“Cırıq şalvar geyinənlərə sataşıram” - MODELYER GÜLNARƏ XƏLİLOVA

  • By admin
  • 11 Fevral 2018 23:45

Gununsesi.info xəbər verir ki, metbuat.az-ın bu dəfəki qonağı Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovadır.

– “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” deyiminə münasibətiniz?

– Geyim insan haqqında ilk informasiyanı ötürən formadır. Müəyyən bir geyimdə hər hansı insan haqqında ilk baxışdan, ilk görüşdən fikir yaranır. Amma həmin insana yaxınlaşdığın, onunla təmasda olduğun, qəlbini gördüyün zaman onun geyimə nə qədər düzgün oturub-oturmadığını anlayırsan. Məsələn, insan çox gözəl, şux geyimdə ola bilər, amma elə söz deyə bilər ki, o geyimi daşıdığına görə heyfsilənə bilərsən.

Geyimlə insanın vəhdət təşkil etməsi də mümkündür.Ümumiyyətlə, daxili gözəlliklə zahiri gözəllik geyimi düzgün formada təqdim edir. Təəssüf ki, bu hər zaman belə olmur. İnsanın xasiyyətini geyindiyi geyimə, hətta geyimin rənginə görə də təyin etmək mümkündür. Məhz buna görə də deyim var ki, insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar.

– Dəblə, yoxsa yaraşanı geyinmək?

– Hər mövsümdə təlatüm yaradacaq moda həftələri keçirilir. Dizaynerlərin hər biri podiumlarda öz qəlbinin, beyninin məhsulunu ortaya çıxarır. Hər bir dizayner öz kolleksiyasını yaratdığı zaman bir üslub, fərqlilik ərsəyə gətirir. Onların işlərini ümumiləşdirəndə görürsən ki, bir çox rənglər, formalar maraqlı geyim nümunələri hazırlanıb. Podiumda gördüyümüz geyimlər ola bilər ki, hər kəsin istifadə edəcəyi formada olsun, yaxud da sırf podium üçün nəzərdə tutulsun. Çalışıb dəbləri qarışdırmamalıyıq. Çünki podiumda gördüyümüz hər geyimi geyinə bilmərik. Bunun üçün boy-buxun, saç rəngi, üz, göz rəngi rol oynayır. Podiumlara hündürboy xanımlar çıxır, çünki həmin geyimlər məhz onlara yaraşır. Onlar podiumda asılqan rolunu oynayır.

Geyimi gözəl şəkildə daşıya bilirlər. Elə insanlar var ki, podiumda gördüyü geyimi tikdirmək istəyir, yaxud da almaq istəyir. Onları başa sala bilmirsən ki, modelin ölçüləri ilə sənin ölçülərin fərqlidir. Podium geyimi kreativ, avanqard, səhnə geyimi üslubunda, istənilən üslubda ola bilər. Bəli, sənət adamları səhnə geyimini geyinə bilir. Lakin toya gedən insan üçün səhnə üçün hazırlanmış ağır geyimləri daşımaq çətindir.

– Rahatlıqla seçim edə bilirik.

– Son zamanlar dəbdə qalıcılıq müşahidə olunur. Geyim bir neçə il dəbdə qalır, yaxud da fərqli, maraqlı interpretasiyada təqdim olunur. “Bu gün dəbdədir, sabah yoxdur” söhbəti artıq çox geridə qalıb. Bu, bir növ dünya iqtisadiyyatında baş verən böhranlar, iqtisadi problemlərlə bağlıdır. Firmalar istehsal etdikləri geyimlərin alıcı tərəfindən alınmasını istəyir, mağazalarda yatıb qalmasını istəmirlər. Məhz buna görə də bu gün mağazalara getdiyimiz zaman rahatlıqla seçim edə bilirik. Bizə hər üslubda geyim təqdim olunur. Əsas olan insanın zövqlü olmasıdır.

– Azərbaycanda keçirilən “Moda həftələri”nin dünya miqyaslı moda həftələrindən fərqi?

