Dünyanın gizlinlərinə bələd olanlar

  • By admin
  • 10 Dekabr 2019 11:10

Bismilləhir-Rahmənir-Rahim!

Allah Təala Qurani-Kərimin “Rum” surəsinin 7-ci ayəsində buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”.

Dünya insanlar üçün iki cür vəziyyətdədir

İslam tarixinin bütün önəmli hadisələrinə diqqət etdikdə, deyə bilərik ki, üz-üzə gələn haqq və batil cəbhələrini fərqləndirən ən ciddi xüsusiyyət və keyfiyyətlərdən biri də bu idi ki, dünyanı tanımaları, dünyaya yanaşmaları fərqli idi.

 

Ayədən belə başa düşülür ki, dünya iki cür vəziyyətdən ibarətdir. Bir dünyanın zahiri var və bir də dünyanın batini var. Bu ayədən anlaşılır ki, o kəslər ki, axirətdən qəflətdədirlər, bu dünyanın müvəqqətiliyinin, keçid olmaqlığının fərqində deyillər – onların dünya barədə zahiri təsəvvürləri olacaq. Onlar dünyanın ancaq zahiri istedadlarından, imkanlarından, zahiri dərəcəsindən bəhrələndilər. Batil tərəfin dünya haqqında təsəvvürü zahiri olur. Onlar elə bilirlər ki, həyat elə buradan ibarətdir, bu maddi mövzuları əhatə edir, həyat bu dünyanın içərisində olan bəhrələnmələrdən, dadmalardan, istifadə etmələrdən ibarətdir.

 

Bir də var ki, insan dünyanın batinindən xəbərdar olsun, dünyanın həqiqətini bilsin, dünyanın gerçək nə üçünlüyünü anlasın. Beləsi əslində dünyanın həqiqi mahiyyətindən, dünyanın gizlinlərindən xəbərdardır. Belə insan üçün bu dünya dəyər yerinə, təkamül məkanına, aqibət qazanılma yerinə çevrilər.

 

 

İki cür yanaşma tarixdə hər zaman üz-üzə olub

Tarixən iki cəbhə üz-üzə olur. Biz bu nümunəni ən ali şəkildə Kərbəla səhnəsində də görürük. Bir cəbhə dünyanın batinini, gizlinini bilən, dünyanın axirət üçün olduğunu tanıyan idi. Onlar bu dünyanın zahiri mövzularına aldanmırdılar. Və sona qədər bu səbatlı vəziyyətlərini qoruyub saxladılar.

Amma qarşı tərəf dünyanın gerçək mahiyyətini anlamamışdı və dünyanın ancaq zahirini görürdü. Və onlar sona qədər o ağır cinayətləri həyata keçirdilər.

 

Bizlər diqqətli olmalıyıq ki, dünyanın məşğuliyyətləri, dünyanın içərisində olan cürbəcür mövzular, materialistik, məhdud, yalnız maddi müstəvidə hesablanmış dünya bizi aldadıb özünə çəkməsin. Əgər o cür olsa, aldanmışlardan, itirmişlərdən olarıq.

 

 

Dünyanın zahirini və batinini tanıyanların tarixdən nümunəsi

Dünyanın zahiri ilə batinini anlayanları ayırd etmək üçün tarixin çox önəmli bir səhifəsinə diqqət etmək faydalı olar. Hicrətin 60-cı ilində Həzrət İmam Hüseyn (ə) Mədinədən çıxmalı olur. Mədinədən çıxmaq zərurəti bundan yaranır ki, Yezid (lən) istəyir ki, hamını özünə tabe etdirsin və əmindir ki, bu və ya digər mənəvi, Allaha bağlı mərkəzlərin mövcudluğu onun diktaturasına təhlükə kəsb edir.

Yezid (lən) müstəqil mənəvi gücləri sıradan çıxarmaq üçün hərəkətə keçir və Həzrət İmam Hüseynin (ə) qarşısında birmənalı tabe olmaq, beyət etmək tələbi qoyulur.

