“Dağıstan və Azərbaycan xalqları tarixən bir-birinə bağlı, ayrılmaz xalqlardır” - ZİYAD SƏMƏDZADƏ

  • By admin
  • 13 Noyabr 2019 19:53

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanla Dağıstan xalqları ortaq dəyərləri bölüşən, bir-birinə çox yaxın mədəniyyətə, adət-ənənələrə malik qardaş xalqlardır.

“Azərbaycanda da, Dağıstanda da gedən müsbət dəyişikliklər, inkişaf tendensiyası təqdirəlayiqdir”.

Komitə sədri qonaqlara Azərbaycanın büdcəsi, iqtisadi sahədə aparılan islahatlar, sahibkarlar, investorlar və kənd təsərrüfatının inkişafı üçün yaradılmış imkanlar, ölkəmizin keçdiyi tərəqqi yolu barədə ətraflı məlumat verdi.

Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyev öz növbəsində Dağıstanın büdcəsi, iqtisadi inkişafı, kənd təsərrüfatı haqqında danışıb. Bildirib ki, Dünya dini liderlərinin ikinci sammitinin Bakıda keçirilməsi Azərbaycana beynəlxalq səviyyədə böyük önəm verilməsinin bariz nümunəsidir.

Qonaq qeyd edib ki, Dağıstan və Azərbaycan xalqları tarixən bir-birinə bağlı, ayrılmaz xalqlardır:

“Parlamentlərimiz arasında imzalanmış sənədlər bu münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır”.

Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda müzakirələr aparıldı.

Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Aydın Hüseynov və İlham Əliyev iştirak edirdilər.

 

Gununsesi.org