Deputat plyonka qadağasının ləğv edilməsini yenidən gündəmə gətirdi

  • By admin
  • 26 Oktyabr 2019 15:50

Çingiz Qənizadə: “Bu qərarın heç bir əhəmiyyəti qalmayıb”

Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-nə kimi qanunla icazə verilib. Lakin arxa yan şüşələrə plyonka vuran sürücülərə də yol polisi cərimə tətbiq etmir. Sürücülər redaksiyamıza çoxsaylı müraciətlər edərək noyabrın 15-dən sonra plyonkaya icazə verilib-verilməyəcəyini də soruşurlar.

Gununsesi.org xəbər verir ki, Avtosfer.az saytı millət vəkili Çingiz Qənizadənin fikrini öyrənməyə çalışıb.

O, açıqlamasında bir daha bildirib ki, “avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməlidir. İndi demək olar ki, əksər avtomobillərin arxa yan şüşələrində plyonkadan istifadə edilir. Təcrübə də göstərir ki, burada heç bir təhlükə yoxdur. Arxa yan şüşəyə vurulan plyonka sürücüyə heç bir təhlükə yaratmadığı üçün ilin bütün fəsillərində istifadəsinə icazə verilməlidir”. Millət vəkili bir daha bildirib ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir: “Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Ölkəmizin qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır. Yəni qabaq yan şüşələrdən başqa digər arxada qalan yan şüşələri sürücü istədiyi faizdə tündləşdirə bilər.

Alın şüşəyə və qabaq yan şüşələrə plyonka vurulması birmənalı qadağandır və çox təhlükəlidir. Qabaq yan şüşələrə vurulan plyonkadan bayırı görmək çox çətin olur. Gecə vaxtı demək olar ki, heç nə görünmür. Bu isə bir başa qəzalara və ölümlərə yol aça bilər. Ona görə də alın şüşəyə və qabaq yan şüşələrə plyonka və pərdədən istifadə edən sürücülər güzəştsiz məsuliyyətə cəlb edilməlidir.

Millət vəkili xatırladıb ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb: “Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi. Mən bu məsələni parlamentdə də gündəmə gətirəcəm. Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna, Konstitusiyasımız, “Yol hərəkəti haqqında” qanun və ötən ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir”.

 

Gununsesi.org