İmam Hüseynin (ə) Allah qatında bir vəzifəsi var. O, dövrünün İmamıdır (ə), məsumdur, yer üzündə Allahın hüccətidir. O, yerlə göyün bağlantısını təmin edən səbəbdir.

Yeziddən (lən) öncəki diktatorun – Müaviyyənin (lən) dövründə bütün çətinliklərə və məhdudiyyətlərə rəğmən Həzrət İmam Hüseyn (ə) öz İlahi vəzifəsini yerinə yetirir. Ondan öncə İmam Həsən (ə) də, ondan öncə Həzrət Əli (ə) də vəzifələrini yerinə yetirə biliblər. İstər ümmətin faktiki rəhbərliyini həyata keçirərkən, istər evdə xanəneşin olarkən Həzrət Əli (ə) öz missiyasını yerinə yetirib.

 

 

Haqq yolun səfiri

Həzrət Peyğəmbərin (s) rehlətindən sonra yer alan Bəni-Səqifə fitnəsindən, daha sonra “Cəməl”, “Siffeyn”, “Nəhrivan” müharibələrindən sonra da bütün çətinliklərə rəğmən Həzrət Əli (ə) öz missiyasını icra edə bilib. Ondan sonra ağır sülh sazişi vəziyyətində Həzrət İmam Həsənin (ə), sonra İmam Hüseynin (ə) – ümumiyyətlə, öncəki bütün dövrlərdə İmamların (ə) öz İlahi vəzifələrini məhdud olsa da, yerinə yetirmək üçün imkanları olub. Yezid (lən) yeni bir mərhələ başlatmaq istəyir. İstəyir ki, yerlə göyün bağlantısını təmin edə biləcək bir mənəvi mərkəz qalmasın.

 

Belə bir vəziyyətdə İmam Hüseyn (ə) Mədinəni tərk edir və Məkkəyə yollanır. Dörd aya yaxın Məkkədə qalır. İnsanların suallarına cavab verir, izahlar verir. Belə bir mərhələdə hicrətin 60-cı ilində Kufədən çoxlu sayda məktublar daxil olmağa başlanır. Yüzlərlə, minlərlə məktub gəlməyə başlayır. Məktubları göndərənlər arasında Kufənin seçilmiş, adlı-sanlı insanları da öz imzalarını atırlar.

Nəhayət Kufə camaatı İmam Hüseynlə (ə) görüşmək üçün Məkkəyə bir nümayəndə heyəti göndərir. Əbu Əbdillah Cədəli bu nümayəndə heyətinin başçısı təyin olunur. İmam Hüseyn (ə) onlarla görüş zamanı bildirir ki, Kufəyə ilk olaraq öz naibini, səfirini göndərəcək. Bu iş üçün öz əmisi oğlunu – Müslim ibni Əqili (ə) seçir. Kufəlilərə bəyan edir ki, öz əmisi oğlunu Kufəyə göndərəcək, o, durumu dəyərləndirəcək və ona uyğun qərarlar veriləcək.

 

 

Səfir, insanları dünyanın zahirinə aldanmamağa səsləyir

Həzrət İmam Hüseyn (ə) Müslim ibni Əqili (ə) dəvət edir, ona İlahi missiyasını izah edir. Ona Kufəyə gedib, durumu dəyərləndirməyi, məktublarda olanlarla həqiqətlərin uyğun olub-olmadığını müəyyən etməyi, üstəlik Kufə camaatının bir mövqedə olub-olmadığını müəyyən etməyi tapşırır.

“Təqvalı ol, mehriban rəftar et, öz fəailiyyətini məxfi saxla. Xalq yekdil olsa, onların arasında ixtilaf olmasa – mənə xəbər et”, – tapşırığını İmam (ə) Müslimə (ə) verir. Müslim ibni Əqil (ə) öz İlahi missiyasını yerinə yetirmək üçün Kufəyə yola düşür.

