“Elina Hacıyeva işi”- Məhkəmədə həkimlər nə deyib?

“Elina Hacıyeva işi”

Bakının Səbail Rayon Məhkəməsində 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsindən sonra onun aparıldığı Kliniki Tibbi Mərkəzin həkimləri, məktəb direktorunun katibəsi, məktəbin 8 və 9-cu siniflərində təhsil alan şagirdlər, Təhsil Nazirliyinin nümayəndəsi və həkimlər şahid qismində ifadə veriblər.

Zərərçəkmiş tərəfin vəkilləri iki vəsatət veriblər.

Vəkillər Elina Hacıyeva işində yeganə təqsirləndirilən şəxs Sevinc Abbasovanın ev dustaqlığının həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyiblər.

Digər vəsatətdə isə həkimlərin ifadələrində “tibbi terminologiyanın çətinliyi üzündən yanlış anlaşılmazlığın olmaması və dəqiqliyin təminatı üçün” audio qeydiyyatın aparılmasına imkan yaradılması xahiş edilib.

Hakim Azər Tağıyev vəsatətləri təmin etməyib.

İndiyə qədər keçirilmiş üç məhkəmə prosesində ümumilikdə 41 şahid dindirilib.

Zərərçəkmiş tərəfin vəkilləri Elina Hacıyeva işində “həkim məsuliyyətilə bağlı heç bir araşdırma getmədiyini” deyirlər.

Sevinc Abbasova 162

“Yalnız məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işdə məsuliyyətinin olub-olmaması ilə bağlı araşdırma gedir. Yəni bu işin nəticəsi həkim məsuliyyətini müəyyənləşdirməyəcək”, – vəkil Emin İsayev məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib.

Məktəblilərin ifadəsi dinlənib

Məhkəmədə şahid qismində Elina Hacıyevanın məktəb yoldaşları dindirilib. Onlar deyiblər ki, “Elina sakit, mehriban olduğundan və digərlərindən fərqləndiyindən məktəblilər onunla kobud davranıblar”.

Şagirdlərdən bir nəfər deyib ki, Elina özünü 3-cü mərtəbədən atıb: “İkinci mərtəbədə idim. Birdən yuxarıdan nəsə düşdüyünü gördüm. Əvvəlcə elə bildim kurtkadır (gödəkçə), sonradan baxdım ki, qızdır”.

Məktəbli deyir ki, Elinanı qucaqlarına alıb gətirirbər içəri, bu dəfə kimsə onlara qızı direktorun otağına aparmağı tapşırıb.

Məktəbin katibəsi: “Təcili yardım çağırmaq mənim səlahiyyətimdə deyildi”

162 saylı məktəbdə katibə işləyən hadisə şahidi Nigar Məmmədova deyir ki, o, hadisədən xəbər tutan kimi təcili yardım çağırmaq ağlına gəlsə də, bunun onun səlahiyyətlərinə aid olmadığını düşünüb.

Hadisə günü yalnız saat 12-yə işləmiş kiminsə ona “təcili yardıma zəng et” deməsindən sonra, o, Təcili Tibbi Yardıma (TTY) zəng edib. Nigar Məmmədova TTY-ə yalnız zəng edib, nə baş verdiyini isə Sevinc Abbasova deyib və həkim çağırıb.

Nigar Məmmədova Sevinc Abbasovanın TTY çağırarkən 103 xidmətinə nə dediyini əvvəlcə xatırlamadığını, daha sonra isə dəqiq eşitmədiyini bildirib.

“Hadisə zamanı direktorun otağına 3-4 dəfə girib-çıxdım, bu qısa giriş-çıxışlar zamanı isə məktəb direktorunun bircə dəfə telefonla danışdığını gördüm. Kiminlə danışdığını bilmədim”, – Nigar Məmmədova deyib.

Hadisə yerinə gələn polislər katibə Nigar Məmmədovadan ifadə almayıblar, o, məhkəmədə belə deyib.

Sevinc Abbasova hadisədən sonra (hadisənin 09:38-də baş verdiyi bildirilir) 10:50 radələrində məsələ ilə bağlı polisə xəbər verib.

Elina Hacıyeva, anım mərasimi

Xəstəxanada

Daha sonra iş üzrə ifadə vermiş 19 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Vaqif Mursaqulov qeyd edib ki, onlar çağrılan kimi hadisə yerinə gediblər və məktəblini xəstəxanaya çatdırıblar.

Elina Hacıyeva işində şahid qismində dindirilən Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov ifadəsində bildirib ki, xəstəxanaya gətirilərkən Elinanı o müayinə edib və azyaşlı rentgen, USM və Komputer Tomoqrafiyasından keçirilib.

