Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş daha bir film çəkildi – TƏQDİMAT

  • By admin
  • 29 Noyabr 2019 16:12

Noyabrın 29-da “Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyi”nin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı olub. 2019-cu ilin Avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir.

Filmin Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Gəncə, Kəlbəcər, Zəngilan, Ağdam, Bərdə rayonu ictimaiyyətinin böyük dəstəyi ilə ərsəyə gətirilib.

Filmin senari müəllifi və rejissoru, Baku Film School Production direktoru Əvəz Həsənovun sözlərinə görə, bu kimi filmlərin çəkilməsi üçün geniş auditoriya olmasına baxmayaraq, təəssüf ki, beynəlxalq auditoriyaya Azərbayacanda çətinliklər içində yaşayan məcburi köçkün obrazını tanıtmayıblar.

“Eyni zamanda beynəlxalq ictimaiyyət lazımi səviyyədə məlumatlı deyil ki, Azərbaycan kimi kiçik bir dövlət 1 milyona yaxın məcburi köçkün problemini necə həll edə bilib?”

Təqdimat mərasiminə qatlılan yazıçı-publisist Kərim Kərimli çıxış edərək bildirib ki, bu film məcburi köçkünlərin ağır həyat şəraitini göstərmək üçün yaxşı düşünülüb. “Məcburi köçkünlərin çadır və yataqxana həyatı barədə Azərbaycanda və onun hüdudlarından kənarda məlumatın olmamasına görə yeni nəsil 25 ildir ki, insanların ağır həyat şərtlərindən xəbərsizdir”.

Digər ştirakçı, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov öz çıxışında  bildirib ki, ölkəmizdə məcburi köçkünlərin problemlərinin həll olunmasında dövlətin üzərinə düşən yük ilə yanaşı, beynəlxalq təşkilatların da rolu böyük olub. “Azərbaycanda bu mövzuların geniş ictimaiyyətə çatdırılması üçün hazırlanmış bu film diqqətəlayiq təşəbbüsdür”.

Filmdə zəngin arxiv materiallarından istifadə olunmaqla, rayonların işğalı və məcburi köçkünlərin ölkə ərazisində, xüsusən çadır şəhərciklərində, vaqonlarda yerləşdirilməsi müsahiblərin və ekspertlərin dili ilə çatdırılıb. Burada yeni salınmış qəsəbələr və onların şəraiti, insanların həmin qəsəbələrə köçürülməsi ilə bağlı proseslər və çətinliklərin izahı verilib.

Azərbaycan dilində, inglis subtitrləri ilə hazırlanan film Humaintar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində hazırlanıb.

Filmi Baku Film School Production youtube ünvanından və yaxud “Bakufilmschool”  facebook ünvanı üzərindən izləmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org