DİN Aygün Bəylərin qohumunun qətli ilə bağlı rəsmi məlumat yaydı - FOTOLAR

  • By admin
  • 30 Avqust 2016 12:24

cina-1

Daxili İşlər Nazirliyi 3 il əvvəl Bakıda baş vermiş qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, daxili işlər orqanları qeyri-aşkar şəraitdə baş verən ağır və xüsusilə ağır – insan həyatına qəsd edilməsi ilə nəticələnən cinayətlərin açılması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E. Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E. Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən eksqumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Qeyd edilən fakta bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

Xatırladaq ki, cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümmətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.

cina-2

Gununsesi.info