İşdə şahid kimi iştirak edən həkimlərin hamısı bildirib ki, Elinaya ilk olaraq, şok əleyhinə vasitələr tətbiq olunub və ona “sistem qoşulub”.

Amma həkimlər Elina Hacıyevaya təcili cərrahi müdaxiləni zəruri edən problem aşkar etməyiblər, Əkrəm Covdarov ifadəsində deyib.

Ölüm səbəbləri…

Elina Hacıyevaya ilkin diaqnoz kimi kəllə-beyin, döş qəfəsinin küt travmaları, çanaq sümüklərinin sınığı qoyulub.

İstintaq materiallarında Elina Hacıyevanın ölməsinə 7-8 səbəb göstərilib. Bu səbəblər arasında ağciyər zədələnməsi, kəskin tənəffüs çatışmazlığı, çanaq sümüyündə qırıqlar, travmatik şok var.

Ekspertiza rəyi təcili tibbi yardımın gec gəlməsini Elina Hacıyevanın “ölümünə birbaşa təsir kimi” qiymətləndirib.

Həkimlər öz ifadələrində qeyd ediblər ki, Elina Hacıyevaya “təcili yardımın hadisədən 86 dəqiqə sonra çağrılması onun ən çox travmatik şokunu ağırlaşdırıb, ölümünə səbəb olacaq heç bir rolu olmayıb”.

Zərərçəkmiş tərəfin vəkili Emin İsayev bildirib ki, “növbəti məhkəmə iclasında vəkillər Elina Hacıyeva işində ekspertiza qərarı vermiş həkimlərin dindirilməsinin təmin edilməsini məhkəmədən tələb edəcəklər”, vəkil bunun jurnalistlərər açıqlamasında deyib.

Vəkillər deyir ki, Elina Hacıyeva işində həkim ekspertizasına inamsızlıqlarının bir səbəbi də ekspertizada iştirak etmiş həkimlərin eyni xəstəxananın personalı olmasıdır.

“Bu işdə həkim səhvinin olub-olmamasının aydınlaşdırılması üçün ən azı müstəqil ekspert rəyi olmasa, sözügedən həkimlər yenə eyni rəyi verəcəklər”, – zərərçəkmiş tərəfin digər vəkili Sevinc Əliyeva jurnalistlərə açıqlama verərkən deyib.

Təhsil Nazirliyinin rəsmisi: “Hadisənin ağırlığı nəzərə alınaraq, birinci həkimə, sonra bizə zəng vurulmalı idi”

Təhsil Naziriliyinin nümayəndəsi, iş üzrə şahid qismində dindirilən Bakı Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun baş məsləhətçisi Sərxan Rzayev məktəb direktoruna “müvafiq qurumlara məlumat verməsini” tapşırıb.

Sərxan Rzayev məhkəmədə bildirib ki, ümumtəhsil məktəblərinin nizamnaməsində və təhsil işçisinin öhdəliklərində, o cümlədən məktəb direktorunun əmək müqaviləsində də göstərildiyi kimi, məktəb direktoru “birbaşa məsul şəxs olduğuna görə, aididyyatı qurumlara birbaşa məlumat verməlidir”.

“Hadisənin ağırlığı nəzərə alınaraq, birinci həkimə, sonra bizə zəng vurulmalı idi”, o deyib.

Qurum rəsmisi, həmçinin Sevinc Abbasovadan “vəziyyətlə bağlı onu mütəmadi məlumatlandırmasını” istəyib.

“15-20 dəqiqə sonra yenə zəng etdi, bu dəfə polislərin gəldiyini bildirdi və ikinci danışığımızda ona konkret olaraq TTY-yə zəng etməsini tapşırdım”.

Qurum rəsmisi deyir ki, Təhsil Nazirliyinə Elina Hacıyevaya “zəhərlənmə və çanaq sümüyünün xəsarəti diaqnozunun” qoyulduğu deyilib.

Ötən məhkəmə prosesində iş üzrə təqsirləndirilən məktəb direktoru Sevinc Abbasova ifadə verib.

O, Cinayət Məcəlləsinin “təhlükədə qoyma və səhlənkarlıq”, “zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddələri ilə ittiham olunur.

Bu prosesdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şahid qismində məhkəmədə çıxış edib.

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin “özünü intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı “məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət” etdiklərini deyib.

Sevinc Abbasova BBC News Azərbaycancaya açıqlamasında özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmədiyini söyləyib.

COMMENTS