– Bu sferada yeni-yeni addımlayırıq. Artıq 20 ilə yaxındır ki, dəb sahəsində varamsa, demək ki, bu fəaliyyət başlayıb. Azərbaycanda 4-5 ildir ki, moda həftələri keçirilir (Payız-qış, yaz-yay dəfilələri). “Azerbaijan Fashion Week”, “Baku Fashion Week” var idi. Hazırda “Baku Fashion Night” var. Bu sahənin inkişafı zaman tələb edir. Dünya səviyyəsinə çatmaq üçün bu işə külli miqdarda pul yatırılmalıdır. Maraqlı işlərin ərsəyə gəlməsi üçün xərc çəkilməlidir. Dünya moda həftələri zamanı dizaynerlər səhnə, dekorasiya işlərinə külli miqdarda pul xərcləyir, maraqlı düşüncələr təqdim edir. Moda həftələri dizaynerlərin düşüncələrinə görə fərqli zallarda keçirilir. Bizdə də son keçirilən moda həftələri artıq fərqli məkanlarda keçirilməyə başlayıb.

– Ziyafət geyimi necə olmalıdır?

– Ziyafət geyimi ümumi anlayışdır. Onlar kokteyl geyim, tam uzun paltar formasında, qarışıq (kreativ), avanqard üslubda ola bilər. Bu gün xanımlar toylara əsasən kokteyl geyimdə gəlirlər. Xanımlar kokteyl kostyumlardan, uzun, yaxud orta uzunluqlu, qısa geyimlərdən də istifadə edə bilərlər. Xalqımız gözəl görünməyi, geyinməyi sevir. Niyə də olmasın? Əsas olan düzgün tərzdə geyinməkdir. Geyimlə aksesuarları bir-birinə qarışdırmamağa çalışsınlar. Geyim gözəgəlimlidirsə, geyimlə incə aksesuarlardan, zinət əşyalarından istifadə etsinlər. Geyim sadədirsə, bu zaman maraqlı aksssuarlardan istifadə edə bilərlər.

– Geyim alırsınız?

– Üzərimdə gördüyünüz geyimlərin hamısı özümə məxsusdur. Ətəklər, paltarlar, kokteyl geyimlər-hamısı öz geyimlərimdir. Bu, normaldır. Düşünürəm ki, görünüşümlə öz brendimin simasıyam. Belədirsə, özumə xüsusi hazırlanan geyimləri daşımağa çalışıram. Bəzən bəyənsəm, hazır geyimlər də alıram. Xarici ölkələrə gedərkən yerli dizaynerlərin işlərinə baxmağı sevirəm.

– Üslubunuz necədir?

– Klassik, kreativ, avanqard, gündəlik idman üslubunu da sevirəm. Sevdiyim konkret üslub yoxdur. Necə ki, bütün rənglərdə geyim geyinirəm, dodaq boyası işlədirəm, eləcə də rəng və üslub problemim yoxdur. Hər üslubu düzgün formada daşımağı bacarıram. Bu, çox önəmlidir.

– Oğlanlar rəngli geyimlərdən istifadə edə bilərmi?

– Gəncdirlərsə, çox normal baxıram. Orta nəslin də rəngli geyimlərdən istifadəsini normal qarşılayıram. Ürəyi istəyirsə, niyə də yox. Bir zaman qısa şortiklə olan kostyum dəstləri dəbdə idi. Əslində, hələ də öz aktuallığını qoruyub saxlayır. Bizim bəylərin o cür geyimlərdən istifadəsinə inanmıram. Bəlkə də 1-2 gənc olar ki, onlar da stilist, yaxud da dizaynerliklə məşğul olanlardır.

– Cırıq şalvar geyinənlərə münasibətiniz?

– Mən o cür geyinənlərə sataşıram. Deyirəm, elə gətirərdiniz, şalvarınızı cırıb sizə verərdik (gülür). Deyirəm ki, ay bala, şalvarın cırılıb, gətir, tikək. Mənim o zarafatımı bilirlər. Nə etmək olar, istəyi olanlar geyinir. Mən o cür şalvarlar geyinməyi sevmirəm. Hələ ki, istifadə etməmişəm. Heç vaxt sözünü sevmirəm. Heç vaxt heç vaxt demə. Heç vaxt dedinsə, zaman gəlir ki, heç vaxt dediyin gəlib sənin qarşına çıxır.

