“Facebook”da nə baş verib? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 14 Mart 2019 10:16

Dünən axşam saatlarından etibarən “Facebook” sosial şəbəkəsində istifadəçilər üçün ciddi problemlər yaranıb.

Belə ki, şəbəkə üzvləri hesablarına daxil ola bilməməklə yanaşı həm də status və foto paylaşa bilməyib.

Azərbaycandan olan istifadəçilər isə bunu öz hesablarına müdaxilə kimi dəyərləndirib. Ancaq məlum olub ki, problem qlobal xarakter daşıyır.

Gununsesi.org bildirir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın işində yaranan genişmiqyaslı pozuntuya “DDoS” hücumu (kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum – red.) səbəb olmayıb.

Bu barədə şirkət nümayəndələri “Twitter”də açıqlama yayıb.

Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır. Analoji ismarıc “Instagram”ın rəsmi “Twitter” səhifəsində də yayılıb.

“Downdetector” xidmətinin yaydığı informasiyaya görə, “Facebook”, “WhatsApp” və “Instagram”ın işində yaranan pozuntu ilə bağlı şikayətlərin sayı son bir neçə saat ərzində əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edək ki, kütləvi pozuntular sosial şəbəkələrin Azərbaycan seqmentində də müşahidə olunub. “Facebook”da pozuntunun pik vaxtı Bakı vaxtı ilə 19:56-da, “Instagram”da isə 19:00-da qeydə alınıb.