Fərdi evlərdə yaşayan məcburi köçkünlər həmin evlərdən çıxarılacaq- RÖVŞƏN RZAYEV

Fərdi evlərdə yaşayan məcburi köçkünlər həmin evlərdən çıxarılacaq

“Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”. 

Gununsesi.org-un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür: “Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüf ki, yenə də bu kateqoriyadan olan ailələr var”.

Komitə sədri həmçinin bildirib ki, Milli Şuranın keçirdiyi piketdə evsiz olduğu ilə bağlı videomüsahibə verən məcburi köçkünün yalan danışdığı məlum olub:

“Ona və ailə üzvlərinə ev verilib”.

Komitə sədri deyib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədidə yaşayır:

“Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq mən deyə bilmərəm ki, orda binalar tikməyə nə zaman başlayacağıq. Hazırda Lənkəranda 45 ailəlik bina tikilir. Füzuli rayonunda işğaldan azad olunmuş kənddə fərdi evlər tikilir. Hazırda Cocuq Mərcanlıda hər 150 evə bir əlavə tikili inşa olunur”.

Rövşən Rzayev onuda vurğulayıb ki, yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır.

Onun sözlərinə görə, bu hadisələr hansısa ehtiyatsızlıqdan baş verir:

“Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar”.

O həmçinin qeyd edib ki, yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.

Rövşən Rzayev bildirib ki, Bakı şəhərində yataqxanalardakı elektrik naqillərinin vəziyyəti öyrənilib.

Onun sözlərinə görə,  Baş nazirin müavini Əli Əhmədovun tapşırığı ilə komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb:

“Onların təmiri ilə bağlı lazım olan vəsait aydınlaşdırılıb və komissiyanın rəyi hazırda Nazirlər Kabinetinə təqdim olunub”.

Dövlət Komitəsinin sədri onuda vurğulayıb ki, fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətdədir və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq.

Onun sözlərinə görə, komitə bu istiqamətdə fəaliyyət göstərir:

“Öncəlik bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin etməyə yönəlib. Lakin fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq. Belə ailələr az deyil, yetərincədir. Çoxluq isə Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır”.

COMMENTS