– Rəsmi qurumlarda çalışanların yay geyimi necə olmalıdır?

– Elə iş yerləri var ki, orada kostyumlar, ciddi geyimlər geyinmək tələb olunur. Kişilər pencək və köynəkdən, xanımlar isə ətək, köynək və pencəkdən (ikili, üçlü dəstlərdən) istifadə edə bilər. İsti havada pencəyi çıxarıb köynək və jiletlə əvəz etmək mümkündür.

– Milli geyim gününün təsis edilməsi ideyası necə yarandı?

– 2006-cı ildən etibarən Milli Geyim Gününün təsis edilməsini hər çıxışımda bildirirəm. Bu sahədə çox işlər görmüşəm. 2006-cı ilə qədər stilizə olunmuş milli geyim kolleksiyaları yaradırdım. 2006-cı ildən başlayaraq isə sırf milli geyim kolleksiyalarımı hazirlamağa başladım. Biçim formalarında bəzi texniki dəyişikliklər etdim. Milli geyimlərimiz gözəl olsa da, çox ağırdır. Onları olduğu kimi təqdim etmək bir az rahat olmayacaqdı. Geyimdə görünüş olaraq çoxqatlılıq yaradaraq onun daha rahat geyinilməsinə şərait yaratdım. Hər zaman gənclərin fikirlərini nəzərə almağa çalışıram. Onlar bizim gələcəyimizdir.

– Sənət adamları ilə əməkdaşlığınız hansı səviyyədədir? 

– Proffesional işə başladığım gündən əsasən sənət adamları ilə işləmişəm. Xalq artisti, gözəl sənətkarımız Səkinə xanım İsmayılova ilə işləmişəm. Sonra isə Gülü Əliyeva, Tünzalə Ağayeva, Samira Allahverdi, Aşıq Samirə və bir cox sənət adamları ilə əməkdaşlıq etmişəm. Səkinə xanım və Tünzalə xanımla əməkdaşlığımız bu günə kimi davam edir. Sənət adamları ilə gözəl münasibətim var.

– Kapriz edənlərlə necə davranırsınız?

– Kapriz etməyi sevmədiyim üçün kapriz də götürmürəm. Kapriz etməyə çalışan sənət adamlarına ustalıqla başa salıram ki, bunu etmək lazım deyil. Həmin insanla münasibəti kəsmirəm, sadəcə deyirəm ki, əgər mənim fikirlərimlə razılaşacaqsansa, əlbəttə ki, mən də sənin fikirlərini nəzərə almağa çalışacağam. İşimə tamamilə müdaxilə etməyə çalışan insanla iş birliyinə başlamıram.

– Oxumaq və zəhmətə alışmaq çox gözəl bir məktəbdir.

– Bizi uşaqlıqdan əməyə alışdırıblar. İşimizi də, ev işlərimizi də idarə etməyi bacarırıq. Mənə qəribə gəlir, hansısa xanım deyəndə ki, xörək hazırlaya bilmirəm. Uşaqkən bazara da gedirdik, xörək də hazırlayırdıq, musiqi təhsilimizi də alırdıq. Əməyə alışmaq gələcəkdə ayaqların üzərində durmağa yardım edir. Bu gün təəssüf ki, bəzi gənclər zəhmət çəkmək istəmir, hər şeyin hazırına nail olmaq istəyir.

– Metbuat.az-a ürək sözləriniz?

– Saytınıza uğurlar arzulayıram. 100 illiyinizi qeyd edəsiniz. Mümkün qədər bir-birinizi özünüzə yad görməyəsiniz. Kollektivdə bacı-qardaş duyğusu olmalıdır. O zaman iş uğurlu olar və ancaq irəliyə doğru addımlamış olarsınız. İnsanları hər zaman doğru xəbərlərlə məlumatlandırasınız. Bu gün əksər sayt və televiziya kanallarında reytinq məsələsi gündəmdədir. Çox istərdim ki, sırf reytinq naminə bəzi anormal materiallar yayımlanmasın.

Gununsesi.info