 

Kufədə əvvəl az-az insanlar beyət edir. Uzaqdan-uzağa məktub yazmaq, iddia etmək, emosional hala düşüb sözlər demək – asandır, indi iddia olunan mövzu ilə bağlı sınaq dövrüdür. Dövrün İmamı (ə) öz naibini göndərib və ona beyət etmək vaxtıdır.

Əvvəl gələn az sayda olur. Həlledici mərhələ ondan başlanır ki, Kufənin o dönəmdəki başçısı, idarə edəni Müslim ibni Əqillə (ə) qarşı-qarşıya gəlmək istəmir. Kufə valisi müsbət adam deyildi, amma təbiətən mülayim xasiyyətli idi. Onun sözü bu olur ki, onunla savaşmayanla bir işi yoxdur. Təqribən neytral bir halda mövqe tutmuş olur.

Bu vəziyyətdə Kufənin adi insanlarının içərisindən çoxluq İmam Hüseynə (ə) beyət etməyə başlayır. Belə halda Bəni-Üməyyənin (lən) Kufədə olan tör-töküntüsündən iki-üç nəfər Yezidə (lən) xəbər göndərir ki, əgər təcili olaraq Kufəyə özü kimi bir nanəcibi, zalımı, hiyləgəri göndərməsə, Kufə əldən çıxacaq, bu şəhər İmam Hüseynin (ə) naibi olan Müslim ibni Əqilin (ə) nəzarətinə keçəcək.

 

 

Seçmə insanların dünyaya aldanması

Yezid (lən) bu iş üçün Ubeydullah ibni Ziyad (lən) adında çox mənfur bir şəxsi çox sürətlə Kufəyə göndərir. Üstəlik Bəsrənin hakimliyini də onda saxlayır.

Kufənin yaşadığı ağrının əsas səbəblərindən biri də bu idi ki, Kufənin seçmə insanları, elitası öz imtahanlarını vermədilər. Bu sual verilir ki, əgər Kərbəlada və ya Kərbəladan öncə başqa cür davranılsaydı, mümkün idimi ki, Aşura cinayəti baş verməsin? Bəli, mümkün idi.

İbni Ziyad (lən) gecə vaxtı üzü örtülü halda, atlıların müşayiəti ilə Kufəyə gəldi. Camaatın biri də dedi ki, gələn İmam Hüseyndir (ə) və hamı onun dalınca düşdü. İbni Ziyad (lən) da heç nə demədi, şəhərə daxil oldu və düz saraya qədər getdi. Nə tədqiq etdilər, nə araşdırdılar ki, gələn kimdir. Avam insanlar bir cür, seçmə insanlar da bir başqa cür cinayətlərin baş verməsinə qol qoydular.

 

Bir vəziyyət yaranır ki, Müslim ibni Əqilə (ə) öz evində sığınacaq verən Hanini (r.ə) saraya aparırlar. Bu səhnədə də seçmə insanlar imtahanlarını verə bilmirlər. Evində Müslimə (ə) sığınacaq vermiş Haninin (r.ə) dostları süstlük etməsəydi, Hani (r.ə) ibni Ziyadın (lən) olduğu saraya bir yolla gətizdirilməsəydi, tarix bu cür olmaya bilərdi. O zaman ki, Müslim (ə) və Hani (r.ə) bir yerdə olmadı – düşmənlər cinayətlərini rahatlıqla həyata keçirdilər.

