Deputat ölkənin yarıtmaz səhiyyə sistemini YIXDI-SÜRÜDÜ…

  • By admin
  • 29 May 2019 15:32

“Səhiyyə sahəsində islahatların bir neçə ildə nəticə verəcəyini güman etmirəm”

Son zamanlar səhiyyə sahəsində müxtəlif məsələlərlə bağlı problemlər səngimək bilmir. Bu, bəzi hallarda nazirlik qarşısında aksiyalara və ya müxtəlif şəxslər tərəfindən şikayətlər şəklində öz əksini tapır.
Gununsesi.org xəbər verir ki, bu sahədəki prosesləri necə qiymətləndirdiyini öyrənmək üçün yenisabah.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə əlaqə saxlayıb. Deputat bildirib ki, bütün sahələrdə belədir:
“Sahibkarlıq da belədir. Qanunun işləməməsi məsələsi bir çox hallarda səhiyyənin vətəndaşların sağlamlığı ilə bağlı yükü götürə bilməməsi ilə bağlıdır. Çünki qida, ərzaq təhlükəsizliyi məsələlərində olan müəyyən problemlər, ölkəyə gətirilən qidaların və ya ekoloji vəziyyətin problemləri vətəndaşın səhhətində birbaşa özünü göstərir.
Vaxtında profilaktik addımlar atılmaması bu problemləri böyüdür. Ona görə də  insanlarn ən çox əziyyət çəkdiyi  sağlıqla bağlı problemdir.
Bütün xəstəxanaların qarşısı ət-çörək növbəsində olduğu kimidir. Artıq Azərbaycanda sağlamlıq növbəsi yaranmağa başlayıb. Ona görə vəziyyət acınacaqlıdır. İnsanlar da bu formada  etirazlarını bildirirlər”.
Fazil Mustafa bildirib ki, son zamanlar şikayətlər artsa  da, amma səhiyyə əvvəldən belədir:
“Səhiyyə iməcilikdir. Mütləq tibbi sığortaya keçirilməli idi. Bu, vaxtında olmalıydı və əhalinin müəyyən yükünü azaldacaqdı. Xüsusilə, aztəminatlı insanlar  bu məsələdə zülm çəkirlər. Kimin imkanı var, xaricdə müalicə alır, o da çox vaxt gecikmiş olduğu üçün keyfiyyətli olmur. Çünki buradakı prosedurları keçirib sonra gedir. Ona görə də problemlər daha da artmağa başlayıb”.
F.Mustafa Səhiyyə naziri Oqtay Şirəliyevin xaricə müalicəyə getməsi ilə bağlı da danışıb:
“Elə xəstəliklər var ki, onun müalicəsi xaricdə daha uyğundur. Amma hər halda ölkədə səhiyyəyə qoyulan bu qədər vəsait, Diaqnostika mərkəzlərinin açılması, avadanlıqlara pul xərclənməsi onu göstərir ki, bu sahədə problemlər azalmaq bilmir. Artırsa, demək ciddi məsələlərdir.
Səhiyyə sahəsində islahatların bir neçə ildə nəticə verəcəyini güman etmirəm. Bəlkə, icbari tibbi sığortadan sonra  müəyyən dəyişmə olar. Amma bütövlükdə bu, bircə, səhiyyə ilə bağlı deyil. Bu iqtisadi məsələdir, iqtisadi problemlərlə bağlıdır. Böyük xəstəxanaların əksəriyyəti  çalışmır, boş vəziyyətdədir. Çünki effektlilik düşünülməyib, bu tikilsin, o tikilsin, sonra  iş məsələsində həm kadr, həm də avadanlıq və xidmət mədəniyyəti  problemi  ortaya çıxır”.