Deputatlar gəlirlərini açıqlayacaqmı? - MİLLİ MƏCLİS ÜZVLƏRİNDƏN AVROPA ŞURASININ TƏLƏBİNƏ REAKSİYA

  • By admin
  • 20 İyun 2019 10:38

Avropa Şurasının korrupsiyaya qarşı mübarizə üzrə qrupu (GRECO) yeni hesabatında Azərbaycana korrupsiyanın qarşısının alınmasına dair tövsiyələrini təqdim edib. Həmin tövsiyyələrdə hakimlərin, deputatların və prokurorların öz gəlirlərini açıqlaması təklif olunur.

Bəs görəsən, parlamentarilərimiz buna necə yanaşır? 

 

 

Musa Quliyev: “Bunu etməliyik”

 

Gununsesi.org-a açıqlamasında Milli Məclisin üzvü Musa Quliyev öz gəlirlərini hər zaman açıqlamağa hazır olduğunu deyib: “Deputatın nə gəliri var ki, onu da gizlətsin. Mən burada problem görmürəm. Onsuz da hər seçki dönəmində biz bunu edirik. İstər gəlirlərimiz, istərsə də mülklərimiz haqqında məlumat veririk. Bunu millət də bilir. Əgər hər il bunu istəyərlərsə açıqlaya bilərik. Mən də hesab edirəm ki, yavaş-yavaş bu yola getməliyik”.

“Biznes strukturları olan deputatlar buna hazırdırmı” sualına Musa Quliyev belə cavab verdi: “Mən başqaları adından danışa bilmərəm. Amma ola bilsin ki, deputatlığa qədər kiminsə biznesi olub və sonradan ailə üzvlərinə dövr edib. Bu başqa məsələdir. Amma hər kəs açıqlamalıdır”.

 

Elman Nəsirov: “İstənilən zaman açıqlaya bilərəm”

Azərbaycanın demokratik inkişaf yolunu seçən ölkə olduğunu deyən Elman Nəsirov isə  bildirib ki, bu yöndə illərdir ölkəmizdə ciddi islahatlar aparılıb: “Təbii ki, Avropa Şurasının üzvü kimi bu qurumla əməkdaşlığımız var. Zaman-zaman irəli sürülən təkliflər ölkəmizdə hyata keçirilib. Bu hesabata gəlincə bildirim ki, bir millət vəkili olaraq, mənim üçün hər hansı promlem yoxdur. Mən istənlən zaman öz gəlirlərim haqqında  məlumat verə bilərəm. Elmlə bağlı insanam.  Milli Məclis üzvlüyündən əlavə, həm də Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoruyam”.

Sona Əliyeva: “Qəti narahat deyiləm”

Milli Məclisin daha bir üzvü Sona Əliyeva da bildirib ki, bu təşəbbüsdən narahat deyil: “Qətiyyən, problem görmürəm. Mənim yeganə gəlirim Milli Məclis üzvü kimi aldığım maaşdır. Biznesim yoxdur ki, onu gizlədim. Nə zaman ictimaiyyət üçün maraqlı olsa bunu edərəm. Onu da qeyd edim ki, seçkilərə gedəndə biz bununla bağlı deklorasiya yazırıq”.

 

Pərviz Həşimli

Gununsesi.org