DYP sözçüsü bahalı nömrələrlə bağlı suallara cavab verir - Kamran Əliyevlə müsahibə

  • By admin
  • 08 Avqust 2019 09:23

 

Gununsesi.org DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin müsahibəsini təqdim edir:

– Nəqliyyat hadisələrinin sayı ilə bağlı sosial şəbəkələrdə belə bir iddialar səslənir ki, sığorta ödənişlərinin əsasında əldə olunan rəqəmlərlə yol polisinin açıqladığı rəqəmlər üst-üstə düşmür. Hətta onlar on minlərlə rəqəmdən söhbət edirlər. Bu barədə nə deyə bilərsiniz? Yol nəqliyyat hadisələrinin statistikası necə aparılır və bu ilin 6 ayı ərzində aparılmış -statistika barədə məlumat verə bilərsinimi?
– Ümumiyyətlə, Baş Dövlət Yol Polisi İdarəsi statistik məlumatları verəndə həmişə qeyd edir ki, bu, ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin statistikasıdır. Yəni maddi zərərlə nəticələnən qəzaların statistikası həmin statistikada qeyd olunmur. Sığorta şirkətləri isə bu hadisələrlə yanaşı yalnız maddi zərərlə nəticələnən qəzalara görə də dəymiş maddi zərərləri ödədikləri üçün qəzaların statistik rəqəmləri onlara az görünə bilər. Düzdür, son vaxtlar mən də mətbuatda bəzən respublikada baş verən yol nəqliyyat hadisələrinin statistik sayının  düzgün göstərilmədiyinin şahidi oluram. Hərçənd, orada bildirilmir ki, bu, ümumi respublikada, yoxsa Bakıda baş verən qəzaların sayıdır. İstinad yeri də yoxdur ki, biləsən bu məlumatlar hansı mənbədən yayılır. Mən də bu statistik məlumatlara baxdım və gördüm ki, orda hadisələrin sayı kifayət qədər az, yəni hadisələrin sayı təxminən 50 faiz, ölüm faktı 7 fakt, xəsarət sayı da bir o qədər az qeyd olunub.
Fürsətdən istifadə edib mətbuata müraciət etmək istəyirəm ki, ümumiyyətlə, belə statistik məlumatları yalnız rəsmi mənbələrdən almaq lazımdır. Rəsmi mənbələrin statistik məlumatlarına əsasən, belə rəqəmləri yaymaq olar. Əks halda kimsə özündən, yaxud başqa təşkilatdan statistik rəqəmləri alıb dövlət qurumları adından yol nəqliyyat hadisələri ilə bağlı rəsmi statistik məlumatlar verməsinlər. Biz bununla bağlı dyp.gov.az saytında da rəsmi məlumat veririk. Hər rübdə yol nəqliyyat hadisələri ilə bağlı, eləcə də il ərzində görülmüş işlər, o cümlədən qeydə alınan yol nəqliyyat hadisələri, ölkəyə gətirilən və qeydiyyata alınmış nəqliyyat vasitələri, verilən sürücülük vəsiqələrinin sayı və digər göstəricilər haqqında ətraflı məlumat veririk.