 

 

Bəşəri faciə belə başladı

Hani (r.ə) Kufənin seçmə insanı, Bəni-Murad tayfasının böyüyü kimi sözü eşidilən bir şəxs idi. O qədər sözü eşidilirdi ki, Kufənin o zamankı hakimi ondan ehtiyat edirdi. Amma ibni Ziyad (lən) gələndən sonra qorxu, işgəncə yolu ilə insanları ələ almağa başladı. Əvvəl ibni Ziyadın (lən) yanında cəmi əlli nəfər adam var idi. O zaman on səkkiz min insan Müslimə (ə) beyət etmişdi. Onların bir çoxu sarayın ətrafında idilər. Amma, ibni Ziyadın (lən) yanında olan əlli nəfər adam təmiz nanəcib idi. O əlli nəfər iki min nəfəri yola sala bildi. Birini qorxutdu, birinə işgəncə verdi, birini hədələdi, birini hədiyyə ilə şirnikləndirdi…

Bu, bir bəşəri faciədir…

 

Hani (r.ə) bir yolla saraya gətirildi. Orada ona işgəncələr verdilər. İşgəncələr altında, qan içərisində olduğu bir zamanda camaat cuşə gəldi, sarayın ətrafına yığıldılar. İbni Ziyad (lən) bir anlıq qorxdu və Şureyh qaziyə (lən) əmr etdi ki, baxsın vəziyyət necədir. Həlledici mərhələ idi. Şureyh qazi (lən) gördü ki, Hani (r.ə) hələ sağdır. Haninin (r.ə) gözü Şüreyh qazini (lən) görən zaman ona mesaj verdi ki, bu vəziyyəti insanlara çatdırsın. Şureyn qazinin (lən) tam imkanı var idi ki, vəziyyəti insanlara çatdırsın, sağ olduğunu bildirsin. O, çıxır, amma ibni Ziyadın (lən) casuslarının orada olduğunu görür və qorxur.

Alimlər bu vəziyyətlə bağlı bəyan edir ki, əslində Şureyh qazi (lən) dünyaya aldanır. Əgər o vəziyyətdə Şureyh qazi (lən) vəzifəsini icra etsəydi, məsələ həll olardı. O, bunu etmədi, tarix başqa cür inkişaf etdi.

 

 

İnsanın batini, zahirindən gözəl olmalıdır

Bu faciə niyə baş verdi?

Çünki, sözügedən insanlar geriyə qayıtmadı, cinayətlərindən dönmədi, tövbə etmədilər.

Biz bir dünyada yaşayırıq ki, onun tərbiyə sistemində, təhsilində, teleməkanında və sairədə insanın qurtuluşunun ən mühüm amili olan tövbə adına heç nə yoxdur. Aşuranın öyrətdiyi ən böyük dərs budur ki, insan büdrəyə bilir: Quran oxuyanlar da, namaz qılanlar da, hətta gecələr səcdələrdən qalxmayanlar da büdrəyə bilirlər. Aşura bizə öyrədir ki, əgər tövbə olmasa, ən inkişaf etmiş cəmiyyət belə, tənəzzülə məhkumdur. Necə ki, biz bunu Aşurada gördük: Həzrət Peyğəmbərin (s) qurduğu cəmiyyət tövbədən uzaqlaşdığı üçün hətta öz İmamlarına (ə) qarşı çıxdılar.

 

Söhbət elə-belə tövbədən getmir, söhbət nəsuh tövbəsindən gedir. Nəsuh tövbəsinin mühüm bir xüsusiyyəti də budur ki, onda dönməməzlik prinsipi vardır. Tövbə etmək möminin, bir müsəlmanın, bir inanc əhlinin əsas mənəvi vəzifələrindən biridir. Tövbə gərək yalnız dillə deyilməsin, içdən, qəlbdən gəlməlidir.

Bəzən toplumda da tez-tez işlənir ki, “əstəğfirullah”. Bu kəlməni tez-tez toplumda eşidirik, çoxları fərqinə varmadan bu sözü işlədir. Bu sözü anlayaraq, dərk edərək, fərqinə vararaq dilə gətirməli və qəlblə ona reaksiya verməliyik.

