Çin xarici ölkələrdə diplomatik missiyaların sayına görə ABŞ-ı qabaqlayıb

  • By admin
  • 27 Noyabr 2019 19:24
Çin ilk dəfədir ki, xarici ölkələrdə diplomatik missiyaların sayına görə ABŞ-ı qabaqlayıb.
Gununsesi.org France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə “Qlobal Diplomatik İndeks”in (Global Diplomacy Index) illik məlumatında deyilir.
Hazırda Çinin bütün dünyada 276 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Birləşmiş Ştatların isə 273 nümayəndəliyi var. Politoloqların fikrincə, bu vəziyyət Prezident Donald Tramp administrasiyası dövründə Amerika diplomatiyası üçün qeyri-müəyyənlik dövrünün başlaması ilə nəticələnən geosiyasi dəyişikliklər səbəbindən yaranıb.
Birləşmiş Ştatlar büdcə ixtisarları və diplomatların karyera uğursuzluqları səbəbindən bəzi ölkələrdəki konsulluqlarını bağlamağa məcbur olub. Çin isə əksinə, Burkina-Faso, Dominikan Respublikası, Salvador, Qambiya, San-Tome və Prinsipidə öz səfirliklərini açıb.
Son məlumata əsasən, dünyadakı diplomatik missiyaların sayına görə üçüncü yerdə Fransa gəlir (161 səfirlik və 89 baş konsulluq).
Qeyd edək ki, “Qlobal Diplomatik İndeks” dünyada təsir göstəricisi sayılsa da, xaricdəki səfirliklərin fəaliyyətinin effektivliyinə dəlalət etmir.
Gununsesi.org