Evlərdəki damazlıq qızlar…- JALƏ MÜTƏLLİMOVA YAZIR

Evlərdəki damazlıq qızlar…

 

Gecənin bir yarısında belə bir zəng gəlir…

-Salam, mən Nüşabəyəm, sizin köhnə məhlədən qonşunuz. Bizim uşaqlar dost idi, yadınıza düşdü?..

Səs o qədər təlaşlı idi ki, düzü tanımadım qadını, amma  oğlunun adını oğlumdan çox eşitmişdim deyə davam elədim.

-Hə, bildim, təxmini, necəsiniz?

-Jalə xanım, pisik, pis. Bilirsiniz dayımın qızını, gül kimi qızı, boğub öldürüblər, sonra da asıblar, guya, intihar edib. Yadınıza düşdü? Bütün ölkə danışdı iki ayın gəlini intihar edib yazdı. İndi dayımgil məzarın açılmasına müvəffəq olub, xahiş edirik bizə dəstək olun…

Gecnin bir aləmi, meyit, ölüm, ekskumasiya, faciə yaşayan ailə, müəmmalı ölüm iddiası, iki-üç ayın gəlinini…Elə bildim qatı bir dumana düşdüm, yolumu azdım. Tutalım razılaşdım, mən o materiallara, iki ay öncə dəfn edilən cənazənin bu günki vəziyyətinə, lap şəkillərinə belə olsa necə baxacam? Mövzuya necə girib, haqq yerini tapana qədər necə dözəcəyəm?!  Düzü nə söz verə bildim, nə də verməyə. Bir az zaman qazanmaq istədim.

-Səbirli olun, ekskumasiya tam baş tutsun, ekspertiza rəyini versin, sonra danışaq. Hətta mən işləyə bilməsəm də sizi yaxşı bir müəlliflə tanış edəcəyimə söz verə bilərəm…

…Xəttin o başında ağlamaq, kövrəlmək…

-O bilirsiniz necə qız idi? Bacarıqlı! Əlindən yaxşılıqdan başqa iş gəlməzdi. Müstəqil, altında şəxsi maşını, üzünün yaraşığı, öz əlinin çörəyini özü qazanan. İndi dayımgil heç cür ovuna bilmir, heç cür.  O ailə qurmaq haqda düşünmürdü. Evdən dedilər bala lazımdır, ailə qur! O da evdəkilərin sözünü yerə salmadı, ailə qurdu. İkicə aydan sonra başına belə bir faciə gəldi.  Faciəli ölümü-“intiharını” bütün ölkə danışdı.

…Bu zəngəcən nəsə edəsi, harasa çıxası idim, xatırlaya bilmədim. Gecənin bir aləmi olsa-olsa məhləyə, hava almağa çıxa bilərdim, o da daha mümkün deyil. Bu söhbətdən sonra, bayırdakı qaranlıqda adamın üzünə toxunan meh də o qızın ruhu kimi gələr adama.

***

Matı-qutu qurumuş halda, yan otaqda  artıq neçənci yuxusunda olduğunu bilmədiyim  iki qızıma baxdım diqqətlə. İçəridən gələn etirazına diksindim özüm: Olmaz ee, olmaz! Evlərimizdəki qızları kiməsə arvad kimi yetişdirmək olmaz! Onları hər şeydən oncə insan, sonra xanım, sonra vətəndaş, sonra savadlı bir kadr və nəhayət ki, qadın kimi yetişdirmək lazımdır. Arvad və qadın ifadələri arasındakı dəhşətli uçurumdan qorumaq lazımdır qız balaları. Onları evlərdə damazlıq kimi saxlamaqdan vaz keçməlidir valideynlər. Onlara ər axtarmaq adətlərini tərgitməlidirlər.

Az öncə  Zaqatalda on yeddi yaşlı qız, otuz iki yaşlı kişiyə erə verilməsinə etraz olaraq özünə qəsd eləmişdi. Niyə bizə yetmir qız balalardan çaldığımız həyatları?! Nə cəmiyyətimizə, nə ailələrimizə dərs olmur baş verənlər.

Min bir əziyyətlə anası bətnində gəzdirir. Sonra dünyay gətirir, böyüdürlər. O da min bir əziyyətlə. Təhsildən öncə ər haqqında düşünürlər on yeddi yaşlı qızların. Adam, insan olmasından öncə, arvad olmasını təklif eləyirlər yeniyetmələrə. Özü könüllü getmirsə, günün birində zorla ərə verilir.əyalətlərin çoxunda qızlar. Onda da gücü kimsəyə çatmır. Ya özünü öldürür, ya da er evində müəmmalı şəkildə “intihar” edir.

Niyə? Heyif deyilmi bu qız balalar? Niyə bizim cəmiyyətdə evlərdəki qız uşaqlarına  damazlıq kimi baxılır.

Oğlan xaricdə oxuya bilər, qız yox…

Oğlan kefi istəyəni eləyər, qız yox…

Oğlan nə vqaxt evlənir evlənsin, qıza ən tez də ən gec sayılır bəzən…

Qız özü sevə də bilməz, eləcə ərə gedər…

Xəlvətcə sevərsə, namussuzluqdur…

Aşkar sevərsə, ayıb….

Yəni elə varıb ərə getsə yaxşıdır. Kim olur olsun, əsas odur ər olsun…

Bir də uşaq dünyaya gətirsin, vəssalam…

Bilirəm, deyəcəksiniz ki, xeyli istisnalar var. Tez evlənib o qədər xoşbəxt olan oğlanlar, qızlar var ki… Düzdür, var,  ancaq qeyd olunduğu kimi, istisnadır. Heç əksəriyyət də deyil.

***

…Bir də özümdən deyim. On yeddi yaşımda ilk elçi gəlmək istəyənlər haqda nənəm atama deyəndə, döndü anasına ki, sənə ağır söz deyərəm, mənə oğul demərsən ömrünün sonun qədər. Çox sərt olmuşdu, bilirəm. Amma sahiblənmək dediyin də elə budur. Sözünü elə sərt deməlisən, qırımından təkrarlanmasının mümkünsüz olduğunu hamı anlasın.

…Və məsələ bu ki, iyirmi yeddi yaşında ailə quranda da atam, gəlin maşının ardıyca baxıb, anamın yanında kövrəlib, “uşağı nahaq verdim” deyirmiş. Yəni, təfəkkür, sahiblənmək duyğusu, təmənnasız alideyn sevgisi, kişili qadınlı hər kəsdə bu cür olmayınca, hələ çoxlu qız balalar ər evində müəmmalı öləcək. Bizlər də hələ çox gecələrdə belə dəhşətli zənglər alacağıq. Hələ çox nakam ömürlərin tarixçəsini, səhifə yarımlıq vərəqə yerləşdirib bitirəndə, şükür bir az rahatladım deyib canımızı qurtarmış olacağıq…

…Amma və əsla cəmiyyət olaraq baş verənlərə dərsdir deyib, olmazlarımızı beynimizə həkk etmək barədə düşünməyəcəyik, talehdir, alın yazısıdır deyəcəyik, əsla bizim səhfimizdir etirazında bulunmayacağıq.

Jalə Mütəllimova

COMMENTS