İmam Baqir (ə) buyurur: “İnsanın batini, zahiri kimi gözəl olmalıdır. Hətta batini zahirindən gözəl olmalıdır”. Zahirdə təmiz geyinmək, üzdə saqqal, əldə təsbeh olması yaxşıdır, amma batin bundan daha gözəl durumda olmalıdır.

 

 

Nəsuh tövbəsi nədir?

Tövbə olmasa, insan namaz qıla-qıla, oruc tuta-tuta, Quran oxuya-oxuya bir gün gələr İmamının (ə) qarşısında dayanar.  Kərbəlada biz bunu gördük. Ona görə də Kərbəlanın ən böyük dərslərindən biri də tövbədir. Hamımız səhv edə bilərik. Quran bizə deyir ki, tövbə Allah dərgahında olar və bir də o əməllər xatırlanmaz, yada salınmaz.

Biz vaxtaşırı daxilimizə baxıb əməllərimizi təftiş etməliyik, tənzimləməliyik. O əməlləri ki, Allah bəyənmir, onları tərk etməli və tövbə etməliyik.

 

Allahın bizdən istədiyi – nəsuh tövbəsidir. İçdən, daxildən gələn, peşmançılığa səbəb olan, dillə iqrar edilən, ona qayıdılmayan, iradəvi edilən və bir daha o gunaha qayıtmamaq əzmiylə səciyyələnən tövbədir nəsuh tövbəsi.

Onu da qeyd edək ki, tövbənin xüsusi şəraiti, xüsusi vaxtı, zamanı, xüsusi məqamı yoxdur. Nə zaman ki, anladın xəta edibsən, büdrəmisən – elə o an heç nəyi gözləmədən tövbə et.

 

Nəsuh tövbəsinin 12 çaları

Müqəddəs Kitabımızın “Təhrim” surəsində buyurulur: “Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»”.

 

Mübarək ayədə işarə edilən nöqtələrə diqqət edək:

1. Möminlər tövbəni doğuran amillərdən sığortalanmayıb.

2. Tövbə elə-belə tövbə deyil, xalis, nəsuh tövbəsi olmalıdır.

3. Tövbə Allah dərgahında olmalıdır.

4. Tövbə namaz və oruc kimi, möminlərin üzərində mükəlləfiyyət mövzusudur.

5. Tövbə yalnız dildə olmalı deyil. O, içdən gəlməli və həqiqətən Allaha tərəf yönəlməlidir.

6. Xətanı anladığımız an dərhal Allaha tərəf yönələrək, tövbə etməliyik.

7. Nəsuh tövbəsi budur ki, insan tövbə edə və bir daha o günaha doğru  geri dönməyə. Bu haqda da İmam  Sadiq (ə) və İmam Hadidən (ə) hədislər var ki, müsəlmanın batini zahirinə müvafiq, uyğun olmalıdır, hətta batin gözəllikdə zahiri üstələmədir.

8. İnsan öz durumundan narazı olaraq etdiyi tövbə, Allahın razılığı üçün olan tövbə kimi qəbul olunur.

9. Tövbə bəndə ilə Allah arasında olan əməldir.

10. Tövbə baş veribsə, bu, həm insanın ozünü və həm ətrafını hərəkətə gətirər.

11. Həqiqi tövbə möminin dağılmış halını, cəhətlərini, müsbət xüsusiyyətlərini bərpa edər, onları gücləndirər.

12. Tövbə gələr və günahın təsirini aradan aparar. Günah insana həm fiziki, həm mənəvi, həm də psixoloji təsirlər qoyar. Tövbə bunları da aradan aparar.

Allahın, bizlərə dünyanın batinini dərk edib, dünyada aqibətimiz üçün çalışmağı nəsib et!

Allahın, bizləri qəflətdən oyananlardan qərar ver!

Allahım, bizləri dünyanın zahirinə aldananlardan qərar vermə! Amin!

Gununsesi.org