Dövlət Toxum Fondu “Perry of Oakley” təşkilatının nümayəndələri ilə görüşüb

  • By admin
  • 20 İyun 2019 14:06

Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti tərəfindən İngiltərənin Lincolnshire şəhərində kənd təsərrüfatı texnikalarının sərgisi keçirilib. Gununsesi.org-a daxil olan məlumata görə, Dövlət Toxum Fondunun Satış və biznesin inkişafı şöbəsinin müdiri Elton Əbdurəhmanov sərgidə Fondu təmsil edib.

Əkin sənayesinə həsr olunmuş sərgidə 370-dən çox lider şirkətin texnikaları nümayiş etdirilib və 20 000-dən artıq iştirakçı qatılıb. İştirakçılara dərmanın səpilməsi, toxumun fərqli dərinlikdə torpağa əkilməsi, biçinin daha qısa zaman çərçivəsində tamamlanması və sair işləri həyata keçirən texnikalar təqdim olunub. Sərgidə iştirak edən sənaye liderləri, siyasətçilər, yüksək səviyyəli tədqiqatçılar və beynəlxalq qonaqlar Şərqi Avropa və Mərkəzi Asiyadan dəvət olunmuş texnika mütəxəssislərinin təcrübələrini öyrənmək imkanı qazanıblar.

Sərgi çərçivəsində Dövlət Toxum Fondunun təmsilçisi İngiltərənin tanınmış və lider təşkilatı olan “Perry of Oakley” təşkilatının nümayəndələri ilə görüşüb. Görüşdə əkin sənayesində mövcud innovasiyalar və texnologiyalar müzakirə edilib, məşhur şirkətlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Gununsesi.org