Cavid Qurbanov David Peradze ilə görüşdü – FOTO

  • By admin
  • 15 Noyabr 2019 16:22

Cavid Qurbanov: “Bu marşrut Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur”.

 

Gununsesi.org xəbər verir ki, bu fikirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Gürcüstanın Dəmir Yolları” nümayəndə heyətlərinin görüşü zamanı Cavid Qurbanov səsləndirib. Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, ölkəmizin nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan Cavid Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha da artıb. Sonra hər iki ölkənin dəmir yoları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb. “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Hazırda bu marşrutun imkanlarından istifadə edilərək, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətə daşınır. Görüşün yekununda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı protokol imzalanıb.

 

 

 

Gununsesi.org