Deputatlar qazın və işığın limitinin artırılmasını təklif etdilər

  • By admin
  • 23 Aprel 2019 12:49

Milli Məclisin hazırda davam edən plenar iclasında çıxış edən deputat Fazil Mustafa ölkədə elektrik enerjisi və qaz sərfiyyatı ilə bağlı tətbiq olunan limitlə bağlı məsələ qaldırdı. “Təbii ki, limitin tam ləğv olunması real deyil. İsrafçılığın qarşısını almaq üçün limit lazımdır. Ödur ki, mən təklif edirəm, bu limit iki dəfə artırılsın. Çünki insanlar bu limitdən çox əziyyət çəkirlər. İstixanalardan pul qazananlar bu vəsaiti ödəmək iqtidarındadır. Amma əhalinin kasıb təbəqəsi əziyyət çəkir. Ona görə də təklif edirəm ki, biz bu məsələni gündəliyə daxil edək. Ən azı 3 min kub m-ə qaldrılsa, insanlar belə əziyyət çəkməzlər”.

F.Mustafa Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılığını da ifadə etdi: “Ancaq ölkə prezidentinin, vəzifəli şəxslərin keçdiyi yollara baxırlar. Piyada ölümlərinin artmasının səbəblərindən biri də yollarda piyada keçirdləri ilə bağlı zolaqların çəkilməməsidir”.

Deputat Tahir Kərimli də limitin artırılması barədə həmkarının təklifini müdafiə etdi.

Deputat Qənirə Paşayeva da F.Mustafanın limitlə bağlı təklifini dəstəklədi. “Kəndlərdə, rayonlarda yaşayan insanlar xahiş edirlər ki, limit bir az artırılsa, çox yaxşı olar”.