Ermənistan 5 rayonu qaytaracaq-BİR ŞƏRTLƏ

  • By admin
  • 22 May 2016 14:55

hikmet-hacizade-yeni

Hikmət Hacızadə: «Rusiyanın başlıca amalı Azərbaycanı da Ermənistan kimi özünə bağlamaqdır»

Avrasiya Ittifaqının hökumətlərarası məsləhət şurasının Ermənistanda keçirilən iclasında Medvedevlə Sərkisyanın ayrıca görüşü baş tutub. Görüşdə xüsusi diqqət Qarabağ probleminin həllinə yönəlib.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti Ilham Əliyevlə görüşünüzü alqışlayırıq”.

Bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O qeyd edib ki, Qarabağda əldə edilən razılığı qorumaq vacibdir. “Biz indi sizinlə bu məsələ ilə bağlı olan hər şeyi müzakirə edəcəyik. Vyana görüşü zamanı Minks qrupunun həmsədrlərinin səyləri nəticəsində dialoqun saxlanılması, 1994-95-ci illərdə əldə olunan atəşkəsə riayət olunması barədə məsələlər müzakirə edilib.

Görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Regionda sülh və sabitliyin qorunması üçün biz əlimizdən gələni edəcəyik”, deyə Medvedev bildirib.

Sərkisyan da Vyana görüşündə mühüm qərarların qəbul olunduğunu deyib. “Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin qəbul etdikləri qərarlar yerinə yetiriləcək”.

Cərəyan edən proseslər maraq doğurur. Belə ki, aprel savaşı zamanı Medvedev bölgəyə səfəri zamanı vurğulamışdı ki, hərbi əməliyyatlardansa, problemin dondurulmuş vəziyyətdə qalması daha yaxşıdır.

Hazırda isə Rusiya problemin həlli istiqamətində ciddi addımlar atır, təşəbbüslərlə çıxış edr. Rusiyanın bu fəallığının arxasında nə dayanır? Bu istiqamətdə aparılan danışıqlar Azərbaycana nə vəd edir?

Politoloq Hikmət Hacızadə bildirdi ki, Rusiyanın Qarabağ danışıqlarında məqsədi heç də səmimi deyil. Kremlin danışıqlar prosesində də müəyyən niyyətlər güddüyünü deyən H.Hacızadə vurğuladı ki, Rusiyanın başlıca amalı Azərbaycanı da Ermənistan kimi özünə bağlamaqdır: “Necə Ermənistan Rusiyaya bağlıdır, Kreml Azərbaycanı da özünə bağlamağa çalışır. Rusiyanın beş rayonu qaytarmasıyla bağlı ortada olan müzakirələr də bununla bağlıdır. Rusiya bu niyyətini bu və ya başqa yollarla açıqlayıb. Birbaşa bəyanat olmasa da, dolayı açıqlamalar bunu deməyə əsas verir. Rusiya açıq bəyan edib ki, Azərbaycan Rusiyanın proyektlərinə aktiv qoşularsa, Ermənistan 5 rayonu qaytaracaq”.