, sadəcə, mənimsəmə faktları yoxdur. Bu iş üzrə keçən yüzlərlə şahid Cahangirin vəsait mənimsəməsi ilə bağlı ifadə verməyib.

Və bu müddətdə hər şey “Aqrarkredit” tərəfindən saxtalaşdırılmış hərəkətlər fonunda baş verib, qurum rəhbərliyi şəxsi zənginləşdirmə ilə məşğuldur və buna dair çoxsaylı faktlar var. Hazırda Cahangirin yeganə yaşayış yerini müsadirə edirlər ki, bu da ölkə konstitusiyasına tamamilə ziddir.

Hörmətli, cənab prezident! Sizin fərmanınız ilə 179.3.1, 179.3.2 və 308.2 maddələrinə dəyişiklik edilib.

Həmin maddələrlə mühakimə edilmiş şəxslərin cəzası 2017-ci ildə azaldılmışdı. Amma Cahangir Hacıyevin barəsində bu, mümkün deyil, çünki Ədliyyə Nazirliyi buna qarşıdır. Həmçinin bir il yarımdır ki, Ədliyyə Nazirliyi Cahangirlə telefon danışıqlarını qadağan edib, hətta övladları ilə danışa bilmir. Onları 5 ildir ki, görmür. Diqqətinizə çatdırmaq istəyirəm ki, dörd ildir ki,  mən, Əminə Hacıyeva 2015-ci ildə vəfat etmiş anamın mülkiyyətilə bağlı vərəsəlik hüququ əldə edə bilmirəm.

Bütün məhkəmələr və TİB əmrin şifahi olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən verildiyinə açıq şəkildə işarə edirlər.

Cənab prezident! Sizdən kömək və müdafiənizi xahiş edirəm. Xahiş edirəm ki, Cahangir Hacıyevin işinin ədalətli şəkildə araşdırılmasına göstəriş verəsiniz.

Sizin ədalətli qərarınıza səmimiyyətlə inanıram.

 

Dərin hörmətlə,

Əminə Hacıyeva”

Gununsesi.org