“Elə etmək lazımdır ki, dövlətə ziyan vurulmasın” – Vəkil Bəhruz Bayramov

  • By admin
  • 22 Noyabr 2019 17:05
Xəbər verdiyimiz kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.
Gununsesi.org xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında vəkil Bəhruz Bayramov bildirib ki, Aliment Fondunun icra mexanizmini elə təşkil etmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin:
“Aliment Fondunun yaradılmasına müsbət baxıram, bunun olması vacibdir, çünki elə adamlar var ki, Rusiya Federasiyasına və ya digər xarici ölkələrə gedib aliment ödəmir. Amma dəqiq bunun icra mexanizmini elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin. Məsələn, ayrı-ayrı şəxslər yalançı nigah bağlayıb sonradan pozar və fonddan aliment tələb edər. Yəqin ki, fond dövlət büdcəsindən formalaşacaq və elə etmək lazımdır ki, dövlətə də ziyan vurulmasın. Gələcəkdə dövlət tərəfindən ödənilən pulun fonda qaytarılması mexanizmi də mükəmməl olmalıdır. Belə olan halda, Aliment Fondunun yaradılması təqdirəlayiqdir. Elə ailələr var ki, həyat yoldaşları onları atıb ölkəni tərk edib, aliment ödəmirlər. Həmin pulların şəxslərdən alınaraq dövlət büdcəsinə qaytarılması da şəffaf şəkildə təmin olunmalıdır”.
B.Bayramov deyib ki, alimentin ödənməməsinin səbəbləri müxtəlifdir:
“Bəzən elə şəxslər olur ki, şəxsin imkanı var, amma mənə deyir ki, alimenti ödəmək istəmirəm. Mən də onlara izah edirəm ki, bu övlad sənindir və alimentini də ödəməlisən, sənin vəzifəndir. Bəzən bir çox ailələr ailədaxili münaqişəyə görə valideynlik məsuliyyətini hiss etmirlər və alimenti ödəməkdən imtina edirlər. Bir çoxlarının isə alimenti ödəməyə maddi imkanı olmur. Elələri var ki, imkanı var, amma xaricdə yaşayır, alimenti də ödəmir. Lakin Aliment Fondunun yaradılmasından sonra icra mexanizmi olanda, artıq onlar da alimenti ödəməyə məcbur olacaqlar”