Eldar Mahmudovun “baş torbatikən”inə cinayət işi açıldı - MÖVLAM ŞIXƏLİYEV MÜSTƏNTİQ QARŞISINDA

  • By admin
  • 11 Yanvar 2017 15:07

eldart

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev “MTN işi” üzrə istintaqda dindirilib. İttiham aktına əsasən, M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.

Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb: “2007-2007-ci illərdə həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləmişəm. Tabeçiliyimdə rəis müavini Təhsin Ağayev, İbtidai İstintaq İdarəsinin rəisi Yasim Məmmədov, onun müavini Nadir Mustafayev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, onun müavini Vüqar Əliyev, 3-cü şöbənin rəisi Mahir Qasımov, onun müavini Samir Əliyev, şöbələrin mühüm işlər üzrə baş müstəntiqlər və müstəntiqlər var idi”.

Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib: “O mənə dedi ki, əgər Vüsalın tələb etdiyi pulu verməsəm, məni 8 ildən 12 ilədək həbsə atacaq. Mən pulumun olmadığını dedim, Vüsal məbləği 2 milyona saldı, yenə imtina etdim. Bir neçə gündən sonra Mövlam Şıxəliyev təkrar məni qəbul edərək 2 milyonu verməyimi tələb etdi. Dedi ki, əgər verməsəm, başıma torba salıb aşağıdakı “maskalılar”ın yanına göndərəcəklər”.

M.Şıxəliyev bu epizod üzrə bildirib ki, Nizami Kazımov İstintaq Baş idarəsində “Texnika Bank” ASC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs olub: “Onunla heç bir münasibətim, əlaqəm, düşmənçiliyim və ya ədavətim olmayıb. Onu və qardaşı Arzu Kazımovu qəbul etdiyimi xatırlamıram”.

M.Şıxəliyev V.Ələkbərovla birgə MTN-ə gətirib hədə-qorxu gələrək külli miqdarda pul tələb etmələri və almaları barədə bütün ittihamları rədd edib: “Hüseyn Səfərov da bu işlər bağlı dindirilməsi üçün dəvət olunub. Lakin onunla Vüsal Ələkbərov arasında olan söhbətdən xəbərim yoxdur.

Namil Rzayevi 1993-cü ildə Qaradağ rayon polis idarəsinin rəis müavini Eldar Rzayevin yanına gedib gələrkən onun qohumu kimi tanımışam. Həm də 1997-ci ildən yaşadığım evin həyətində Namilin ofisi olub. Onunla hərdənbir həyətdə görüşmüşük, adi tanışlıq münasibətimiz olub. Aramızda düşmənçilik və ya ədavət olmayıb. Namil Rzayev mənə hər hansı məbləğdə pul verməyib. Yalnız bankda batan pulunun qaytarılmasına köməklik göstərməyi xahiş etmişdi. Mən də Namilə bunu məhkəmə qaydasında həll edə biləcəyini izah etdim. Ondan pul almaqla bağlı heç bir danışığımız olmayıb.

Vüsal Ələkbərovun Bahəddin Soltanovdan 500 min manat tələb etməsindən xəbərim olmayıb. “Texnika Bank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovu tanımıram. Təhsin Ağayev və Vüsal Ələkbərovun hədə-qorxu gələrək ondan 600 min manat almaqlarından məlumatım yoxdur.

Akif Qurbanovu qəbul etməyimi, onun ölkədən çıxışına 1 il ərzində qadağa qoyulması barədə göstəriş verməyimi xatırlamıram. Onunla Vüsal Ələkbərov arasında nə söhbət oduğunu bilmirəm”.
Qeyd edək ki, M.Şıxəliyev hazırda ev dustaqlığındadır. (Qafqazinfo)