– Son vaxtlar DYP rəhbərliyi ilə bağlı bəzi saytlarda neqativ məlumatlar yayılır, dəyişiklik olacağı barədə proqnoz verirlər…
– Çox əfsuslar olsun ki, bəzən ayrı-ayrı internet saytları xüsusilə yol polisində xidmət edən rəhbər vəzifəli işçilərin hansısa formada vəzifədən azad olunması, yaxud da hansısa digər şəxslə əvəz olunması, hansısa səbəbdən xidmətdən azad olunması ilə bağlı yanlış məlumatlar, daha doğrusu proqnozlar verirlər. Pis tərəfi də odur ki, belə proqnozlarla bəzən bizə də müraciət edirlər ki, bu haqda fikir bildirək. Amma bunu istəyənlər adi məntiqlə də düşünsələr belə başa düşməlidirlər ki, kiminsə vəzifədən azad edilməsini yalnız onu həmin vəzifəyə təyin edən səlahiyyətli şəxs müəyyən edə bilər.
– Kamran müəllim, nömrə satışı ilə bağlı müxtəlif saytlar siyahı açıqlayır. Bəzi elan saytlarında mütəmadi olaraq nömrəlr yerləşdirilir və kifayət qədər baha qiymətə qoyulur. Bəzən başlıq da qoyurlar ki, “bahalı nömrə satılır” və insanlar da elə başa düşür ki. bunu yol polisi satır. Bu, elanlar hardan qaynaqlanr və realdırmı? Ümumiyyətlə, kimsə nömrə alqı-satqısı ilə məşğul ola bilərmi? 
– Adından da görünür ki, bu, məhz dövlət qeydiyyat nişanıdır və o, heç bir halda digər şəxslər tərəfindən bir-birinə satıla bilməz. Bilirsiniz, artıq 8 ilə yaxındır ki, “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, nömrələrdə əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə dövlət qeydiyyat nişanlarının satışı həyata keçirilir. Bu da rəqəmlərin, hərflərin kombinasiyasından asılı olaraq 500-2500 manat arasında dəyişir. O ki qaldı bir çox portallarda, avtomobil alq-satqısı ilə məşğul olan saytlarda müxtəlif dövlət qeydiyyat nişanlarının astromonik qiymətlərlə satışının həyata keçirilməsinə, bu, sadəcə diqqət cəlb etmək üçündür. Orada elə nömrələrə elə qiymətlər qoyurlar ki, həmin nömrə neçə müddətdir qalıb bizdə, heç 500 manat rüsum ödəyib alan yoxdur. Amma həmin 500 manatlıq nömrəni onlar  5, 10, 12 min manata satışa qoyublar. Biz vaxtilə bu elanlarala bağlı araşdırma da aparmışıq. O nömrələrin əksəriyyətinin sahibinin onun satışından xəbəri də yoxdur. Biz həmin nömrələr təhkim olunmuş nəqliyyat vasitəsinin sahibi ilə əlaqə saxlamışıq, deyib ki, mənim məlumatım yoxdur. Bəziləri isə deyib ki, bir neçə il əvvəl maşını satmaq istəmişəm, qiyməti ilə maraqlanıblar, amma indi maşını yox, nömrəsini satışa çıxarıblar.
Bu gün hamı başa düşməlidir ki, əgər nömrə mənim avtomobilimə təhkim olunubsa, mən yalnız avtomobilimi bu nömrə ilə sata bilərəm. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsi satılanda satanın istəyi və alanın da razılığı ilə dövlət qeydiyyat nişanı satdığı şəxsdə də qala bilər, yaxud satan şəxsin digər avtomobilinə də keçirilə bilər. Ona görə də o qiymətə nömrəni qoyanlar əslində avtomobili satanlardır. Sadəcə, avtomobillə kimsə maraqlananda deyir, 50 minə avtomobil satırsan, bu qiymətə dəyməz. O saat fikrini dəyişir ki, elə 20 min bunun nömrəsidir. Bunu kim təyin edir? Satan özü. Nəqliyyat vasitəsi qeydiyyatdan çıxdıqda isə dövlət qeydiyyat nişanı mütləq Baş Dövlət Yol Polisi İdarəsinə, yaxud, regionlarda digər qeydiyyat-imtahan şöbələrinə təhvil verilməldir. Bəzən də görürsüz, kimsə deyir ki, mən bu nömrəni vermişəm, nömrə mənimdir, bron etmişəm, amma mənim nömrəmi sonradan kiməsə veriblər. Bilmək lazımdır ki, qanunvericilikdə nəqliyyat vasitəsinin təhvil verilmiş dövlət qeydiyyat nişanının saxlanılması və həmin şəxsə məxsus olması ilə bağlı heç bir müddəa yoxdur. Yəni bu gün təhvil verilmiş dövlət qeydiyyat nişanı sabah başqa şəxsin nəqliyyat vasitəsinə təhkim oluna bilər.
 – Bildiyiniz kimi, ötən ilin dekabrında Prezident  İlham Əliyev yol hərəkəti təhlükəsizliyi ilə bağlı 5 illik Dövlət Proqramı imzaladı. Həmin proqramda istismar müddətini başa vurmuş, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismardan yığışdırılmaı məsələsi də əks olunmuşdu. Son vaxtlar müşahidə edirik ki, həmin nəqliyyat vasitələri həqiqətən də azalmaqdadır. Ümumiyyətlə, belə avtomobili çıxdaş etmək üçün insanlar özləri gəlib müraciət edirlərmi? 
– Yox, çox nadir hallarda kimsə avtomobilinin çıxdaş edilməsi ilə bağlı müraciət edir. Bu da əsasən, qəzaya uğramış və tam yararsız vəziyyətə düşən avtomobillərlə bağlı olur. Amma əfsuslar olsun ki, hələ də uzun müddət istismar olunan, texniki cəhətdən nasaz avtomobillərin yollarda hərəkətinin qarşısının alınmasında çətinliklər mövcuddur. Və onu da qeyd edim ki,  texniki nasazlıq səbəbindən baş verən qəzaların sayında ötən illərlə müqayisədə kifayət qədər artım var. Bilirsiniz ki, ötən il də qanunvericilikdə müvafiq dəyişiklik oldu, hətta texniki cəhətdən nasaz avtomobil olsa belə onun texniki nasazlığına görə istismarına tətbiq edilən qadağa götürüldü. Düşünürəm ki, bu sahədə qanunvericiliyə yenidən baxılmalı və nasaz nəqliyyat vasitələrinin baxışdan keçirilməsinə, habelə onların istifadəsinə müəyyən mədudiyyətlər qoyulmalıdır ki, sürücü o nasazlığı qısa zamanda aradan qaldırmağa çalışsın.

Gununsesi.org