Elmar Vəliyevə görə güllələnən polis “Gununsesi”nə danışdı - GÜLLƏ GÖZÜMÜ CİDDİ ZƏDƏLƏYİB

  • By admin
  • 16 Oktyabr 2018 09:06

“Daxili orqanlarımdakı fəsadlar aradan qalxdı. Ciddi müalicə dövrü keçdim. Sağlığımda əsas problem sol gözümün görmə qabiliyyətinin ciddi itməsidir. Bunun üçün isə həkimlər əməliyyatın tez olduğunu deyir. Ümumilikdə durumum yaxşıdır”.

Bu sözləri Gununsesi.org-a eksklüziv açıqlamasında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı təşkil olunan sui-qəsd cinayətində ağır yaralanan polis əməkdaşı Qasım Aşbazov söyləyib.

Saytımıza açıqlamasında Qasım Aşbazov gözünün müalicəsi üçün bu günlərdə Rusiya paytaxtı Moskvada olduğunu deyib: “Üç gün əvvəl Moskvada məhşur akademik Federov adına institutda müayinə olundum. Sol gözümdə görmə qabiliyyəti çox azdır. Çünki, güllə gözümü ciddi zədələyib. Həkimlər bildirdi ki, pessimist olmağa dəyməz. Bir neçə ay sonra əməliyyat olacağam.  Ümid edirəm ki, hər  şey yaxşı olacaq”. 

“Gununsesi” xatırladır ki, icra başçısına silahlı hücum zamanı  Qasım Aşbazov həyatını riskə ataraq, özünü güllənin qabağına verib. Üç güllə yarası alan qəhrəman polis Elmar Vəliyevin həyatda qalmasına vəsilə ola bilib.

Gununsesi.org